3:08 pm - Çərşənbə Oktyabr 20, 4923

Təhsil Problemləri İnstitutunda respublika müəllimlərinin görüşü keçirilmişdir

Qulu Novruzov, ARTPİ-nin direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru

Qulu Novruzov, ARTPİ-nin direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru

2014-cü il yanvar ayının ilk həftəsində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində “Yeni təlim proqramları (kurikulumlar): Respublika məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfransı keçirilmişdir. Görüşdə Təhsil nazirinin müşaviri Ağababa İbrahimov, ARTPİ-nin direktoru Qulu Novruzov, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin Əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz Həsrət, “Təhsil problemləri” qəzetinin baş redaktoru Malik Rəcəb, Kurikulum Mərkəzinin şöbə müdirləri Elxan Bəylərov, Bibixanım İbadova, Muxtar Həsənov, elmi işçi Ceyhun Məmmədyarov və digər əməkdaşlar iştirak edirdilər. Mərkəzin konfrans zalında keçirilən tədbirə Respublikanın müxtəlif bölgələrindən olan 150-dək fəal müəllim qatılmışdır.

Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Qulu Novruzov belə işgüzar görüşlərin tez-tez keçirilməsinin vacib olduğunu vurğulamış, Respublikamızda həyata keçirilən uğurlu təhsil islahatından danışmışdır.

2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması barədə sərəncamını xatırladan Qulu Novruzov Azərbaycan təhsil sistemindəki yeniliklər və qarşıda duran əsas vəzifələr barədə məlumat vermişdir. O, kurikulumların və ümumilikdə təhsildə aparılan inkişafyönümlü addımların daha uğurla nəticələnməsində məhz yaradıcı və yenilikçi, daim axtarışda olan müəllimlərin əsas rol oynadıqlarını xüsusi qeyd etmişdir. Natiq məktəb kurikulumlarının hazırlanması barədə də məlumat vermiş, bölgələrdə yerləşən hər bir təhsil müəssisəsinin özünün məktəb kurikulumlarının hazırlanması işinə başladığını söyləmişdir. Natiq çıxışını görüş iştrakçılarına Təhsil naziri cənab Mikayıl Cabbarovun təhsillə bağlı söylədiyi fikirləri geniş şəkildə şərh etməklə başa çatdırmışdır.

Təhsil nazirinin müşaviri Ağababa İbrahimov isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsində və geniş ictimaiyyətin məlumatlandırılmasında məhz təhsil işçilərinin böyük xidmətlərinin olacağını xüsusi vurğulamışdır. O, ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönümlü tədbirlərin həyata keçirilməsində əsas məqsədin məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarət olduğunu vurğulamışdır.

Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov ölkəmizdə həyata keçirilən təhsil islahatının mövcud mərhələləri, həmçinin mövcud şəraitdə işlərin icra vəziyyəti barədə danışmış, bu ilə qədər əldə olunan ilkin nəticələr barədə fikirlərini paylaşmışdır. Kurikulumların və ümumilikdə təhsildə aparılan inkişafyönümlü addımların daha uğurlu alınmasında məhz yaradıcı və yenilikçi müəllimlərin əsas rol oynadığını qeyd edən natiq hər bir müəllimin dərsin qurulmasında sərbəst şəkildə təhsil texnologiyalarından istifadə etməsinin vacibliyini vurğulamışdır. Ənvər Abbasov şablon dərs texnologiyasının olmadığını, bunun yalnız müəllimlərin öz seçimi və yaradıcılığına söykəndiyini bildirmiş, yalnız dövlət standartının düzgün reallaşdırılmasının gərəkliliyini vurğulamışdır. Kurikulumlar barədə hazırlanmış kitab və metodik tövsiyələrin hələlik bir qədər az olduğunu, lakin bununla yanaşı, bu sahədə işlərin davam etdirildiyini söyləyən natiq dərsliklərin yeni nəşrinin hazlırlandığını bir daha müəllimlərin nəzərinə çatdırmışdır.

Müəllimlərlə görüş

Müəllimlərlə görüş

Respublikanın əməkdar müəllimi, görüşün koordinatoru Almaz Həsrət qeyd etdi ki, kurikulumların geniş ictimaiyyətə çatdırılması ilə bağlı yaradılmış “kurikulum.az” portalı 2010-cu ildən bu günə qədər təhsil işçiləri və təhsillə maraqlanan bütün şəxslərin böyük marağına səbəb olub. Müzakirələrin daha geniş təşkili üçün 2010-cu ildən Facebook sosial şəbəkəsində portalın eyni adlı qrupu qurulub. Qrupa bu günə qədər 8 mindən artıq üzv qoşulub. Bu isə kurikulumlara olan diqqət və marağın göstəricisi sayıla bilər. Elə həmin maraq nəzərə alınmaqla 2013-cü ildən başlayaraq Respublika səviyyəli görüşlər təşkil edilir. Ötən il ərzində ikisi Bakıda, biri Şəkidə olmaqla 3 belə görüş keçirilib. Bu görüşlər Azərbaycan mediasında da geniş işıqlandırılıb. Görüşlərin səmərəli sonuclar verməsi nəzərə alınaraq 2014-cü ildə də ənənənin davam etdirilməsi qərara alınıb və yanvarın ilk həftəsində növbəti görüş keçirilib.

Müəllimlərlə görüş

Müəllimlərlə görüş

Sonra mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı. Malik Aranli, İmişli rayonu, Aranlı kənd məktəbinin direktoru:

– Təhsil Problemləri İnstitutunun direktoru cənab Qulu Novruzov konfransın gedişini çox diqqətlə idarə etməsini təqdirəlayiq hadisə kimi qiymətləndirir, ona bu məsul işində uğurlar arzulayıram. İnanıram ki, Təhsil naziri, təbiətən yenilikci bir insan olan Mikayıl Cabbarovun rəhbərliyi və Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzovun novatorcasına təşkilatçılığı ilə Respublikamızda Kurikulum islahatı uğurla davam etdiriləcəkdir.

Müəllimlərlə görüş

Müəllimlərlə görüş

Arzu edirəm ki, aşağıdakı təkliflərimə diqqət yetirəsiniz:

* Kurikulumla bağlı 10 günlük kursun müddəti çox azdır. Bu kurslar ən azı 3 ay olmalıdır.

* “Təhsil problemləri” çox yaxşı qəzetdir, yeganə elmi-metodiki qəzetdir, onu yaşatmaq lazımdır.

Yaxşı olar ki, “Təhsil problemləri” qəzetinin redaksiya heyəti yerlərdə “Oxucu konfransları” keçirsin. Bu qəzetin reytinqini daha da artıra bilər.

* “Formativ qiymətləndirmə dəftəri” necə olmalıdır? Bu haqda heç bir konkret fikir yoxdur.

* “Ən yaxşı müəllim” müsabiqələri məncə şəhər və kənd rayonlarına bölünməlidir.

* Məncə respublikamızda Dərslik İnstitutu yaranmalıdır. Bu haqda Qazaxıstan Respublikasının təcrübəsindən istifadə etmək olar.

* Metodik kabinetlərin işinə ciddi rəhbərlik etmək lazımdır.

* Texniki vasitələrlə ucqar rayonların müəllimlərini də belə tədbirlərə qatmaq lazımdır.

* Bütün dünya “Məntiq” deyə qışqırır. Ancaq bizdə hələ də ciddi heç nə yoxdur. Hər sinifdə həftədə ən azı 1 saat “Məntiq” dərsi keçilməlidir.

Mehtiyeva Vüsalə Arif qızı, Şəmkir şəhər, Zəyəm qəsəbə S.Məmmədov adına tam orta məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini:

Müəllimlərlə görüş

Müəllimlərlə görüş

– Mən bu görüşlərin hamısında iştirak etmişəm. Bu konfransda təhsillə bağlı yeni məlumatlar almaqla yanaşı, yaxşı dostlar da qazanmışam. Mənim bir neçə təklifim var. Mən məktəbdə müavin olmaqla yanaşı, ixtisasım ingilis dilini də tədris edirəm. Kurikulum əsasında tədris etdiyimiz üçün 5 -ci sinifdən başlayaraq, biz ikinci xarici dili də tədris edirik. Lakin ikinci xarici dili 2 ildir ki, kitabsız tədris edirik. Bu da bizim vaxtımızı alır. 2 -ci təklifim budur ki, rayonlarda kurikulum mərkəzləri yaradılsın.

Müəllimlərlə görüş

Müəllimlərlə görüş

Zöhrə Vərdiyeva, Samux rayonu, Nizami Gəncəvi adına tam orta məktəbin ibtidai sinif müəllimi:

– Mən iki qocaman müəllimin o fikirləri ilə tam razı qaldım ki, 4-cü sinif materialı (riyaziyyatdan) cətindir. 1-ci sinif dərsliklərinə yenidən nəzər salsınlar. Bir də təklifim budur ki, dərslikləri hazırlayarkən sizlərin də fikrini dinləsinlər. Bu İKT Sosial şəbəkə olmasa, bizim fikirləri heç kim hec kimə catdırmır. İnşallah, gələn dəfə belə göruşlər olsa çox istərdim ki, əvvəlcədən təklif hazirlansın, qrup halında oxunsun, sonra muzakirəyə verilsin. Belə olarsa, vaxtımız da az gedər. Gələn dəfə dərslik şöbəsindən nümayəndə də dəvət etsəniz, daha yaxşı olar.

Ruhiyyə Rəfiyeva, Şəmkir rayonu, Kür qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi:

– Artıq altıncı ildir ki, ümumtəhsil məktəblərində yeni fənn kurikulumları (proqramlar) tətbiq edilməkdədir, lakin gəlin görək bu iş lazımınca həyata keçirilirmi? Bakı və Sumqayıt məktəbləri üçün heç nə deyə bilmərəm, çünki onlar göz önündədirlər. Ancaq ucqar məktəblərdə problem yaşanmaqdadır. Müəllimlərimiz bir dərsi aktiv dərs kimi təşkil edir, qalan dərslərdə bunu tətbiq etmirlər. Əgər bir dəfə tətbiq ediləcəkdirsə, onda niyə bunun üçün vəsait xərclənirdi.

Görüş iştirakçılarının nəzərinə bir məsələni də çatdırım ki, 10 günlük təlim kurslarında müəllimlər yalnız nəzəriyyə öyrənirlər, təcrübəyə demək olar ki, yer verilmir. Benjamin Franklinin bir sözü var: “Təcrübə elə bir məktəbdir ki, orda hətta ən aşağı səviyyəyə malik olan insan belə, çox şey öyrənir.” Bunun üçün təkif edərdim ki, bu kurslar zamanı ən azı 10 gün müəllimlər təcrübə aparsınlar, öyrəndikləri bilikləri sınaqdan keçirsinlər, bununla da müəllimlərimiz tam hazırlıqlı şəkildə məktəblərdə fəaliyyətlərinə davam etsinlər.

2- ci təklifim isə ondan ibarətdir ki, məktəb rəhbərliyi təhsillə bağlı hər hansı bir islahatdan geri qalmamalıdır. İlk növbədə məktəb direktorları və müavinləri belə kurslara cəlb edilməlidirlər, çünki müəllimlər nədənsə çətinlik çəkəndə ilk növbədə müraciət etdikləri məktəb rəhbərliyi olur. Bu çox vaxt qiymətləndirmədə özünü göstərir. Əgər məktəb rəhbərliyi bu yenilikləri bilmirsə, müəllimlər düzgün istiqamətləndirilmir. Bu da nəticə etibarı ilə keçirilən hər hansı bir təhsillə bağlı islahatın tənəzzülünə gətirib çıxardır. Belə görüşlərin tez -tez keçirilməsini təklif edərdim. Nə qədər bu görüşdən marifləndiyimi qeyd etdim. Hətta belə görüşlərin regionlarımızda təşkil olunmasını ARTPİ-nin rəhbərliyindən xahiş edirəm.

Orxan Alışov, Saatli rayon Əhmədbəyli kənd orta məktəbinin coğrafiya müəllimi:

– Bu gün Təhsil Problemləri İnustutunda dəyərli insanların, təhsil fədailərinin iştirakıyla keçirilən konfransa dəvət edildiyim üçün böyük minnətdarlıq və sonsuz fərəh hissi yaşayıram. Yeni il bütün Azərbaycan xalqı üçün uğurlu il olsun.

Oz müşahidələrimə dayanaraq iki əsas məsələyə (problemə) toxunmaq istəyirəm.

Birincisi, Kurikulumla bağlı təlimlərin keçirilməsində bəzi müəllimlər birinci yox, ikinci dərəcəli sertifikata daha meyllidirlər. Bu, yaşca orta və yaşlı muəllimlərdə daha çox müşahidə olunur. Belə ki, birinci dərəcəli sertifikat muəllimin hazırlıq səviyyəsinin daha yüksək olduğunu ifadə edərkən, ikinci dərəcəli sertifikata Azərbaycan muəlliminin can atmasıniın səbəbi məktəbdə tədris prosesinin yoxlanılmasının birinci dərəcəli sertifikat alan muəllimin sinfində aparilmasıymış. Niyə Azərbaycan muəllimi passiv variantı seçməlidir?

İkincisi, kurikulum təlimçiləri ilə bağlidir. Mən cografiya fənni uzrə təlimdən keçərkən, təlim prosesi eyni anda iki ayrı-ayrı sinif otağında aparılırdı. Digər sinifdə istirak ədən muəllimlərlə təlimci arasinda problemlərin şahidi oldum. Həmin problemlərlə başqa tarixlərdə keçirilən təlimlərdə iştirak edən muəllimlərlə söhbət edərkən də qarşılaşdım. Hətta onlarin bəziləri təhsil həyatında xeyli uğurlara imza atmis muəllimlər olsa da, təlimlərdə cox asaği bal topladılar. Səbəb olaraq bunlari gostərdilər: “Təlimçi təlim prosesində tədris edəcəyi mövzuları, özləri belə tam qavramadan, cümlə-cümlə əzbərləyərək eyni qaydada muəllimdən əzbər tələb etməsidir”. Bu xüsusda təklifim budur ki, ya tərcumə edilmiş material terminlərlə deyil, daha sadə dildə yazılsın, ya da ki, təlim prosesi daha məntiqli muəllimlərə tapşırılsın. Bunu da əlavə edim ki, təlimdə toplanan bal dərs icmalından deyil, nəzəri test suallarına verilən cavablardandır. Siz deyin!, Bu, ənənəvi təhsildən nə dərəcə fərqlənir? Əzbər materiallar şagirdlərə nə dərəcə lazımdır? Mən demirəm ki, bunları öyrənmək əhəmiyyətsizdir. Demək istəyirəm ki, təlimin dərs icmalı formatına bir daha baxılsın. Müəllimdən bir deyil, bir neçə əlaqəsiz mövzunun icmalı alınsın və buna uyğun orta qiymət çıxarılsın.

Hüseyn Hüseynov, Azərbaycan Müəllimlər İnstitutunun “Mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə” kafedrasının fiziki tərbiyə müəllimi:

– Bu gün fiziki tərbiyə sahəsində problemlər olduqca coxdur. Birinci növbədə ibtidai siniflərdə fiziki tərbiyə fənninin kecirilməməsini göstərmək olar. Azərbaycanın bütün regionlarında müəllimlərə kurikulum təlimləri keçirilir. Lakin bu təlimlərin proqramı heç də ürək açan deyil. Belə ki digər fənnlərlə baglı olan proqramla bu təlimlər keçirilir. Təklif eləyərdim ki bilavasitə fiziki tərbiyə xüsusiyyətlərinə uyğun proqram tərtib edilsin. Mən özüm də şəxsən bu proqramın yazılmasında iştirak etməyə hazıram. Bir də təklif eləyərdim ki belə görüşlərdən biri məhz fiziki tərbiyə fənni ilə bağlı keçirilsin.

Cəfər Məmmədov, Saatlı rayon Səməd Vurgun adına 1 saylı məkəbin fiziki tərbiyə müəllimi, həm də mudir muavini:

-Ali məktəbi qurtarıb müəllim işləmək istəyən şəxs, ilk olaraq məktəbdə bir ilə yaxın təcrübə keçsin, ondan sonra komissiyanın rəyinə əsasən qərar verilsin.
Bir sualım da var, görəsən Azərbaycanda müəllim hüquqlarını müdafiə edən bir qurum varmı? Çünki bəzən valideynlərin haqsız sözlərinə görə müəllimlər də öz hüququnu qorumalı olurlar, belə deyilmi?

Leyla Mürsəlova, Bakı şəhəri, Nərimanov rayonu 34 nömrəli məktəbin tarix müəllimi, metodbirləşmə sədri, təlimçi:

– Mənə elə gəlir ki, hər şey müəllimin özündən aslıdır. Müəllim yaradıcı olmalıdır. Şagirdləri ilə məhz onların dilində danışmalıdır. Şagirdlərini sevməlidir ki, istədiyi nəticəni əldə edə bilsin. Bu işdə bizə həqiqətən kurikulum təlimçiləri kömək olur. Təlimçilər düzgün seçilməli, valideynlər maarifləndirilməlidir. Mən kurikulumu həqiqətən sevirəm. Sanki kurikulumla mən özümü kəşf etmiş oldum.

Konfransda:

Biləsuvar rayonu, İsmətli kənd orta məktəbinin ibtidai metodbirləşmə sədri, əməkdar müəllim Rüstəm Əliyev, İqtisad Universitetinin müəllimi Xuraman Osmanova, Düyərli kənd orta məktəbin ingilis dili müəlliməsi, direktor müavini Günel Verdiyeva, Neftçala rayonu Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru Ülvi Fərzəliyev, Laçın rayonu Ə.Məmmədov adına Qışlaq kənd tam orta məktəbinin müəllimi Şəfa Mirzəyev, TPİ-nin əməkdaşı Afaq Əliyeva, Bakıdan məktəb müəllimləri Sənubər Məmmədova, Vəfa Vəliyeva, Roza Qasımova, Abdulla Qəhrəmanov, Firahnaz Heydərova, Xəyalə Məmmədova, Sumqayıt şəhərindən müəllim Cəmalə Cəfərova və b. praktik təhsil işçiləri kimi yerlərdə işin tətbiqi mövzusunda çox maraqlı çıxış etdilər. Əsasən kurikulumun bölgələrdə tətbiqi, kənd məktəblərində bununla bağlı işin təşkili, təlimçilərin hazırlığı və onların yerlərdə keçdiyi kursların keyfiyyəti ilə bağlı, kurikulumun daha aydın dərk olunması üçün keçirilən kursların təlim gününün uzadılması, məntiq dərsinin proqrama salınması məsələsi, məktəb rəhbərliyinin maarifləndirilməsi işinin təşkilinə diqqətin ayrılması, qiymətləndirmə və onun mexanizmi, fiziki tərbiyə fənninin tədrisi problemləri, yeni dərsliklərin hazırlanması işinin təşkili, bölgələrdə yeni dərsliklərə münasibət, pedaqoji kadr hazırlığı və müəllim hazırlığında olan problemlər, bölgələrdə “Təhsil problemləri” qəzetinə olan ehtiyacın çox olması və s. barədə səslənən çox maraqlı çıxışlar ətrafında geniş müzakirələr aparıldı

Tədbirin sonunda ARTPİ-nin direktoru Qulu Novruzov yaxın zamanlarda “Yeni təlim proqramları (kurikulumlar): respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” adı altında geniş elmi-praktik konfransın keçiriləcəyini bildirdi

Keçirilmiş görüş, iştirakçıların ürəyincə olmuş, qabaqcıl müəllimlər arasında əlaqələrinin möhkəmləndirilməsi, bilik və bacarıqların paylaşdırılması baxımından yüksək dəyərləndirmişdir. Görüşdə başlanan müzakirələr Kurikulum.az portalının Facebook qrupunda da davam etdirilmişdir. Mövzu ilə bağlı görüşlər, seminarlar, elmi praktik konfransların bölgələrdə keçirilməsinin vacibliyi qeyd edilmişdir.

“Təhsil problemləri”

Filed in: TƏDBİRLƏR

Hələ şərh yoxdur

Şərh yazın