10:03 pm - Cümə Yanvar 20, 2017

Öyrətmək və necə öyrənmək

Yunis Quliyev Allahqulu Quliyev adına Kükü kənd tam orta məktəbinin kimya müəllimi

Yunis Quliyev
Allahqulu Quliyev adına Kükü kənd tam orta məktəbinin kimya müəllimi

Təhsildə uğurlar qazanmaq üçün bu əsas şərtdir.

Respublikamızda elmə, təhsilə verilən dəyər gündən-günə artmaqdadır. Gələcəyimiz olan gənclərin yaxşı təhsil alması, dünyanın inkişaf etmiş ölkələrinin təhsilinə inteqrasiya olunması üçün respublikamızda hər cür şərait yaradılmışdır. Bircə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda təhsilə ayrılan xərc Ermənistanın büdcəsindən çoxdur.

Məzunlarımızın ali məktəblərə yüksək balla qəbul olması bütün pedaqoji ictimaiyyəti sevindirir. Lakin biz müəllimlər, pedaqoqlar yaxşı oxuyan, dərslərə davamiyyətdə nümunə olan, müəllimlərinin tapşırıqlarına əməl edən, ancaq qəbul imtahanlarında yüksək bal toplaya bilməyən məzunlarımız olduğunu da bilirik.

Günahkar kimdir? Müəllim, şagird, yoxsa valideyn?

Təcrübəmə əsaslanıb həmişə bu sualın cavabını tapmağa çalışmışam. Mütəxəssislərin apardıqları tədqiqatlar göstərir ki, əqli və fiziki inkişafı normal olan, bütün həyatını elmə sərf edən insan dərketmə, yaddasaxlama qabiliyyətinin yalnız 6-10 faizindən istifadə edir. Bəs çox oxuyub, zəif nəticə əldə etməyin səbəbi nədədir?

Günahı hər şeydən əvvəl müəllimdə axtarmalıyıq. Müəllim dərsi eyni səviyyədə bütün şagirdlərə izah edir, onları düşündürən sualları cavablandırır. Lakin şagirdlərin nəticələri eyni olmur. Biri daha çox dərk edir və öyrəndiklərini tətbiq etməyi bacarır, digəri isə müəllimin dediklərini ya yarımçıq qavrayır, ya da qavraya bilmir. Bunun səbəbi, məncə müəllimin öz dərsini şablon şəkildə qurması, şagirdlərin bilik səviyyəsini nəzərə almamasıdır. Müasir təlim metodlarında da bu aydın şəkildə izah edilir. Müəllim hər bir şagirdə fərdi yanaşmalı, şagirdləri qruplaşdırıb fərdiləşdirmə aparmalı, hər bir şagirdin psixoloji durumunu, ailə vəziyyətini, diqqətini, hafizəsini, qavrayışını nəzərə almalıdır. Bunlar nəzərə alınmazsa, şagirdlərin çoxu müəllimin tədris etdiyi fənni lazımi səviyyədə qavraya bilməz.

Müşahidələr onu da göstərir ki, şagirdin öz müəlliminə hüsn-rəğbəti olmursa, həmin fəndən uğur qazana bilməz. Müəllim bir pedaqoq, ata kimi şagirdin qəlbində yer tutmazsa, şagird onun dərs dediyi fənni də sevməz. Nəticə isə qənaətbəxş olmur. Bəzən şagirddə belə bir fikir yaranır ki, dərsi müəllim üçün oxuyur.

Tədris etdiyim kimya fənni VIII sinifdən etibarən keçirilir. Həmin vaxta qədər şagrdlərin əksəriyyəti kimya fənni daxil olmayan qrupları seçirlər. Mən bütün biliyimlə, bacarığımla – pedaqoqluq qabiliyyətimdən istifadə edərək şagirdlərə kimyanı sevdirməyə çalışıram. Bunun üçün xeyli zəhmət çəkir və istəyimə nail oluram.

Şagirdlər dərsləri yaxşı öyrənmək və yadda saxlamaq üçün nə etməlidirlər?

Əsasən yuxarı sinif şagirdləri gündəlik dərslərə hazırlaşmaq üçün 4-6 saat vaxt ayırmalıdırlar. Hər mövzu ayrı-ayrı öyrənilməlidir. Ancaq 1-2 dəfə oxumaqla heç bir fənni ümumilikdə yadda saxlamaq mümkün olmadığına görə şagirdlər sinif rəhbərlərinin iştirakı ilə müəyyən cədvəl tərtib etməlidir. Bəzən isə şagird valideynlərinin gözü qarşısında hər bir dərsi 1-2 dəfə oxuyur və özünü sabahkı dərsə hazır kimi aparır. Bu isə yolverilməzdir.

Şagird dərsdən çıxandan sonra normal qidalanmalı, sonra 5-10 dəqiqə açıq havada gəzməlidir. Bu müddətdə sevdiyi müsiqiyədə qulaq asa bilər. İdman hərəkətləri də edə bilər. Sonra çətin fəndən başlayaraq dərslər cədvəl üzrə hazırlanmalıdır. Verilən mövzunu dəfələrlə düşünə-düşünə oxumaldır. Bu zaman çətin sözləri, tarixləri, formulları, qrafikləri, düsturları yaza-yaza yadda saxlamağa çalışmalıdır.

Nəzəri bilikləri öyrəndikdən sonra ev tapşırıqlarını, sinif testlərini həll etməlidir. Bundan sonra iş dəftərləri üzərində çalışmalıdır. Sonra isə fənnin nəzəri hissəsini fikrində öz-özünə danışmalıdır. Təzədən kitabı bir dəfə də oxuyub, pis öyrəndiklərini yada salmalıdır. Ayrı-ayrı fənləri oxuyarkən 5-10 dəqiqə fasilə verilməlidir. Ümumiyyətlə, yuxarı sinif şagirdləri 40-50 dəqiqə, aşağı sinif şagirdləri isə 10-40 dəqiqə oxuduqdan sonra dincələ bilərlər. Bu zaman uşaqlar yüngül fiziki işlər də yerinə yetirə bilərlər. Əgər şagirdlər öyrəndikləri mövzuları səhər-səhər yada salarsa, onda oxuduqları dərs hafizələrinə daha yaxşı həkk olunar. Hər gün dərsə hazırlaşarkən şagird keçmişləri təkrarlamalıdır. Çünki hər yeni dərs, keçmiş dərsin davamıdır. Şagird bunu unutmamalıdır.

Bəs valideyn övladının yaxşı bilik qazanması üçün nə etməlidir?

Uzun qış gecələrinin birində qonşuda qonaq idim. Mənlə ev sahibi şahmat oynayırdıq. Evdə televizora baxanlarda vardı. Söz yox ki, qadınlarda “şirin” söhbət edirdilər. İki şagird isə həmin otaqda sabahkı dərslərə “hazırlaşırdı”. Bir saatadan sonra mən qalxmaq istədim. Bildirdim ki, uşaqların sabahkı dərsə hazırlaşmasına mane oluruq. Amma ev sahibi əminliklə “uşaqlar onsuz da oxuyurlar” dedi. Mən isə bir müəllim kimi hiss edirdim ki, şagirdlərin fikri dərsdə yox, bizdədir. Ona görə də valideynə öz iradımı bildirdim. Bu hər bir evdə ola bilər. Ona görə də valideynlər uşaqlar üçün ayrıca bir otaq ayrılmalıdır ki, onlar sakitlikdə dərs oxusunlar. Uşaqlar əlavə tədris vəsaitləri ilə də təmin edilməlidir. Onların ağır fiziki işlərə cəlb edilməsinə və yorulmasına yol verilməməlidir.

Həmçinin valideynlər məktəblə sıx əlaqə saxlayaraq müəllim-şagird münasibətlərini öyrənməli və müəllimə övladının mükəmməl bilik və tərbiyə almasında yardımçı olmalıdır. Bu üçlük yaranarsa, onda öyrədən də, öyrənən də öz məsuliyyətini artırar və çəkilən zəhmət hədər getməz. Valideynlər unutmamalıdır ki, bu gün onların laqeydliyi sabahkı uğursuzluğa səbəb ola bilər. Buna görə də övladlarınıza qarşı diqqətli olmağa çalışın ki, onlar da uğur qazana bilsinlər.

Bunu günü-gündən çiçəklənən doğma Azərbaycanımızın gələcəyi naminə etmək hər bir vətəndaşın müqəddəs borcudur.

Filed in: MƏKTUBLAR

Hələ şərh yoxdur

Şərh yazın