5:11 pm - Çərşənbə Avqust 16, 2017

Özü ilə mübarizədə hələ uduzmayan

Səməndər  Məmmədov, Bakıdakı 271 nömrəli tam orta məktəbin direktoru, Qabaqcıl təhsil işçis

Səməndər
Məmmədov,
Bakıdakı 271 nömrəli tam orta məktəbin direktoru, Qabaqcıl təhsil işçisi

Səməndər Məmmədov-60

Əvvəl Səməndər idi – Səməndər Məmmədov. Daha sonra məktəbli, tələbə, qrup nümayəndəsi oldu, müəllim, məktəb direktoru işlədi (və işləyir), bədii-publisisttik yaradıcılıqla məşğul olur, atadı, babadı… Harada işləməsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq o, həmişə Səməndər olaraq qaldı, yəni dəyişmədi. Əslində dəyişmədi demək bir az düz deyil – bir az kökəldi, bir az ağırlaşdı, şəvə kimi qara saçlarına dən düşdü… Amma ürəyi dəyişmədi. Əvvəlki kimi yenə də çılğındı, qohumcanlı, dostcanlıdı. Əlabbasla (yazıçı Əlabbasla) birləşdilərsə, deməli, hökmən tələbə dostlarla əlaqədar bir tədbir var və ya keçirməlidir. Biz hamımız öz işimizlə məşğuluq, onlarsa öz işlərindən başqa, həm də tələbə dostlar arasında əlaqələr yaradan ən sadiq vasitəçilərdirlər.

Səməndər bir üzü olan kişilərdəndir. Dili deyəni ona həmişə ürəyi dedizdirmir, başqa sözlə, dili ürəyinin göstəricisi deyil. Ən azı ona görə ki, Səməndər bir andaca əsəbləşə bilər, özünün də, başqalarının da qanını qaralda bilər. Amma ürəyi dünyanın murdarlığını hələ tanımayan körpə ürəyi kimi safdı. Dəfələrlə şahidi olmuşam ki, əsəbləşib, əsəbləşdirib, sonra da adəti üzrə qaşlarını çataraq “ürəyim ağrıdı” deyib. Özü də əksər hallarda özü əsəbləşdiyinə görə yox, başqalarını əsəbləşdirdiyi vaxtlar. Ürəyində kinə-küdurətə yer yoxdu, çünki dediyim kimi, dili həmişə ürəyinin göstəricisi olmur.

Onda birmənalı şəkildə borçalılıq, azərbaycançılıq, türklük var. Onun bu cəhəti də xarakterinə uyğundur. Yəni borçalılığında, azərbaycançılığında, türklüyündə səmimdi, bunların arxasında şəxsi maraq durmur, ictimai-siyasi həyatda mövqe qazanmaq məramından irəli gəlmir. Ən başlıcası bu amalına sədaqəti fərqli amal daşıyıcılarını inkar və ya onları aşağılamaq üzərində formalaşmayıbdı, ilk növbədə səmimi vurğunluğa əsaslanır.

Həyatda yerini biləndi, heç vaxt özünütəsdiqin Don Kixotçuluq tragikomizminə aparıb çıxara biləcək vasitələrinə meyl göstərməyibdir.

Elm sahəsində qalmağa hər cür imkanı vardı, qalsaydı, bəlkə də indi elmlər doktoru, pofessor idi. Qalmaq istəmədi. Bəlkə də ona görə ki, Səməndərin yarımçılıqdan heç vaxt xoşu gəlməyib, həmişə diliuzun, üzüağ, alnıaçıq yaşayıb “və başqaları” sırasında gün keçirmək onun yaxşı mənada liderlik, birincilik hikkəsinə uyğun gəlməyib. Tələbə, gor dostumu mən belə tanımışam və belə tanıyıram: özü olaraq qalmaq, özü olaraq yaşamaq, həyatda Səməndər işləmək. Səməndər özü ilə mübarizədə hələ uduzmayan kişilərdəndi.

Arif Əmrahoğlu,
Azərbaycan Yazıçılar Birliyinin katibi

Səməndər Zəlimxanın gəzən kitabxanasıdır. Mən bununla fəxr edirəm. Belə adamların olması cəmiyyətin, xalqın, insanlığın xeyrinədir.

İki adamın arasında bir balaca soyuqluq olanda məhz belə adamlara üz tutursan ki, gəl bunları bir yola gətir. Səməndər ağsaqqaldı, ağır oturub batman gələndi, öz yerini biləndi. Ona görə də hər yerdə onun adı çox yüksək səviyyədə çəkilir.

Yalandan heç vaxt ad olmaz, yalandan şöhrət olmaz. Varsa, deməli onun kökündə halallıq, halal zəhmət durur, yuxusuz gecələr və ziyalı mədəniyyəti durur. Mən qardaşımı bağrıma basıb öpürəm, həmişə adı uca olsun, eşqi sönməz olsun, Zəlimxan kimi dostları da heç vaxt onun ətrafından əksilməsin.

Zəlimxan Yaqub,
Xalq şairi

Səməndər müəllimi digər müəllimlərdən fərqləndirən bir cəhət də onun yaradıcı-dolu adam, ruhumuzu oxşayan söz sahibi olmasındadır.

Onun ürfan əhli müəllim-şairliyinə sübut yaradıcılığı və əməllərində Allah eşqinə, Vətənə, millətə və Azərbaycan dövlətinə olan ilahi sevgilərinin böyük olmasıdır.

Vidadi Orucov,
Fizika üzrə fəlsəfə doktoru

Səməndər müəllimdə olduqca güclü poeziya duyumu var. Mənə elə gəlir ki, o, öz ilhamlı ruhunu Dədə Zəlimxan ruhunda suvarandan sonra qələmə söz verib. Odur ki, onun yazılarından Zəlimxan ətri gəlir. Mən öz yazılarımda həmişə bir qayda olaraq Səməndər müəllimin soy adından sonra həm də istər-istəməz “Zəlimxanlı” da yazıram.

Dostum Səməndərə böyük Allahdan ürəkdolusu cansağlığı, səadət və bundan sonra da barlı-bəhrəli yaradıcılıq arzulayıram.

Cəfər Quliyev,
Həkim

Səməndər mənim çox sevdiyim eloğlulardan biridir. O, mükəmməl dünyagörüşü, poetik dünyagörüşü, bilik səviyyəsi, təşkilatçılıq qabiliyyəti, təhsil işini mükəmməl bilməsi və Vətəninə, millətinə, Borçalıya dərin bağlılığı ilə əvəzolunmaz bir şəxsiyyətdir. Mən əminəm ki, Səməndərlərin sayı nə qədər çox olsa, borçalıların və bütövlükdə xalqımızın gələcəyi daha uğurlu, daha xoşbəxt olar.

Məhəbbət Qarabağlı,
BŞTİ-nin sabiq əməkdaşı

Onun zəhməti də layiqincə qiymətləndirilmişdir. Yaradıcılıq sahəsindəki mükafatları ilə yanaşı, pedaqoji sahədə də uğurları çoxdur. Rəhbərlik etdiyi məktəb uğurlarıyla Sabunçu rayonundakı məktəblər arasında xüsusilə seçilir. Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” doş nişanı ilə təltif olunub.

Səməndər müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram.

Fərman Abdullayev,
Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı

Səməndər müəllimlə tanışlığım ötən əsrin son illərindən başlayıb. Mən “Azərbaycan Televiziya və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətində şöbə müdiri işləyirdim. İşimlə əlaqədar olaraq bir gün Sabunçu rayonu Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Vahid Qurbanov bizi tanış etdi. Elə o vaxtdan Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədovla tanışlığım dostluğa çevrildi və indi də bir mediya nümayəndəsi kimi onunla tez-tez görüşürəm. Ona olan böyük hörmətim həm də Azərbaycan Dövlət Universitetindən tanıdığım və dərin hörmət bəslədiyim, gözümdə, qəlbində uca bir insan olan professor Şamil Qurbanovla bağlıdır.

Məmmədov Səməndər Eyvaz oğlu 1954-cü il fevral ayının 8-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. O, elcanlı, sözü bütöv, dosta, yoldaşa çox sədaqətli bir insandır. Borçalı elindən yazmaqdan yorulmur, ciddi axtarışlar aparır, ərsəyə gətirildiyi, gördüyü hər bir xeyirxah işindən böyük zövq alır. Daim axtarışda olan Səməndər müəllim bir yazar, şair-publisist kimi oxucuları tərəfindən sevilir. O, çalışdığım “Təhsil problemləri” qəzetində tez-tez müxtəlif mövzularla çıxış edir. 60 illik yubileyi münasibəti ilə gözəl pedaqoq, şair-publisist, əsl dost, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın “Qabaqcıl təhsil işçisi”, 15 kitab – “Faxralı”, “Bir durna ayrıldı öz qatarından”, “Payız çiçəyi”, “Ümid qapısı”, “Coşqun çay kimi”, “Bir gəncin taleyi alt-üst olursa”, “Nur çiləyənlər” və digər kitabların müəllifi olan Səməndər Məmmədovu təbrik edir, ona möhkəm cansağlığı və hər bir işində yeni-yeni uğurlar diləyirəm.

Əşərəf Hümmətov,
Jurnalist

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın