4:36 pm - Çərşənbə İyul 26, 2017

Ölkənin, təhsilin tərəqqisi yolunda

Əbülfət Qarayev, Qaradağ rayonu,  Sahil qəsəbəsi, 16 nömrəli Bakı Peşə  Liseyinin direktoru

Əbülfət Qarayev,
Qaradağ rayonu,
Sahil qəsəbəsi, 16 nömrəli Bakı Peşə
Liseyinin direktoru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişaf üzrə Dövlət Strategiyası” ölkədə təhsilin müasir tələblər səviyyəsində inkişafına, aparıcı dünya standartlarına uyğun qurulmasına yeni bir təkan verir, bu istiqamətdə görüləcək işlərin yollarını müəyyənləşdirir. Dövlət Strategiyasında Azərbaycanın və dünya ölkələrinin müasir tempinə uyğun təhsilin qurulmasında 5 strateji istiqamət müəyyənləşdirilib. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəldilmiş birinci strateji istiqamətdə təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib məsələləri əhatə edir. Göründüyü kimi Strategiyada qarşıya qoyulan vəzifələr ilk peşə-ixtisas təhsilindən də yan keçməyib. Danılmaz faktdır ki, son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində mühüm işlər görülüb, lakin kurikulumlar müasir tələblərə cavab vermir və həlli vacib digər problemlər də mövcuddur.

Hörmətli Təhsil naziri Mikayıl Cabbarov bu günlərdə “Azərbaycan” qəzetinə verdiyi müsabiqəsində ilk peşə-ixtisas təhsili sahəsində qazanılmış nailiyyətlər, həlli vacib problemlər və qarşıya qoyulan vəzifələrdən də söhbət açıb. Nazir deyib: “Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu sahədə Təhsil Nazirliyinin həyata keçirdiyi “Müasir Azərbaycan peşəkarları” layihəsi partnyorlarla effektiv işbirliyi şəklində həyata keçirilir və iş davam etdirilir.

Lakin bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsilinin kurikulumları müasir tələblərə cavab vermir. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatından xeyli geridir… Strategiyada cəmiyyətin tələblərinə uyğun ilk peşə-ixtisas və orta ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, eləcə də müasir təminatlı peşə-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Həmin tədbirlərin həyata keçirilməsi, bu sahənin inkişafına öz müsbət təsirini göstərəcəkdir”.

Hazırda ölkəmizdə ilk peşə-ixtisas təhsili verən 108 təlim-tədris müəssisəsi fəaliyyət göstərir. Bu peşə ocaqlarında təxminən 27 min yeniyetmə və gənc təhsil alır, peşələrə yiyələnir. Son zamanlar peşə təhsili verən məktəblərə hər il 15-17 min şagird qəbul edilir. Ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 %-i ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb edilir. Təbii ki bu da zamanın tələblərinə cavab vermir. Sürətlə inkişaf edən Azərbaycan iqtisadiyatının tələblərinə uyğun olaraq, əmək bazarında mütərəqqi texnologiyaların tətbiq edildiyi sahələr üzrə ixtisaslı fəhlə kadrlarına ehtiyac açıq şəkildə özünü göstərir. İqtisadiyyatımızda mövcud sahələrin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, ən müasir texnologiyaların tətbiqi ilk peşə-ixtisas təhsilli kadrlar tələb edir.

Dövlət strategiyası bütövlükdə Azərbaycan təhsilinin, o cümlədən ilk peşə-ixtisas təhsilinin inkişafında çox ciddi dönüş yaradacaq. Dördüncü strateji istiqamət tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrasturkturunun yaradılmasını nəzərdə tutur və hədəflər də aydındır. “Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir”.

Dövlət başçısının sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üçün fəaliyyət planını 5 ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Ölkəmizin, təhsilimizin inkişaf yolunda atılan bu mühüm addım müstəqil dövlətimizdə təhsil islahatlarının əsasını qoymuş ümummilli lider Heydər Əliyev kursunun layiqincə davam etdirilməsi deməkdir. Prezident İlham Əliyev təhsilimizin inkişfına hər zaman böyük diqqət və qayğı göstərir.

Bu gün təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsait ordudan sonra 2-ci yerdədir. Dövlət Strategiyası ölkəmizdə yeni təhsil sisteminin qurulması və bu məqsədlə təhsil islahatlarının uğurla davam etdirilməsi baxımından sosial-iqtisadi əhəmiyyətli sənəd kimi dəyərləndirilməlidir. Strategiyanın reallaşdırılması ölkəmizin, təhsilmizin uğurlu inkişafı deməkdir. İnanıram ki, qarşıya qoyulan məqsədə nail olacağıq.

Filed in: MƏKTUBLAR

Hələ şərh yoxdur

Şərh yazın