6:02 pm - Çərşənbə axşamı Dekabr 12, 2017

MÜASİR DÖVRDƏ YAS VƏ TOY MƏRASİMLƏRİ

Yazı: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği istiqamətində keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Təqvim dəyişir, əsrlər ötür, nəsillər bir-birini ardıcıl surətdə əvəz edir. Hər yeni gələn nəsil özündən əvvəlki nəslin qurub-yaratdığını dəyişir, daha da təkmilləşdirir. Sürətlə dəyişən zaman axarında yalnız irsilik və ənənəvilik xüsusiyyəti sayəsində adət və ənənələr bütün dövrlərdə öz əhəmiyyətini, təsir gücünü saxlaya bilib. Məsələn, Sovet hakimiyyəti illərində elmi ateizm təbliğatına, inzibati-amirlik tədbirlərinə baxmayaraq xalqımız Məhərrəmlik mərasimini unutmamışdır. Repressiyaların ən ağır dönəmində belə insanlar Məhərrəmlik təziyələrinə getməkdən çəkinməmişlər. Düzdür, inqilabdan əvvəlki kimi “Aşura” matəmlərində kütləvi nümayiş, zəncir vurmaq, baş vurmaq, Qasım otağı bəzəmək, tuğ gəzdirmək və s. kimi adətlər demək olar ki, tədricən aradan qaldırılsa da bugün də məhərrəmlik ayında Azərbaycanın bütün regionlarında xalq arasında elçilik, nişan-toy mərasimi və digər məişət şadlıqları keçirilmir, yas tutulur, ehsan verilir, kütləvi surətdə ziyarətlərə gedilir, “qanvermə” aksiyası keçirilir. Buradan xalqımızın milli-mənəvi və dini dəyərlərə dərindən bağlı olduğu, adət-ənənələrin qarşısını qadağalarla almaq mümkün olmadığı daha aydın görünür. Adət və ənənələrin mühüm xüsusiyyətlərindən biri budur ki, onların davam etdirilməsi və tənzim olunması ictimai rəydən asılıdır.

İctimai rəy olmadan heç bir adət inkişaf edib yayıla bilməz.

Adət və ənənələr özünün ən parlaq ifadəsini mərasimlərdə tapır. Toy, yas və s. mərasimlər böyük emosional təsir gücünə malikdir. Yas mərasimi birlik təcəssümüdür. Yas illərlə barışmağı mümkünsüz hesab edilən küsülülərin ən ağır gündə barışmasına bir vasitə olur. Dəfn mərasimlərində iştirak edən bütün adamlar həmişə dünyanın, yəni bir insan ömrünün əbədi olmadığını etiraf edirlər. Bu etiraflar isə dünyanın “beş gündən” ibarət olması fikri ilə müşayiət olunur. Elmi ədəbiyyatlardan məlumdur ki, qədim Şərqdə 360 gündən ibarət olan ilə 5 gün də əlavə edilmişdir. 13-cü ay sayılan bu beş gün yeyib-içmək, kef çəkmək ayı olmuşdur. İnsanlar bu beş gün içərisində bütün dərdlərini unutmuş, şadxürrəm yaşamağa çalışmışlar. Dünyanın bütün ləzzətini bu beş gündə daddıqlarına görə yerdə qalan 12 ayın əzab və əziyyətlərlə dolu olduğunu söyləmişlər. Şərqin görkəmli filosofu Əl Biruni də həmin təqvim haqqında hələ XI əsrdə geniş məlumat vermişdir. Onun fikrincə, bu təqvimə görə beşgünlük ay ilin sonuna düşmüşdür. Zərdüşt dininə etiqad edənlər bu ayı xüsusi dini bayram kimi qeyd etmişlər. Onlar beş günlük ayı ölənlərin ruhuna ehtiram, hörmət ayı hesab etmişlər. Ölülərin xatirəsini əziz tutmaq ta qədimdən qələn adətdir. Elə ona görə də el arasında ölənlərin ruhuna and içirlər: “Atamın goru haqqı”, “ölənlərimizin canı üçün”.

Günəşə bir də ölümə dik baxmaq olmur…Yandırır, yaxır….lakin ölüm haqdır.

Bu dünyada hər bir kəsi düşündürən, üşəndirən məsələ yoxluğundan sonra necə urvatlanmasıdır. Adətən insanı elə ölən gün, Günəş batmadan torpağa tapşırırlar. İnsan gecə vaxtı öldüyü təqdirdə üstünü ağ örtüklə örtər, ağzını bağlayırlar ki, canından çıxan mənfi enerji ətrafdakılara ziyan vurmasın.

Evdəki bütün güzgülərin üzərinə ağ örtük çəkirlər ki, qara qüvvələr orada məskunlaşmasın. Dəfnlə bağlı ev sahibinə ən yaxın qonşuları, qohumları kömək edirlər. Vaxt itirmədən hərə bir tapşırığın icrası ilə məşğul olur: qəbiristanlıqda yerin ayrılması, qazılması, cənazənin yuduzdurulması, kəfənin və s. zəruri olan şeylərin, ehsan üçün süfrəyə lazım olan ərzaqın alınması, cənazənin axirətə yola salınması üçün gərək olan tabutun və s. gətizdirilməsi, başsağlığına gələnlərin qarşılanması və yola salınması məsələləri həll olunur. Bu müddət ərzində qadınlar ölünü ağlayırlar. Mərhuma yaxın olanlar adətən otaqda, yerdən salınmış mütəkkələrin üstündə bardaş qurub oturur, ayaqları üzərinə mələfələr sərilir. Nisbətən uzaq münasibətdə olan qadınlar isə stuldan otururlar. Ailə üzvləri dil deyib ağlayırlar. Sonra kişilər gəlib mərhumu yuyat yerinə aparır.

Cənazə yuyulandan sonra tabuta qoyulub həyətin ortasına, ətrafa toplaşan adamlar arasına çıxarılır. Kişi molla Quranın müvafiq surələrini oxuyur.

Tabutu üç dəfə qaldırıb salırlar. Mərhuma hallalıq istənilir. Günahlarının bağışlanılmasını diləyirlər. Sonra kişilər tabutu köməkli götürüb qəbiristanlığa yollanırlar. Qəbirə qoyulan ölünün başı qibləyə tərəf qoyulur, üzərinə torpaq səpilir, su çilənir, beton qarışığı ilə örtülür. Kişilər evə dönürlər. O vaxtadək ehsan süfrəsi hazır olur. Stola halva, limonlu çay, marmelad, xurma, ləpə qoyulur. Öncə kişilər bir oturur, sonra ağlaşmadan çıxan qadınlar əl-üzlərini gülabla yuyub süfrə başına əyləşirlər. Su təmizlik, sakitlik, təravətlik simvolu hesab edilir. İnanca görə qızıl gülün suyu həm də mərhumun cənnətə düşməsinə kömək məqsədi daşıyır. 3 gün ərzində gecələr ölünün yuyat yerində lampa yandırılır. İnanca görə bu qara qüvvələri ölüdən və evdən uzaqlaşdırır.

Mərhumun 3-ü, 7-si keçirilir. Süfrəyə müxtəlif yeməklər, salatlar, turşular, meyvə çeşidləri, şirniyyatlar verilir. Orta Asiyada da şirniyyatın ehsan kimi verilməsi dünya həyatını bitirmiş müsəlmanın axirət dünyasını şirinləşdirən simvol kimi qəbul edilir. 3 gündən sonra mərhuma məxsus paltarlar yuyulub yığılır və başqa ehtiyacı olan adamlara verilir. Hər həftənin “cümə axşamı” və ya “adına günləri” mərhumun yaxınları bir araya gəlir. Hadisədən nisbətən gec xəbər tutan şəxslər də başsağlığı verməyə gəlirlər. Adətən mərhumun 40-na kimi ailə üzvləri başdaşı düzəltdirirlər. Qəbir üstündə başdaşının qoyulması bir ənənə olaraq daş dövründən yaranıb. İnanca görə ölən şəxsin ruhu məhz onun şərəfinə tikilən qəbir daşına köçür. Daş əbədi olduğu üçün müqəddəs hesab edilmiş və hətta dəfn zamanı qəbirlərə qara çay daşları qoyulurmuş. Sal daş üzərində mərhumun sağlığında məşğul olduğu peşəsi və sənət sahəsilə əlaqədar təsvirlər çəkilirdi. Yazı meydana çıxandan sonra başdaşı üzərinə mərhumun adı, soyadı, doğum və ölüm tarixi, bir xeyli vaxtdan sonra isə daş üzərinə dünyasını dəyişənin rəsminin həkk olunması anənə halını aldı. Hər il Novruz bayramı başlamazdan əvvəl ölülər yad olunur. Qədim adətə görə Novruzun üçüncü həftəsində el arasında “qara bayram” adlanan gündə qəbir üstünə xonça aparırlar, səməni qoyurlar, lopa yandırırlar, evdə süfrə açılır, mərhumun adına qazan asılır, yemək bişirilir. 40-a və ilə adamlar dəvət olunur. Yenə dil deyib ağlatmağı bacaran molla yas mərasimini aparır. Ehsan verilir. Ehsan dirilərin ölənə olan ehtiramının ifadəsidir və buna görə hər şeyin yüksək səviyyədə təşkil olunmasına can atırlar.

Məhəmməd peyğəmbər ( əleysalam) Cəfər bin Əbu Talibin ölümü ilə bağlı demişdir:

“Cəfərin ailəsi üçün yeməyə nə isə hazırlayın, onlar indi o hayda deyillər.”

Peyğəmbər mərhumun ailə üzvlərini yedizdirməyə çağırmışdır. Şəriət bütün tədbirlərin minimal xərclə, israfçılığa yol vermədən keçirilməsini tələb edir.

Mərasimlərin keçirilməsi ev sahibi üçün yük- öhdəlik olmamalıdır. Xüsusən buna görə borca girmək, vərəsələrin vəsaiti hesabına və i.a. keçirilməsi pislənilir..

Müasir dövrdə dəfn mərasimləri bəzi dəyişikliklərə uğramış və modifikasiya olunmuşdur. Lap qədim zamanlardan yas mərasimlərində xüsusi ağılar, hər bir ölən şəxsin özünün fərdi keyfiyyətlərinə uyğun bayatılar deyilirdi. Ağlaşmada səs-səsə vermək, ağlayanda üz cırmaq, saç yolmaq adət idi. Artıq 60-cı illərdən ağlaşmada özünə sitəm etmək adəti aradan çıxdı. 80-ci illərədək ölünü son mənzilə klarnetin, orkestrin müşayəti ilə yola salırdılar. Yasa mütləq qara matəm libasında gəlmək, il çıxana kimi qara libasda olmaq, kişilərin dəfndən sonra 7 gün, bəzən hətta 40 gün saqqal saxlaması, yası düşmüş adamın başqa toy yerinə getməməsi adət idi. İndi yasa gələnlərin əksəriyəti başını nəinki örtmür, qara geyinməyi rəva bilmir, hətta görkəminə çəki-düzən verir. Elə olur ki, adamlar günorta bir qohumun yasında, axşam isə başqa qohumun toyunda iştirak edir. Hətta elə olub ki, şadlıq sarayında bir zalda yas mərasimi, digər zalda isə toy keçirilib. Xeyirlə şər qardaşdır deyib mərasimlər yola verilir. Bir zamanlar ölənin ailəsinə yardım məqsədilə pul siyahısı tutulurdu. Ehsan süfrəsi olduqca sadə və insanın gücü çatacaq qədər xərc aparırdı. Son illər bu ənənə artıq yox olur. Süfrə lap toydakı kimi dəm-dəstgahlıdır. Halvanı südlə ovur, qovrulmuş qozla bişirirlər. Qəbiristanlar belə panteona bənzəyir: bahalı heykəllər, tunc, mərmər, qranit büstlər, türbə-vari tikililər..Bəzi insanların sağ ikən özlərinə məzar, qəbirüstü abidə hazırlaması halları artır. Bu gün cəmiyyəti narahat edən ən başlıca məsələ istər yasda, istərsə toyda müşahidə edilən məsrəfçilik meyllərinin güclənməsi tendensiyası və onun tənzimlənməsidir.

Əgər biz adət-ənənələrin kök salmasından danışırıqsa qəbul etməliyik ki, yas mərasimlərinin müflisləşdirici xüsusiyyətləri XIX əsrin ikinci yarısından- XX əsrin əvvəlindən başlayaraq meydana gəlib. Bu məsələ tək azərbaycanlıları narahat etmir. Məsələn Orta Asiya ölkələrində toy və yas mərasimlərində israfçılığın qarşısını almaq üçün cərimə cəzaları qanunla müəyyən edilib. Yas və toyların keçirilmə mexanizmi icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Yasda təkcə aş və şirniyyat, tərkibi un, yağ və qənddən ibarət olan halva verilir. Bizdə qadağaların qarşısını almaq mümkünsüz görünür, çünki kimsə geridə qalmış kimi seçilmək istəmir.

Son 20 il ərzində Azərbaycanda uzaq keçmişimizdən qaynaqlanan, regionlar üzrə fərqlənən adət-ənənələrdən köklü şəkildə seçilən yeni bir ənənə formalaşıb.

Onlardan biri Azərbaycan xalqının vətənin azadlığı və toxunulmazlığı uğrunda şəhid olmuş oğlan və qızlarının, harada doğulub böyüməsindən asılı olmayaraq birlikdə kütləvi surətdə son mənzilə yola salma mərasimidir. Bu milli-mənəvi dəyərləri özündə əks etdirən, Azərbaycanın milli bütövlüyünü səciyyələndirən ənənədir. Müasirlik arxaik mərasimlərin sıxışdırılmasına və getdikcə məişətdən çıxarılmasına gətirib çıxarsa da əsas odur ki, özək deyilən qırılmaz bir bağ, sönməz məşəlin istiqamətverici işığı vardır ki, onun hərarəti bizləri xeyirdə, şərdə bir arada tuta bilir. Dağıstanın xalq şairi Rəsul Həmzətovun dediyi kimi “Altına tökülən xəzəllərin əvəzinə köhnə ağacda təzə yarpaqlar necə göyərirsə, ənənələr də eləcə dəyişir, yeniləşir və zənginləşir, ancaq təzə yarpaqlara bənzər ənənələr bu və ya digər mədəniyyətin doğma, milli ənənələri olmaqdan qalmır”.

Xalq yaradıcılığının şah əsəri olan toy da bu qəbildəndir. İnsan həyatında mühüm yer tutan, məişətin nisbətən qapalı mühafizəkar sahəsinə aid olan toyun bir sıra əxlaqi və estetik keyfiyyətlərini özündə birləşdirən mərasimləri var. Qız gördü, “hə” aldı, elçilik, nişan, xınayaxdı və toy mərhələsi. Milli Azərbaycan toyları çox rəngarəng növdədir: şəhər toyu, kənd toyu, rayon toyu, kiçik toy, böyük toy, aşıqlı toy, xanəndəli toy. Toy hər adama qismət olmur. Dədə-babadan toy- ailə saflığının, etibarın, sədaqətin rəmzidir. Toyda sağdış, soldış, yengə funksiyasını yerinə yetirənlərin xüsusilə seçilməsi, bəyə tərif deyilməsi, şabaş yığılması, tamadanın aparıcılıq qabiliyyəti köhnə vaxtlarda olduğu kimi önəmlidir. Qız köçürüləndə ona cehiz vermək ən qədim el adətlərindəndir. Toy günü yeni ailənin qapısı ağzında qab sındırılır. Bu dəbin də rəmzi mənası var: təki boşqab sınsın, başqa sınıqlıq olmasın. Oğlan evinə köçərkən qız üçün gətirilən gəlinlik güzgüsünün də mənası var. Güzgü paklıq, təmizlik və səadət rəmzidir. Adətə görə toyda qələbəlik olması şərtdir. Hamı yeni ailənin təməlinin qurulduğunun şahidi olur, çoxdan bir-birini görməyənlər görüşur, el birliyi liə sevincə şərik olur.

Bugün yasda olduğu kimi toy məclisindən də narazılıq var: Dəvətlilərin sayı çoxdur, yeməklər artıqlamasıilədir, mahnılar zövqsüzdür, xarici rəqslər oynayırlar, səs-küy başı yorur, cehizə görə borca düşürlər, restoranda toy bir növ qarətçilik xarakteri daşıyır. Bunlar müasir toylarımızın nüanslarıdır. Nə isə etmək lazımdır! Bəs nə etməli?

Rəvayətə görə Hz.Məhəmməd qızı Fatimənin toyunda sadəcə qoyun kəsdirərək bir xorək hazırlatmış və mərasimə qatılanlardan nigaha şahidlik etmələrini istəmişdir.

Adət və ənənələr gözəl nümunələrdən qaynaqlanır. Hamının hörmətlə səcdə etdiyi şəxsiyyətin sadəlik nümunəsindən sonra kim ayrı şəkildə, dəbdəbəli toy edə bilərdi?

Bugün nə qanunlar, nə ictimai qınaq sadalanan problemləri həll etməyəcək.

Sadəcə böyüklərdən keçən böyük nümunəyə ehtiyac var. O zaman gələnəcən isə dözməliyik. Hələki təsəlli tapaq ki, adət-ənənələri yaşada bilirik. Axı toyda milli rəqslərimiz, el havaları da səslənir. Qadınların, kişilərin əl-ələ tutub birlik, bərabərlik, döyüşkənlik ruhu ilə yoğrulmuş kütləvi “Yallı” rəqsi oynaması kökümüz üstündə bərk durduğumuzun göstəricisidir. Təsəlli tapaq ki, bu beş günlük dünyada hər kəsin ürəyi istədiyi kimi məclis yola verməyə haqqı var.

Bunlar nədir ki, istəsək yoluna qoya bilərik, təki Vətən basılmasın, başımız müsibətlər görməsin!

Hüseynova Səidə Bahadur qızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın