9:17 pm - Çərşənbə axşamı İyun 27, 2017

20 Yanvar şəhidləri yad edildi

Sabir Rızaqulu oğlu Abbasov

Sabir Rızaqulu oğlu Abbasov

Bakının Xəzər rayonunda yerləşən şəhid Sabir Rızaqulu oğlu Abbasov adına 117 nömrəli tam orta məktəbdə 20 Yanvarda şəhid olmuş şəhidlərimizə həsr olunmuş tədbir keçirildi. İlk olaraq tədbirə gələn qonaqlar Azərbaycan Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin katibi Eyyub Məmmədov və başqa qonaqlar məktəblə tanış oldular. Şəhidlər üçün hazırlanmış stendə baxdılar. Tədbirdə ilk olaraq Azərbaycan himni səsləndi.

Sonra 20 Yanvar və Azərbaycan şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Əlisa müəllim çıxış edib qonaqları salamladı. Tədbirin aparıcıları Qəmər Nurməmmədli və Rəşad Hüseynov çıxış edərək qeyd etdilər ki, XX əsrin faciəli hadisələrindən biri olan 20 Yanvar hadisəsindən 24 il ötsədə bu tariximizin qan yaddaşıdır. 20 Yanvar hadisəsi eyni zamanda şərəfli tariximizdir. Şərəfli tariximizdir ona görə ki, Azərbaycan xalqı müstəqilliyi və azadlığı əldə etmək üçün kommunsit rejiminə, sovet imperiyasına qarşı fədakarlıqla mübarizə aparmışdır. Zülmə və əsarətə baş əyməmişdir. Xalqımızın mərd və cəsarətli övladları öz canlarından keçərək azadlıq uğrunda şəhid olmuşdular.

17 nömrəli tam orta məktəb

17 nömrəli tam orta məktəb

Qara yanvar və ya 20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tərkibində erməni quldur dəstələri olan sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçidiyi terror aktıdır.

1990-cı ilin 20 Yanvarında keçmiş sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Həmin faciəli günlərdə ölkəsini, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı cinayətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirdi.
Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yerildilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşaiyyət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Azərbaycanda amansızlıqla təkrarladı.

Faciəli 20 Yanvar hadisəsində Bakıda 137 nəfər öldürüldü, 744 nəfər yaralandı, 4 təfər itkin düşdü, 800 dən artıq adam qanunsuz həbs edildi. Bakı şəhərində fəvqəladə vəziyyət elan olundu. Lakin xalqın mübarizəsini, müqavimətini qırmaq mümkün olmadı. Mili azadlıq hərəkatı güclənirdi, sovet imperiyasının süqutu surətlənirdi.

Yanvar faciəsinin ertəsi günü Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız insanlara divan tutulduğunu bütün dünyaya bəyan etdi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixində parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Məktəbimiz 20 Yanvar şəhidi Sabir Abbasovun adını daşıyır. Sabir Abbasov da xalqımızın azadlığı uğrunda mübarizə aparanlara qoşulmuş, öz canını bu yolda qurban vermişdir.

Xalqın azadlığı uğrunda şirin canını düşmən tanklarına sipər edənlərin ən çox qətlə yetirildiyi yer hazırda “20 Yanvar” meydanı adlanır. Azadlıq mübarizlərinin ən çox toplandıqları bu meydandan başlanan küçəyə “20 Yanvar” adı verilmişdir. Bundan başqa həmin meydana çıxan metro stansiyası da “20 Yanvar” adını daşıyır. Bakı şəhərində həmçinin ölkəmizin başqa yerlərində də 20 Yanvar şəhidlərinin adını əbədiləşdirən çoxlu abidələr, xatirə yerləri vardır. Lakin ən möhtəşəm abidəni xalqımız öz qəlbində, yaddaşında yaratmışdır.

20 Yanvar şəhidlərinin ən müqəddəs və əbədi yadigarı isə xalqımızın müstəqilliyi, azadlığıdır. Bu müstəqilliyi xalqımızı göz bəbəyi kimi qoruyub saxlamaqla 20 Yanvar şəhidlərinin xatirəsini əbədi yaşadacaqdır. Dövlətimizin qüdrəti, gücü də bundandır. Buna arxayın olan ümummilli liderimiz Heydər Əliyev cəsarətlə bütün dünyaya elan edirdi: “Azərbaycanın Dövlət Müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır…” Buna hamı bütün dünya, özümüz də inanırıq.

Bakının ən yüksək nöqtələrindən birində hər azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə şəhid olanların dəfn edildiyi şəhidlər xiyabanıdır.

Hər il yanvarın 20-də 100 minlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidləri, Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Nəsillər dəyişəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə yaşayacaqdır.

20 Yanvar faciəsi haqqında ətraflı məktəbin tarix müəllimi AMEA-nın doktorantı Mirnağı Nəzərli danışdı. Məktəbin 4-cü sinif şagirdləri bədii kompozisiya ilə çıxış etdilər. 20 Yanvar şəhidlərinə həsr olunmuş şeiri – Sevinc söylədi. Şagirdlərin ifasında vətənpərvər mahnılar ifa edildi. 20 Yanvar faciəsində şəhid olmuş Larisaya həsr olmuş səhnəni Taleh və Güllü ifa etdilər.

Tədbirdə məktəbin 5,6,7,8,9 sinif şagirdləri fəal çıxış etdilər. Onu da qeyd etmək istərdik ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun rəhbərliyi altında, onun və məktəb rəhbərliyinin təşəbbüsü nəticəsində adını daşıyan məktəbin şagirdi olmuş şəhid, Sabir Abbasovun büstü hazırlanmışdır. Tədbirdə iştirak edən Azərbaycan Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Bəkir Yusifov geniş çıxış etdi. 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbirdə iştirakına görə məktəb rəhbərliyinə minnətdarlıq etdi. Tədbirdə şəhidin qardaşı Abbasqulu müəllim də çıxış edib öz təşəkkürünü bildirdi.

Sonra qonaqların iştirakıyla büstün açılışı oldu. Açılışda məktəbin direktoru Əlisa müəllim çıxış edərək Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir müəllimə büstün hazırlanmasında köməyə görə, büstün hazırlanmasında böyük əməyi olan heykəltaraş Kənan müəllimə, tədbirin hazırlanmasında əməyi olan direktor müavini Adilxan Hüseynova, Uşaq birliyinin rəhbəri Aytən Yusifovaya təşəkkurunu bildirdi.

Sonda büstün önündə xatirə şəkilləri çəkdirildi.

İlham Hüseynli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Filed in: TƏDBİRLƏR

Hələ şərh yoxdur

Şərh yazın