12:44 pm - Çərşənbə axşamı May 23, 2017

Müasir dövrdə yas və toy mərasimləri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmək üçündür.

Azərbaycan xalqının adət və ənənələri milli mentaliteti formalaşdıran əsas amillərdən hesab olunur. Xalqımızın mədəniyyəti və incəsənəti tarixin bütün dövrlərində milli adət və ənənələrlə bağlı olub, desək yanılmarıq. Keçmişin ən dərin qatlarından üzü bəri şifahi ensiklopedik toplu kimi xalqın yaddaşında formalaşan, süzülüb cilananan mədəni irsimizin inciləri məhz hafizələrdə qorunub saxlanılaraq və nəsillərdən nəsillərə ötürürülərək çağdaş dövrümüzə qədər gəlib çatıb. Eyni zamanda, dini-mənəvi dəyərlərimiz də məhz adət və ənənələrin şifahi yaddasında özünə əbədi yaşam qazanıb. Azərbaycanda bir əsr içində bir neçə dəfə siyasi rejimin dəyişılməsi dəyərlər toplusuna ciddi təsir edən amillərdəndir. Müstəqilliyin bərpasından sonra da ölkə əsaslı dəyişikliklər mərhələsinə qədəm qoydu. Belə ki, Azərbaycanda siyasi mühit və həyat tərzi dəyişdikcə yeni quruluşun mədəniyyət və incəsənətində ideoloji məhdudiyyətlər də aradan qalxaraq demokratik inkişaf yoluna qədəm qoydu.

Bu konteksdə insani münasibətlərin əsasını təşkil edən adət və ənənələrdə modernləşmə prosesinin başlanması da məhz tarixi zərurətdən irəli gəlirdi. Bu prosesin isə həm müsbət, həm də mənfi cəhətləri var idi. Müsbət tərəfləri o idi ki, mənəvi dəyərlər üzərində, insanların dini inanclarına qarşı onillər boyu olan basqı aradan qalxdı, ideoloji baxışlara görə adamların təqib olunmasına son qoyuldu, Azərbaycanın dünya ölkələrinə inteqrasiya prosesi sürətləndi. Amma eyni zamanda, Azərbaycanın dünya ölkələri ilə sərbəst mədəni əlaqələri genişləndikcə mənəviyyatımıza xarici mədəniyyətlərin təsiri də qaçılmaz oldu.

Şübhəsiz ki, xarici dövlətlərin ölkəmizə mədəniyyət və incəsənət vasitəsi ilə güclü təsir göstərməsi xalqımızın milli mənsubiyyətində yad estetik , əxlaq keyfiyyətlərinin formalaşmasına gətirib çıxardı. Bu, daha çox gənclərin davranışında, milli-ənənəvi xüsusiyyətlərin sıxışdırılmasında, özgələşmə, milli adət -ənənələrdən uzaqlaşma proseslərində özünü göstərməyə başladı. Bir çox milli adətlərimiz ciddi dəyişikliyə məruz qaldı.

Azərbaycanda əsrlər boyu formalaşmış adət-ənənələr arasında toy və yas mərasimləri mühüm yer tutur. Insanların həyatında önəmli yerə malik hər iki mərasim ənənələri təssüf ki, öz ilkin sadəliyini və milli soy-kokə söykənən dəyərli xüsusiyyətlərini itirməkdədir. Azərbaycanın bəzi bölgələrində milli toy ənənələri qorunub saxlansa da, paytaxt toyları barədə bunu demək düz olmazdı. Amma təəssüf ki, mərasimlərdəki yeni ” orijinal” adətlər artıq regionlara da öz təsirini göstərməyə başlayıb. Halbuki hər bölgənin özəl toy adətləri şənliklərə canlı rəng qatar, unudulmaz məqamları ilə yeni ailə quranların və qonaqların zövqünü oxşardı. Qərb bölgəsində aşıq toyları 3gün 3 gecə davam edər, bütün yaşda olanlar üçün əsil əyləncə və konül xoşluğuna səbəb olardı. Müxtəlif xalq oyunları bu mərasimlərə özgə bir təravət qatar, hər toyun özəl məqamları onu yaddaqalan edərdi. Qarabağ və Bakı toylarında adətən muğamat dinləməyi sevər, arada dəliqanlı cavanlar qol götürüb oynardılar. Qiz toylarında kişilərin iştirakına icazə verilməzdi. Bu isə qız-gəlinin sərbəstliyi, ürəkdən əylənmələri üçün şərait yaradardı.

Toy və yas ənənələri hər zaman fərqli cəhətləri ilə seçilsə də, təəssüf ki, çağdaş dövrümüzdə bu mərasimləri eyniləşdirən bir məqam var-israfçılıq. Halbuki nemətləri israf etmək dinimiz olan İslamda da bəyənilmir . Müqəddəs kitabımız olan Qurani-Kərimdə də deyilir ki, ey Adəm övladları, yeyin, için, amma israf etməyin. Çünki Allah israf edənləri sevməz. İslamda bir şəxsin normal yaşaması üçün israf və xəsislikdən uzaq etdiyi bütün xərcləmələr məqbul sayılır. Bu bir daha sübut edir ki, ehtiyacları zərurətlər təyin edir. İslam qayda-qanunlarına əməl edərək israf və simiclikdən uzaq cəmiyyətlərdə hər şey ilk növbədə ehtiyacların ödənilməsinə yönəlir. İnkişaf etmiş müasir ölkələrin əksəriyyətində isə istehsal istehlaka istıqamət verir. İstehsal çox olduğundan insanlar daha çox məhsul istehlak etməyə məcbur olurlar. Beləcə ehtiyac istehsalın arxasınca qaçmalı olur.

Bəli, aqillər demişkən, qənaətcillik insanın dostu, israfçılıq isə düşmənidir. Son zamanlarda bütün dünyada intiharların sayının sürətlə artmasında bu amilin də rolu az deyil. Adamlar özləri də fərqinə varmadan borclanır, ödəməyə gücləri çatmayanda isə xilas yolunu intiharda görürlər. Bizdə isə nə qədər qəribə görünsə də, ənənənələrin öz əvvəlki dəyərini itirib xoşagəlməz adətə çevrilməsi və bu adətin asılılıq yaratması səbəbindən insanlar küllü miqdarda börc yükünün altına girirlər. Söhbət hər gün toy və yas mərasimlərində müşahidə etdiyimiz asılılıqdan gedir. Bu məsələ hazırda ictimaiyyət arasında və müxtəlif KİV-də geniş müzakirə obyektinə çevrilib. Amma vəziyyət dəyişmir ki, dəyişmir. Bəziləri toya pul salınması kimi xoşagəlməz adətin sovet dövründən “miras” qaldığını düşünür. Əslində bu adətin kökü daha uzaq keçmişdə axtarılmalıdır. Nəzərə almaq lazımdır ki, bu adət vaxtilə xeyirxah məqsədə xidmət edib. El-oba, camaat həmişə oğul evləndirib qız köçürənlərə maddi-mənəvi dəstək verib və bu kömək yeni evlənənlərə toy hədiyyəsi kimi təqdim edilib. Özü də söhbət təkcə puldan getmir. Bu vasitə ilə edilən köməklik sayəsində toy sahiblərinin çiyninə ağır yük düşməyib. Kimin ağlına gələrdi ki, illər keçəcək, gözəl toy adətlərimiz kimlərinsə varlanması üçün bir vasitəyə çevriləcək. Körpə qızlar pul müqabilində gecəyarısınadək ickili adamların qarşısında “mələk” kimi oynadılacaq, məclisdə səs-küydən ağız deyəni qulaq eşitməyəcək, vaxtilə insanların əylənmək və istirahət etmək məkanı kimi gəldikləri yer əsəblərin tarıma çəkildiyi şadlıq saraylarına dönəcək. Bu saraylarda indi milli toy ənənələri yerinə bəy və gəlinə şampan şərabı təqdim edilməsi, (yaxşı haldır ki, indi bəzi yerlərdə şampanı şərbət əvəz edib, amma bu, kütləvi hal almayıb) səs-küylü və zövqsüz musiqilər, adamların nizamsız şəkildə atılıb düşməsi kimi xoşagəlməz qərb adətləri hegemonluq edəcək. Süfrələrdə barmaq qoymağa yer tapılmayacaq, insanların sağlamlığına böyük zərər verən növbənöv yeməklər və spirtli içkilər məclisin “bəzəyinə” çevriləcək. Bu gün bütün valideynlərin böyük arzusu olan övlad toyu daha sevinc deyil, başağrısı gətirir. Utanc gətirən siyahı dəftərləri indi nəmər sandıqları ilə əvəz olunub.

Amma mahiyyətcə nə dəyişıb ki? Dünyanın heç bir məkanında evə gələn qonaqdan yeyib -içdiyinin haqqı tələb olunmur. Qonağa yeyib içdiyindən dəfələrlə artıq məğləbdə haqq ödəmək tələbi isə əsrlər boyu öz qonaqpərvərliyi ilə ad qazanmış bir millət üçün böyük rüsvayçılıq sayılmalıdır. Bəs günahkar kimdir? Şöhrətpərəstlik ucbatından özlərini tələyə salan valideynlərmi?

Qazanmaq üçün müxtəlif hiylələrlə toy sahiblərinə kələk gəlib onların pulunu əllərindən alan şadlıq saraylarının sahiblərimi? Bu biabırçılığı etinasızlıqla seyr edən ictimaiyyətmi? Yoxsa missiyası maarifləndirmək olan və cəmiyyəti arxasınca aparmaq əvəzinə onun quyruğunda sürünən KİV, televiziyalarmı?

Bu vəziyyət hazırda yas məclisləri üçün də xarakterikdir. Hər iki məclisdəki masaların üstü bir-birinə cox bənzəyir desək, yanılmarıq. Sadəcə spirtli içkilər çatışmır. Bir də musiqiçiləri mollalar əvəz edir, vəssalam. Soyuq qəlyanaltılar, məzələr, mövsümə uyğun olan və olmayan meyvələr, növbənöv sərinləşdirici içkilər, meyvə şirələri, isti yeməklər … Toy məclislərində olduğu kimi, burda da süfrədə barmaq qoymağa yer tapılmır. Halbuki yas mərasimlərinin 40 gün arxasında ibrətamiz məna yükü gizlənir. Dünyasını dəyişən adam yaşından asılı olmayaraq yaxın adamları üçün böyük itki sayılır. Tənhalıq ağır dərdə dözmək üçün yaxşı çarə deyil və əzizini itirən insanların bu çətin anda təsəlliyə böyük ehtiyacı olur. 40 gün ərzində yaxınlar- qohumlar bu funksiyanı yerinə yetirmək, ölümün labüd olduğuna inandırmaq məqsədi ilə yas yerinə gəlir və təsəlliverici söhbətlər, hətta ağlamaqla belə onların dərdinə şərik olurlar. Uzaq yerdən başsağlığına gələnlərə təbii ki, yemək süfrəsi açılır, digərlərinə çay ilə halva ehsan edilirdi. Yas yerinə gələnlər hər vasitə ilə çalışırlar ki, ev sahibi əlavə qayğılarla yüklənməsin. İndi isə ölü yiyəsi bilmir başına gələn ağır fələkətin dərdini çəksin, yoxsa ölüsünü dəfn etmək və ya ehsan süfrəsi üçün hardansa borc tapmaq barədə düşünsün.

Gülünc bir arqument insanlara düşdükləri bu bataqlıqdan qurtulmağa əngəl olur, el -oba nə deyər? Bəs bu vəziyyətdən necə çıxış yolu tapmalı? Təbii ki, çıxış yolu həmişə var. Sadəcə istəmək və bu neqativ halla effektiv mübarizə aparmaq lazımdır. Milli mentalitetə xas olan unudulmuş adət-ənələrimiz kimi bu mərasimlər də öz əvvəlki sadəliyinə , xəlqiliyinə qayıtmalı, bərpa olunmalıdır. Bu məsələdə mətbuatın, xüsusilə daha geniş auditoriya malik televiziyanın üzərinə böyük məsuliyyət düşür. Nəzərə alsaq ki, məsələ göründüyü qədər sadə deyil, bu halda problemi bir və ya bir neçə ənənəvi verilişlə həll etmək mümkün deyil. Daha dəqiq desək, təkcə mütəxəssislərin bir yerə yığılıb problemi müzakirə etməsi yetərsizdir. Effekt əldə etmək üçün televiziyanın vizual imkanlarından yararlanmaq, həm toy, həm də yas məclisləri ilə bağlı ssenarilərin uyğun şəkildə səhnələşdirilməsi, hansı bölgələrin toy mərasimlərində özəl adətlərin bu günə kimi qorunub saxlanmasını öyrənərək prosesi bütünlüklə lentə köçürmək və reklam çarxı kimi davamlı nümayiş etdirmək, bu məsələnin təbliğini gücləndirmək faydalı olardı. Bu məsələdə müsbət məqam kimi son zamanlar ” xınayaxdı” mərasimlərinin dəbə minməsini qeyd etmək yerinə düşər. Bu prosesi toyun tərkib hissəsi kimi təşkil ermək maraqlı olardı. Amma bu mərasimin də bir qədər sadələşdirilməsinə ehtiyac var. Nahaq yerə demirlər ki, sadəlik gözəllikdir. Həddən artıq dəbdəbə lazımsız məsrəflərə yol açır. Yemək israfçılığından çəkinmək üçünsə Türkiyə variantından istifadə etmək yerinə düşərdi. Masalarda sadə şirniyyat, sərinləşdirici içkilər kifayət edər. İnsanlar toya əylənməyə, istirahət etməyə gedirlər, qarınqululuq etməyə yox. Toy mərasimlərinin açıq havada keçirilməsi ənənəsini də formalaşdırmaq pis olmazdı. Elə yas məclislərində də süfrədə limonlu çay və ehsan halvası qoymaq həm dinimizə, həm də milli-mənəvi dəyərlərimizə uyğundur.

Bir məsələni unutmayaq ki, adət və ənənələrimizin məzmunu bütün dövrlərdə insan amili ilə zənginləşib. Buna görə də onlar milli -əxlaqı dəyərlərin daşıyıcısı kimi həmişə tərbiyə mənbəyi olub. İnsan amilinin daim diqqət mərkəzində olması və təkmilləşdirilməsi, mənəvi tərbiyənin aşılanması müasir dövrdə toy və yas mərasimlərinin əsaslı dərəcədə səmərəli və məzmunlu təşkilinə birbaşa təsir göstərir. Müstəqilliyin bərpasından bu günə qədər dövrü əhatə edən zaman kəsimi göstərdi ki, milli adət və ənənələr çox geniş funksional mahiyyət kəsb edir, insanın fəaliyyəti, həyat tərzinin mühüm tərkib hissəsi kimi bir çox sosial-mədəni amilləri özündə birləşdirir. Bu dəyərlərdən uzaqlaşmaq millətin mənəvi məhvi olardı. Bu istiqamətdə səy göstərmək istəyənlərin nəzərinə çatdırmaq istərdik ki, bizim əlimizdə güclü bir silah var. Bizi soy-kökümüzə bağlayan bu mühüm amil isə qan yaddaşımız, milli genefondumuzdur.

Gəlin özümüzü müasir texnologiyaların əsirinə cevrilməkdən qoruyaq. Yaxınlarımıza daha çox vaxt ayırmağa, əvvəllər olduğu kimi insanların xeyir-şərində daha yaxından iştirak etməyə çalışaq. Axı biz ünsiyyəti sevən millətik, qonaqpərvərliyə, dostluğa, xeyirxahlığa, insana hər zaman dəyər vermişik. Buna görə də milli dəyərlərimizə, adət-ənənələmizə, kimliyimizə, yəni özümüzə sahib çıxaq.

Hüsniyyə Zülfüqarqızı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın