7:37 pm - Bazar Sentyabr 24, 2017

Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Respublikamızda həyata keçirilən abadlıq və quruculuq işləri Bakının Nizami rayonunda da geniş vüsət almışdır. Rayonda bir sıra dövlət əhəmiyyətli binalar, təhsil, mədəniyyət ocaqları əsaslı təmir olunur, səhiyyə müəssisələri yenidən qurulur, müasir standartlara uyğun avadanlıqlarla təchiz edilir.

Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Əhali arasında isə Nizami rayonu sənayenin müxtəlif sahələrini özündə birləşdirən zavodlar, müəssisələrlə tanınır. Təsadüfi deyildir ki, burada Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “Azərtunelmetrotikinti” SM-in Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü tunel” ASC, “Bakı Diyircəkli Yastıq” ASC və s.

ənaye müəssisələrində onlarla mühəndis, yüzlərlə fəhlə işlə təmin olunub.

Rayonun Çobanzadə küçəsi 2405-ci məhəlləsində əzəmətli bir bina ucaldılıb.

Binanın sakinləri Bakı şəhərindəki çoxmərtəbəli binalarda yaşayan insanlardan fərqlənir. Çünki onlar valideyn himayəsindən məhrum olmuş və internat evlərində böyüyənlərdir. İllər boyu valideynsizliyin acısını qəlbində yaşadan bu gənclərin müstəqil həyata vəsiqə aldıqdan sonra taleyi hər zaman sual altında olub. Axı, onların dərdlərini deyəcək yaxınları, doğmaları yoxdur.

Məhz buna görə də onlar həyatın amansız qanunlarına tabe olmaqda böyük çətinliklərlə üzləşirlər.

Son illərdə ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir çox mühüm tədbirlər görülüb. Dövlət bu istiqamətdə həyata keçirilən layihələrə hər zaman dəstək verib. Bu kateqoriyadan olan uşaqların təhsili və sağlamlığı diqqət mərkəzində saxlanılıb.

Bununla yanaşı valideyn himayəsindən məhrum gənclərin, uşaq evlərindən və internat məktəblərindən ayrılandan sonra həyat şəraitinin yaxşılaşdırılması təqdirəlayiqdir.

Bu prosesdə aidiyyəti orqanlarla yanaşı Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2009-cu ildə Bakının Nizami rayonunda yaşı 18-ə çatan qızlar üçün binanın tikilib istifadəyə verilməsi bu sahədə ilk addım oldu.

Bu ilin sentyabr ayında isə Nizami rayonunda valideyn himayəsindən məhrum olmuş və internat məktəblərinin məzunları üçün yeni binanın istifadəyə verildi.
Milli-mənəvi dəyərlərimizi qoruyan, yaşadan Heydər Əliyev Fondu bu dəfə də ənənəsinə sadiq qaldı.

Bir neçə il bundan öncə valideynsizliyin acısı ilə tərbiyəçilərinə sığınan Elşən Kazımovun, Sadir Tahirovun ağlına da gəlməzdi ki, nə vaxtsa gözəl mənzilləri olacaqdır. Onlar bu xoş günü hər zaman şirin xatirələrlə xatrılayacaqlar. Binanın qırmızı lentini kəsən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyevalarla birgə yeni mənzil almış bu gənclərin qonağı olub, onlarla birlikdə çay süfrəsi arxasında söhbət edib.

Bu layihə isə Nizami rayonunda sağlamlıq imkanları məhdud gənclərə göstərilən xidmətlər çərçivəsində nə birinci, nə də sonuncudur. Rayonda onlarla belə layihələr reallaşırılıb. Əzim Əzimzadə küçəsi1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli “Qayğı” reabilitasiya mərkəzi, E.Süleymanov küçəsi 120a ünvanında yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi bunun bariz nümunəsidir.

“Qayğı” reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunub və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Zambaq” uşaq bağçası binasının bazasında yaradılıb. Reablitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulub. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alacaqlar. Bina içməli su, yanğından mühafizə hovuzları və 56 ədəd nəzarət kamerası ilə təchiz olunub. Mərkəzin ərazisi yaşıllaşdırılıb.

Daun sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi isə bir hektar ərazini əhatə edib. Mərkəz 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Binanın ümumi sahəsi 7300 kvadratmetrdir.

Burada psixologiya, məktəbəqədər hazırlıq, biologiya, zoologiya, kompyuter, loqoped, riyaziyyat, astronomiya və valideyn otaqları, həmçinin heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəklərinin fəaliyyət göstərəcəyi otaqlar, ən müasir avadanlıqlarla təchiz olunmuş kino və teatr zalları, idman zalı, üzgüçülük və müalicə hissələrindən ibarət olan üzgüçülük hovuzu, daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şəraiti olan yeməkxana, onların istirahətinin təşkili üçün uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb.

Nizami Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə 2013-cü ilin ötən dövründə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 308,2 milyon manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,8 faiz çoxdur. İstehsal olunmuş məhsulun 35,7 faizi qeyri-dövlət sektorunun payına düşür.

Ötən ilin müvafiq dövrünə nisbətən beton, gips və sement məmulatlarının istehsalı 2 dəfə, zeytun yağı istehsalı 44,9 faiz, kakao yağı istehsalı 46,2 faiz, sərinləşdirici içki istehsalı 7,7 faiz süd məhsullarının istehsalı 2,7 faiz, duz istehsalı 26,7 faiz çox olmuşdur. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, “Neftqaztikinti” tresti, “NJT-2000” firması, “Bakı Yağ Qida Fabriki” MMC, “Körpü-Tunel”ASC, “Azərtunelmetrotikinti” SC-nin DBK zavodu, “Şərab-1” ASC, “Ulduz” fabriki kimi müəssisələrin müstəsna rolu vardır.

Rayonda əhalinin sosial problemlərnin həlli də diqqət mərkəzində olan məsələlərdir. Əhalinin istiliklə təminatının yaxışlaşdırılması istiqamətində rayon istilik təsərrüfatı üzrə ötən dövr ərzində ayrı-ayrı ünvanlarda 840p/m istismara yararsız müxtəlif diametrli boru dəyişdirilmiş, 190 saylı qazanxanada yenidənqurma işləri aparılmış, müasir tipli qazanlar quraşdırılmış və həmin qazanxanalardan qidalanan 14 binanın, 1 məktəbin məhəllədaxili istilik xətləri əsaslı təmir olunmuşdur. 60 və 66¹li qazanxanalarda 4 ədəd qazan bərpa olunmuş, 6 ədəd nasos, 2 ədəd mühərrik, 2 ədəd siyirtmə quraşdırılmış, 33 qazanxanada və 1 istilik məntəqəsində əsaslı, 106 ədəd müxtəlif markalı qazanlarda, 160 ədəd nasoslarda, 18 ədəd istilik mübalilə edici avadanlıqlarda, 1281 ədəd müxtəlif ölçülü siyirtmələrdə təmir-bərpa işləri aparılmışdır. 64 yaşayış binasının aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunmuş, 2 yeni qazanxana tikilmiş, avadanlıqlar quraşdırılmış, həmin qazanxanalardan istilik alacaq binalara mağistral və məhəllədaxili istilik xətləri çəkilmiş, 48 binanın aşağıpaylayıcı xətləri dəyişdirilmiş, hazırda 189 saylı qazanxanada yenidənqurma işlərinə başlanılmışdır.

Elektrik enerjisi təsərrüfatı üzrə rayonun elektrik enerjisini yaxşılaşdırmaq istiqamətində 2 ədəd 630 KV-lıq kompleks transformator məntəqəsi quraşdırılmış, zəif transformatorlar güclüsü ilə əvəzlənmiş, bəzilərində kabel xətləri dəyişdirilmiş, paylayıcı lövhələr yenisi ilə əvəz edilmişdir. Rayonun fasiləsiz elektriklə təminatında yarımstansiyalar yenidən qurulmuş, ehtiyac olan yerlərdə müasir yarımstansiyalar tikilmişdir.

Rayonun içməli su ilə bağlı problemləri də həllini tapmışdır. Həmçinin Nizami rayonunda Kommunal Mənzil Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir.

Görülən işlər sırasında diqqət çəkən istiqamətlərdən biri də təhsil sahəsidir.

Rayonda “Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkşafına dair Dövlət Proqram”ına əsasən bir sıra ümumtəhsil məktəblərində əsaslı təmir işləri aparılmış, əlavə tədris korpusları inşa edilmişdir. 145 nömrəli məktəbdə yeni tədris korpusunun (50 sinif otağı) tikintisi, 251 nömrəli orta məktəbin, 103 və 175 nömrəli körpələr evi-uşaq bağçalarının təmiri bunun bariz nümunəsidir.

175 nömrəli uşaq bağçasında əlavə 6 qrup otağının tikintisi davam etdirilmişdir. 172 və 190 nömrəli körpələr evi uşaq bağçalarının isə əsaslı təmirdən sonra bu, il açılışı olmuşdur.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun təhsil müəssisələrinə göstərdiyi diqqət və qayğıdan söz açan 172 nömrəli körpələr evi uşaq bağçasının müdiri Mahirə İsmayılova nəzərimizə çatdırdı ki, onların üzləşdiyi çətinliklər qısa zamanda həllini tapır. Bağçanın əvvəlki vəziyyətinə gəldikdə isə 1967-ci ildə inşa olunan bina istismar müddətini çoxdan başa vurub, uşaqların sağlam böyümələrində, keyfiyyətli təlim-tərbiyə almasında heç bir işə yaramırdı. Bu gün isə yaradılan şərait göz qarşındadır.

Təmirdən əvvəl bağçada 5 qrup fəaliyyət göstərirdi, indi isə 7 qrupun açılması üçün imkanlar yaradılıb. Binada aparılan təmir-tikinti işləri Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həyata keçirilsə də prosesdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri tez-tez əraziyə baş çəkmiş, həlli vacib məsələlərdə köməklərini əsirgəməmişlər. Hazırda uşaq bağçasında müasir standartlara cavab verən musiqi və idman zalı, geniş məşğələ otaqları, müasir avadanlıqlar, rəngarəng nağıl kitabları istifadəyə verilmişdir.

190 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nazilə Dəmirova da Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovdan razılıq etdi. Nazilə xanım məktəbəqədər təhsil müəssisəsində yaradılan quruculuq işlərindən danışdı: “Təmir zamanı Rayon İcra Hakimiyyətinin nümayəndələri tez-tez bağçaya baş çəkir, işlərin gedişi ilə maraqlanırdılar. Əvəllər bağçamızda 6 qrup fəaliyyət göstərirdi. İndi isə əlavə olaraq 6 qrupun da açılması üçün məşğələ otaqları yaradılıb. Otaqlarımız müasir avadanlıqla təchiz olunub. Sevinirik ki, indi uşaqlarımız gözəl, təmiz, hər şəraiti olan məşğələ otaqlarında tərbiyə alacaqlar.

Rayonun tədbirlərinə gəldikdə isə “Gül bayramı”, rayon üzrə keçirilən yarışlar uşaqlarımızın sevə-sevə iştirak etdiyi tədbirlərdəndir. Bizim tədbirlərdən əldə etdiyimiz çoxlu diplomlarımız, mükafatlarımız vardır.

Nizami rayonunda təhsil sahəsinin stimullaşdırılması da vacib məsələdir.

Rayon İcra Hakimiyyətində pedaqoji sahədə çalışanların əməyi daima yüksək qiymətləndirilir. Ümumiyyətlə rayonda şagirdlərin təhsildə əldə etdiyi uğur və nailiyyətlər xüsusi qeyd olunur. Rayonun tez-tez birgə təşkil etdiyi tədbirlərdə yaxından iştirak edən təhsil müəssisələrindən biri də 220 nömrəli tam orta məktəbdir. Direktor Almaz Əsgərova Nizami Rayon İcra Hakimiyyətinin məktəblə əməkdaşlığından və təhsilə göstərdiyi qayğıdan söz açdı:

-“Bizim birlikdə bir çox tədbirlərimiz olub. Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyi münasibətilə veteranlarla görüş keçirildi. Bundan başqa Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar rayon tədbiri hazırladıq. “Xocalı” faciəsi ənənəvi keçirdiyimiz tədbirlərdəndir. Məktəbimizin komandası hər il Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şahin” hərbi idman oyunlarının respublika mərhələsinin qalibi olur.

Bundan başqa Nizami Rayon İcra Hakimiyyəti bizə problemlərimizin həllində köməklik göstərir. Məktəbimizin dam örtüyü məhz onların dəstəyi ilə Bakı Neftayırma zavodunun vəsati hesabına təmir olundu. Bundan başqa məktəb üçün fərdi qazanxana tikildi. Həmçinin Nizami Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə məktəbimiz “Dövlət Proqramı”na salındı. Hazırda bizim üçün 840 yerlik əlavə korpus inşa olunmuş, şagirdlərin istifadəsinə verilmişdir”.

Nizami rayonunda görülən işlər bununla məhdudlaşmır. Rayonun idarə və təşkilatları qarşısında hələ prespektiv planda olan layihələr çoxdur. Şərifli, E. Süleymanov və Rüstəmov küçələrinin kəsişməsində tunel yolun tikintisi, 8 km yarımstansiyasından 7 saylı paylayıcı qurğuyadək 2 dövrəli hava xəttinin kabelləşməsi,

Keşlə qəsəbəsi N.Abdullayev, M.H. Kazımov və R.Ağayev küçələrindəki evlərdə yaşayan əhalinin su təchizatının yaxşılaşdırılması üçün d=200mm-lik, L=225p/m su borusuun çəkilməsi və müxtəlif diametrli borularla şəbəkənin yaradılması, məhəllələrin abadlaşdırılması və s. qarşıda görüləcək işlər sırasındadır.

Son olaraq, biz paytaxtımızın gözəlləşməsinə öz tövhəsini verən Nizami rayonunun strukturlarında çalışanlara qarşıda həyata keçiriləcək işlərində uğur və nailiyyətlər arzulayırıq.

Qeyd: Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır.

Dilşad Xaqaniqızı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın