11:15 pm - Bazar Oktyabr 22, 2017

Şamaxı rayon ümumtəhsil ocaqlarında 20 yanvar tədbirləri

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədən 24 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz sonsuz nifrətini bildirir. Həmin günlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.

20 yanvar

20 yanvar

İllər ötür, əsrlər dəyişir, lakin xalqımız XX əsrdə Azərbaycanın ən ağır faciələrindən olan 20 Yanvar müsibətini unutmur. Əksinə, zaman keçdikcə günahsız insanlara qarşı törədilmiş bu qanlı cinayətin dəhşəti daha aydın hiss olunur, totalitar sovet rejiminin yırtıcı mahiyyəti daha dərindən dərk edilir.

1987-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha açıq şəkildə özünü biruzə verdi. Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsini tələb edən erməni daşnaklarını dəstəkləyən o zamankı sovet rəhbəri Mixail Qorbaçovun və Azərbaycanın o vaxtki rəhbərlərinin xəyanətkar mövqeyi respublikamızda milyonlarla insanı təlatümə gətirdi. Sovet rəhbərlərinin Azərbaycan xalqına qarşı bu çirkin niyyəti məğrur xalqımızın milli azadlıq mübarizəsinə güclü təkan verdi.

Mixail Qorbaçov, onun Azərbaycandakı əlaltıları, respublikamızda geniş vüsət alan milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 20 Yanvar qırğınını törətdilər.

Lakin yanvar müsibəti şər imperiyasını xilas etmədi, qan üzərində qurulmuş imperiyanın əsaslarını daha da sarsıtdı, onun süqutunu sürətləndirdi. Bununla belə, yanvar qırğınının qarşısını almaq olardı. Əgər Azərbaycanın uzaqgörən, müdrik, xalqını öz ətrafında birləşdirməyi bacaran ümummilli lideri, rəhbəri olsaydı. Təəssüf ki, xalqın belə bir rəhbəri Heydər Əliyev o zaman Moskvada idi, onun hər hərəkəti ciddi nəzarətə alınmışdı. Buna baxmayaraq, Heydər Əliyev bu qanlı faciədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu dəhşətli qırğını törədənləri ifşa etdi, xalqının haqq səsini bütün dünyaya çatdırdı. Onun qətiyyətli, cəsarətli addımı, xalqı ilə həmrəyliyi milyonlarla insana ruh gətirdi.

20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Bu gün bütün dünya siyəsətçiləri, dövlət xadimləri 20 Yanvar qırğınını insanlığa qarşı bir cinayət kimi pisləyirlər.

20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq və hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir və ediləcəkdir.

Milli faciə kimi yaddaşımızda dərin kök salmış 20 Yanvarın mahiyyəti barədə məlumatlar verilərkən günahsız insanlara qarşı törədilmiş bu qanlı cinayətin dəhşətlərini totalitar sovet rejiminin yırtıcı mahiyyətini daha geniş şəkildə şagirdlərə çatdırmaqla onların vətənpərvərlik hissini gücləndirməliyik. Vətəni sevmək, onun azadlığı, bütövlüyü, toxunulmazlığı naminə mübarizlik ruhunun gücləndirilməsində mənəvi-əxlaqı və iradı keyfiyyətlərin aşılanması mühüm yer tutur.

Vətənə məhəbbət, hərbi vətənpərvərlik, doğma torpağa bağlılıq, xüsusilə qan yaddaşımızın unudulmaması üçün 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şamaxı rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar Şamaxı rayon Təhsil Şöbəsi və təhsil ocaqlarında geniş tədbirlər planı hazırlanmışdır.

Tədbirlər planına uyğun olaraq rayonun təhsil ocaqlarında Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər keçirilib. İctimaiyyətin nümayəndələri, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirlərdə çıxış edən rayon təhsil işçiləri və ziyalılar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar haqqında geniş danışmış, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Eyni zamanda bu tədbirlərdə Qanlı faciəyə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi qiymət verilməsi, Moskvadakı Azərbaycan nümayəndəliyində işğalçı imperiyanı ifşa edən, bütün dünyaya bəyan edən tarixi çıxışı barədə geniş məlumatlar məktəblilərə çatdırılmışdır.

Tədbirlər planına əsasən 10-18 yanvar tarixlərdə 20 Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı rayonun bütün ümumtəhsil məktəblərində mitinqlər keçirilmiş, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələr yaradılmışdır.

“Qan yaddaşı” günü münasibətilə məktəblərdə vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilmiş, inşa-yazı rəsm müsabiqələri və idman tədbirləri təşkil olunmuşdur.

Şamaxı rayon Mədəniyyət Evində Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş tədbirlərdə Avropa liseyi və M.Hadi adına şəhər 9 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin timsalında faciəyə həsr olunmuş kompozisiya və tamaşalar göstərilmiş, şeirlər söylənmiş, bədii qiraətlər səsləndirilmiş, rəsm və foto-şəkilləri nümayiş etdirilmişdir.

Eləcədə Şamaxı şəhər 1,2,3,6,10 nömrəli, Avropa liseyi, THT təmayüllü lisey və inşaatçı qəsəbə tam orta məktəblərində 10-18 yanvar 2014-cü il tarixli günlərdə silsilə ümumməktəb tədbirləri həyata keçirilmiş və bu tədbirlərə bütün müəllim və şagird kollektivləri ilə yanaşı ictimaiyyət də cəlb olunmuşdur.

Həmin tədbirlərdə Azərbaycan Milli Qəhrəmanlarının keçdiyi zəfər yolu və şəhidlik zirvəsinə gedən yolda göstərdikləri şücaət və qəhrəmanlıq salnaməsindən, Mübariz İbrahimov kimi igid zabit və əsgərlərimizin simasında dövlət müstəqilliyimizin göz bəbəyi kimi qorunmasında şəxsi nümunələrindən dönə-dönə söhbətlər açılmışdır.

Yanvarın 17-də rayonun bütün məktəblərində faciəyə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.

Ədalət Məmmədov,
Şamaxı RTŞ Metodkabinetinin müdiri, tədqiqatçı filoloq, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Filed in: TƏDBİRLƏR

Hələ şərh yoxdur

Şərh yazın