5:50 pm - Çərşənbə axşamı Dekabr 12, 2017

Azərbaycan virtual məkanda

Birinci informasiya inqilabı insanlar arasında informasiya mübadiləsinin əsasını qoyan nitqin yaranması ilə ikinci informasiya inqilabı isə təxminən 5-6 min il bundan əvvəl yazının (piktorqrafiya, heroqlif, semiotika) meydana gəlməsi ilə baş verdi.

XV əsrin sonuna təsadüf edən III informasiya inqlabı 1497-ci ildə, Qutenberq tərəfindən kitab çapı texnologiyasını ixtirası ilə, tarixə düşdü.

Kitab çapından sonra insanlar arasında informasiya kütləviləşdi. Böyük həcmdə məlumatın etibarlı şəkildə saxlanması, geniş coğrafiyada yayılması mümkün oldu.

Elektrikin kəşfi ilə tarixdə dördüncü informasiya inqilabından sonra telefon, teleqraf texnologiyası (1876-cı il), radio-televiziya yarandı. Televiziyanın fəaliyyəti ilə müxtəlif formalı informasiyalar qısa zamanda uzaq məsafəyə ötürüldü.

1969-cu ildə kompyuterləri biri-biri ilə əlaqələndirən şəbəkə ARPANET-in işə salınması ilə tarixdə V informasiya inqilabının əsası qoyuldu. Bu inqilabda fərdi kompyuterlər və mikroprosessorların layihələndirilməsi və istehsalına (1970) təkan verildi.

Kompyuter və internet texnikası informasiyanı yadda saxlamağa, qeyri-məhdud məkanda (coğrafi məkandan virtual məkana keçid) yaymağa və gələcəyə ötürməyə imkan verdi. Beləliklə, informasiya bolluğu yarandı.

Dünyada olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətini yaşından, dinindən, dilindən, irqindən və məkanından asılı olmayan insanlar təşkil edir.

“Sosialbaker.com” saytının son statistik göstəricilərinə əsasən, hazırda ölkəmizdə “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 766 140 nəfərdir. Bu gün ölkə üzrə ev təsərrüfatlarının 53,7 faizinin internetə çıxışı var.

İstifadəçilərin 60,5 faizi isə internetdən hər gün istifadə edir. Azərbaycanda hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı isə 65-ə bərabərdir.

İCTnews saytına istinadən qeyd edək ki, Azərbaycanda (.az) domen zonasında ilin əvvəlində qeydiyyata düşən domenlərin sayı 4500-ü ötmüşdür.

Domenlərin böyük əksəriyyəti (.az) (14296) domeninin payına düşmüşdür.

İnternet istifadəçilərinin hər gün artması informasiya cəmiyyətinin formalaşmasının göstəricisidir. İnformasiya cəmiyyəti isə virtual Azərbaycanı gözlərimiz önündə canlandırır.

Virtual məkanda Azərbaycan vətəndaşının üzərinə bu gün böyük vəzifələr düşür. Azərbaycançılıq ideyalarını layiqincə təmsil etmək, onun milli-mənəvi dəyərlərini qorumaq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq hər bir virtual Azərbaycan vətəndaşının borcudur.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə diqqətinə çatdırılmasında “Vikipediya” ensiklopediyasının rolu böyükdür. 2001-ci ildə “Wikimedia Foundation” QNT tərəfindən yaradılmış ensiklopediya dünyanın ən böyük ensiklopediyasıdır. Azərbaycan dilində yaranan “Vikipediya” 2004-cü ildə www.az Wikipedia.org ünvanı ilə fəaliyyətə başlamışdır.

Bir faktı da nəzərdən qaçırmayaq ki, vikipediyada toplanan məqalələrin sayı 2007-ci ildə 17671 təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 36 minə çatmışdır.

Ölkəmizin beynəlxalq aləmdə təbliği, dünyada Azərbaycan haqqında tam həqiqi və dolğun təsəvvür yaradılmasında “Azərbaycan” portalınin xidmətləri əvəzsizdir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan portal Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir. www.azerbaijan.az milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində məqsədyönlü iş aparır.

2006-cı ildə milli internet ünvanlarının qeydiyyatını tənzimləmək, onları beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə “Azərbaycan internet qurumu” təsis olundu. Qurum çərçivəsində ölkəmizdə fəaliyyət göstərən ünvanların əksəriyyəti “Az Domen” formatında yaradılmağa başladı.

Virtual məkanda Azərbaycan dilinin qorunması da başlıca amillərdəndir. Bununla bağlı ölkə qanunvericiliyində “Azərbaycan Respublikasında Dövlət dili haqqında”(2002) qanun qəbul edilmişdir. Milli Starategiya çərçivəsində Azərbaycan əlifbasının “unicode” saytının Windows XP versiyalarında istifadəsini təmin edən proqram təminatı hazırlanmış, istifadəçilərin istəklərinə uyğun yeni klaviatura düzümü yaradılmışdır. Bundan başqa Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “Simurq” virtual Azərbaycan klaviaturası “yad kompyuterdə”, Azərbaycan hərflərinin sistem klaviatura vasitələrinin olmadığı bir halda, Azərbaycan şriftlərini daxil etməyə imkan verir.

İnternetin qurucusu olan Ser Timoti-Bernersli onu dünyəvi hörümçək toru adlandırmış və demişdi: “Beynəlxlaq şəbəkə bir-biri ilə ünsiyyətdə olan insanların şəbəkəsidir, biz onu təşkil etmişik, ancaq onu daha da yaxşı etməli deyilik, hər kəs bu sahədə öz tövhəsini verməlidir”.

Bu mənada dövlətimiz İKT sahəsinə öz tövhəsini vermişdir. Azərbaycan Cənubi Qafqazda İnformasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003) birinci və yeganə dövlətdir. Ölkə başçısının sərəncam və fərmanları sözügedən sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və davamlı inkişafını müəyyən etmişdir. Milli Strategiyanın məqsədi dövlət idarəçiliyinin bütün sahələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması “E-hökumətin yaradılması”, “bir pəncərə” prinsipi əsasında elektron xidmətlərin yaradılması, “rəqəmsal geriliyin azadılması”, “e-ticarət”, “e-səhiyyə” kimi mütərəqqi fəaliyyət formalarının inikşaf etdirilməsidir.

Virtual Azərbaycanda dövlət sirrinin qorunması, informasiya təhlükəsizliyi də vacib amillərdəndir. “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Elektron sənəd və elektron imza haqqında” qəbul edilmiş qanunlar informasiyanın təhlükəsizliyinə yönəldilmişdir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri Babək Nəbiyev hesab edir ki, bu sahədə ölkəmizdə məqsədyönlü işlər həyata keçirilir: “Kompyuter sistemlərində informasiya təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq təcrübə öyrənilmişdir. Kompyuter CERT- computer emergency response team proqramı kompyuterlərin və şəbəkənin təhlükəsizliyini təmin edir. CERT gov.az qurumu dövlət strukturlarında, AzCert qurumu isə internet şəbəkəsində informasiya təhlükəsizliyinin təminatçısıdır.

Avropa mühitində isə elmin, təhsilin paylanması üçün fəaliyyət göstərən TERENA qurumunun daxilində informasiya təhlükəsizliyini təmin edəcək compyuter emergency response team adlı bir proqram İT-ni reallaşdırır. Daha sonra AzScienceCERT – AMEA-nın İnternet şəbəkəsində (AzcienceNet) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupu bu sahədə çalışır”.

Elektron hökumətin yaradılması üçün dövlətin qanunvericilik bazası təkmilləşdirilib. Milli Strategiya hazırlanıb, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haqqında” və s. qanunlar qəbul olunub. Lakin bunula belə sözügedən sahədə hələ də problemlər var.

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə elektron dövlətin yaranmasında ortaya çıxan problemlərdən biri hökumət qurumlarının informasiya sistemlərinə olan inteqrasiyasındakı problemlərdir.

Bütün dövlət qurumlarının məlumat bazası var. Daxili İşlər Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. Bu təşkilatların məlumat bazalarının inteqrasiyasındakı problemlər onların ayrı-ayrı texnologiyalar üzərində qurulmasıdır.

Xidmətlərin elektron formaya çevrilməsində kadrlar çatışmır. Ölkədə yaxşı kadrlar daha çox bizneslə məşğul olur.

E-hökumətə keçidlə yaranan problemlərdən biri də əhalinin bu sahədə məlumatsızlığıdır. Əhali arasında maarifləndirmə işinə böyük ehtiyac var. Bəzi nazirliklər bir sıra xidmətlərin elektron formaya çevrilməsinə mane olurlar. Başqa sözlə desək, informasiyanı gizlədirlər.

İnformasiya təhlükəsizliyi məsələsinə toxunan Osman Gündüz informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə prezidentin sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdində Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradıldığını bildirdi: – “Qanunverici baza təkmilləşdirilib, qaydalar hazırlansa da, son dövrlərdə baş verənlər göstərdi ki, bu addımlar da yetərli deyil. Biz xakerlər tərəfindən dövlət orqanlarından külli miqdarda sənədlərin oğurlanmasının şahidi olduq. Düşünürük ki, dövlət orqanlarının məktublaşmasında və onların bir-biriləri ilə informasiya mübadiləsində problemlər var. Aidiyyəti orqanlar bu sahədə iş aparırlar”.

Azərbaycanda son dövrlərdə sosial və inernet mediasının yaranması, dövlət qurumlarının internetə inteqrasiyası və s. bu sahənin inkişafına təkan verdi.

İnternetə ələçatımlılıq artdı. Əvvəllər insanlar internetə bir telefon xətti üzərindən daxil olurdusa, hazırda mobil internet, kabel TV üzərində internet, WayMaxs üzərində internetdən istifadə edirlər. Problemlər isə qalmaqdadır. Bu da pravayderlərin müqavilədə nəzərdə tutulan sürəti istifadəçiyə düzgün çatdırması ilə bağlıdır.

Məsələyə münasibət bildirən Osman Gündüzün sözlərinə görə ölkəmizdə internet tarifləri qonşu ölkələrlə müqayisədə bahadır. 10-15 dollara qonşu ölkələrdə 50 meqabit internet almaq olar. Bizdə isə bu məbləğə heç 2 meqabitdə verilmir.

Hazırda internet infrastrukturunun genişlənməsi ilə bağlı dövlətin proqramı hazırlanır. “Evlərə optika adlı” proqram çərçivəsində bütün qəsəbələrə, böyük binalara fibroptik keyfiyyətli internet xətti çəkiləcəkdir.

Elektron hökumətdən danışırıq. Bu sahənin inkişafına kifayət qədər dövlət vəsaiti ayrılır. Lakin problemlər tükənmir ki, tükənmir.

E-hökumətin yaradılması məqsədilə bütün dövlət qurumlarında məlumat bazası yaradılsa da, vətəndaşlar kiçik bir arayışdan ötrü əvvəlki kimi növbələrdə sürünür, günlərlə idarələrin qarşısında vaxt itirir. Fərdi yaşayış evinin tikintisi üçün ailəmizə 1989-cu ildə ayrılmış torpaq sahəsinin sənədlərini qaydaya salmaq üçün müvafiq təşkilatlara müraciətim bu gün də cavabsızdır.

Topladığım sənədlərə gəlincə, bu Milli Arxiv İdarəsindən aldığım sərəncamın sürəti ilə yekunlaşır. Onu da elektron formada deyil, şəxsi müraciətim ilə əldə etmişəm. Elə təmsil etdiyim redaksiyada hər gün istifadə etdiyimiz internet üçün “UlTel” şirkətinə ödədiyimiz 30 manatın müqabilində aldığımız internetin sürəti də qaneedici deyil. Digər problemlə isə bu günlərdə Mirzə Fətəli Axundov adına Kitabxanada qarşılaşdım.

Məlumdur ki, kitabxana 2000-ci ildən başlayaraq, oxuculara eyni zamanda internet və elektron xidmətlər göstərilir. Elə məndə, ənənəvi qaydada kitab sifarişi çox vaxt apardığından, elektron kitab sifarişi verməyə cəhd göstərdim. Amma cəhdlərim boşa çıxdı. Biblioqraf sistemin oxucu biletinin nömrəsini tanımadığını dedi. Çətinliklə də olsa, kitab sifariş verib, eklektron kitabxanaya yaxınlaşdım. Böyük zalın hər tərəfində kompyuterlər qoyulmasına baxmayaraq, onlardan cəmisi 11 dəsti işlək vəziyyətdə idi. Bu dəfə də əlacsız qalıb, növbə gözləməli oldum.

Növbəti problem isə ümumtəhsil məktəblərində yaşanmaqdadır. Ölkəmizdə Təhsilin İnformasiyalaşdırılması üzrə Dövlət proqramı həyata keçirilir. 2009-cu ildə bununla əlaqədar respublikamızda DATA Mərkəz fəaliyyətə başladı, 20 məktəbdə isə “Elektron məktəb” layihəsinə start verildi. O zaman qeyd olundu ki, yaxın vaxtlarda paytaxtın bütün məktəbləri mərkəzləşdirilmiş vahid şəbəkəyə qoşulacaqdır. Hazırda isə proqram çərçivəsində yalnız mərkəzdəki məktəblərin bəziləri “Elektron məktəb” layihəsinə qoşulmuşlar. Digər məktəblər isə “Kür” şirkətinə məxsus kompyuter avadanlıqları ilə təchiz edilmiş, “sürətli internet” şəbəkəsinə qoşulmuşdur. Yerli istehsalın məhsulu olan “Kür” kompyuterləri tezliklə sıradan çıxıb, bir küncə atıldı. İndi müasir sinif otaqlarında səliqəli örtüklə örtülmüş kompyuterlər məktəbin inventarı kimi qorunur.

Daha bir problem isə bəzi məktəb rəhbərlərinin və müavinlərinin İKT bacarıqlarının olmadığından yaranır. Onlar bu üzdən hər hansı bir məlumatı TİMS-də yerləşdirmək üçün Bakı şəhər üzrə Təhsil İdarəsinə şəxsən aparmalı olurlar.

Bütün bu problemlərdən sonra, yalnız onu demək olar ki, ölkəmizdə elektron dövlətin formalaşmasında zamana ehtiyacımız olduğu göz qarşısındadır.

Qeyd: Yazı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır.

Dilşad Xaqaniqızı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın