2:45 pm - Çərşənbə axşamı May 23, 2017

Riyaziyyat bütün elmlərin açarıdır

Xırdalan şəhər 5 nömrəli tam orta məktəb

Xırdalan şəhər 5 nömrəli tam orta məktəb

Yanvarın 29-da Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə riyaziyyat fənni ilə bağlı “Sehirli dünyamız” adlı olduqca dolğun mənzmunlu və çox maraqlı bir tədbir keçirildi.

Ən fəal ibtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanmış tədbirin əsas təşkilatçısı, ikinci sinif müəllim Günel Süleymanlı ilk sözü məktəbin direktoru Roza Məmmədovaya verdi. Roza müəllim tədbirə toplaşan müəllim, valideyn və şagirdləri Abşeron Rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Kəmalə Abbasova, Təhsil şöbəsinin metodisti Elnarə Həsənova və digər qonaqlarla tanış etdi.

Aparıcılar -4-cü sinif şagirdi Fatimə və 3-cü sinif şagirdi Hüseyn tədbirə toplaşanları salamladıqdan sonra riyaziyyat haqqında qısa məlumat verdilər.

Fatimə: – Riyaziyyat “matesis” – yunan dilində “mən birəm” və ya “elm” mənasını verir. “Riyaziyyat” sözünə ilk dəfə b.e.ə. 550-ci ildə Pifaqor məktəbində rast gəlmişdir. Pifaqor məktəbində riyaziyyat, fəlsəfə və təbiyyət elmləri tədqiq olunurdu. Məktəbdə hesab və həndəsəyə dair edilmiş mühüm kəşflər qədim elmin inkişafına böyük təkan verdi. Eramızdan əvvəl təqribən 580-500-cü illərdə yaşamış Samoslu Pifaqor riyaziyyat tarixində ən çox tənlik yaradan alimdir. Xalq üsyanı zamanı küçələrin birində öldürülərkən o demişdi: “Mənim çəkdiyim cizgilərə toxunmayın!”

Xırdalan şəhər 5 nömrəli tam orta məktəb

Xırdalan şəhər 5 nömrəli tam orta məktəb

Hüseyn: – Riyaziyyat bütün elmlərin açarı hesab edilir. Onun köməyi ilə kainatı anlamaq olar. Sayın hesablanması əldə on barmağın olmasını mənimsədikdən sonra yaranmışdır. Qədim insanlar üçün barmaqlar ən yaxşı hesab vasitəsiydi.

Maya və çukçalara görə 20-lik say sistemi mövcud idi. Onlar ayaq barmaqları ilə də hesablama aparırdılar.

Fatimə: – Dünyada ilk filosof, riyaziyyatçı və astronom qadın İsgəndəriyyəli riyaziyyatçı Teonun qızı Hipatiyadır. 370-415-ci illər arası, cəmi 45 il yaşamış və dövrünün tanınmış alimlərdən biri olmuşdur.

Hüseyn: – Siseronun “tarixin atası” adlandırdığı, eramızdan əvvəl 5-ci əsrdə yaşamış qədim yunan tarixçisi Herodota görə, riyaziyyat Misir və Mesopotomiyada yaranmışdır. İslam dünyasında isə riyaziyyat 750-ci ildən sonra, Abbasilər hakimiyyəti dövründə yayılmağa başlamışdır. Məhəmməbin Musa əl Xarəzmi islam tarixində ilk riyaziyyatçılardandır. Məşhur dörd kitabın: Coğrafiya, Astronomiya, Həndəsə və Cəbr kitablarının müəllifidir. İslam dünyasında ikinci riyaziyyatçı Ömər Xəyyamdır.

Xırdalan şəhər 5 nömrəli tam orta məktəb

Xırdalan şəhər 5 nömrəli tam orta məktəb

Fatimə: – Hesab riyaziyyatın sadə növ ədədlər (natural, tam və rasional) və onlar üzərində aparılan sadə hesablama əməllərini (toplama, çıxma, vurma və bölmə) öyrənən bölmədir. Sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir.

Natural ədədlər üzərində toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə, kökalma əməllərini yerinə yetirmək olar.

Aparıcılar qeyd etdilər ki, riyaziyyat hər yerdədir. Onun əlifbası doqquz rəqəm, bir sıfırdır. Riyaziyyat bütün elmlərin açarıdır. Dahi Nizaminin sözlərindən də bəlli olur ki, həyatda hər şeyi əldə etmək istəyirsənsə, gözəl oxumalı, savadlı olmalısan, bütün elmlərə yiyələnməlisən.

Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Sən çalış yaxşıca öyrən dünyanı
İnsanı, bitkini, daşı, heyvanı,
Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdən hədər.
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxardar.
Bir elm öyrənmək istədiykdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.

Rəqəmlərin yaranma tarixindən söhbət açan aparıcılar bildirdilər ki, bu tarix bizi çox qədimə aparır. “Bir neçə min il bundan əvvəl ilk insanlar saymağı bacarmırdılar. Həyat özü onların müəllimi oldu. İlk dəfə saymağı əl barmaqlarından başladılar. Bu kifayət etmədikdə, ayaq barmaqlarına keçdilər.

Afrikalılar sayarkən rəngli iplərdən istifadə edirdilər. Onlar iplərə düyün vururdular. Hər düyün əşyanın sayını müəyyən edirdi. Bu, onların əşyaları hesablamasına kömək edirdi. Lakin bu üsul əyşanın çoxluğunu müəyyən etməkdə çətinlik törədirdi. Rəqəmlərin ilk dəfə yazılışını Şumerlər fikirləşmişdilər. Onlar rəqəm kimi gil lövhələr üzərində çəkdikləri iki işarədən – şaquli, bucaq şəkilli – istifadə etmişlər. Şaquli xətt vahidi, bucaq şəkilli xətt isə onluğu bildirirdi”. Maya İndusları hesablamada nöqtə, düz xətt, dairədən istifadə edirdilər. Qədim Misirdə isə 1-dən 10-a qədər rəqəmləri papirosun üzərində yazırdılar. Mesopotamiyalılar, Çinlilər, Hindlilər, Ərəblər və Rumlular da rəqəmləri müxtəlif formalarda işarə etmiş və yazmışlar. Hindlilərin işarə etdikləri rəqəmləri ərəblər dəyişmişlər. Hər xalq rəqəmləri öz dilində səsləndirir. Lakin səslənməsindən asılı olmayaraq bütün xalqlar bu rəqəmləri görən kimi tanıyırlar.

Bəli, işarələr və adlar fərqli olsa da, mənalar eyni idi. Rəqəmlərin və işarələrin təsviri əslində böyük riyaziyyatın təməlini qoyurdu. Rəqəmlərin vətəni Hindistan hesab olunur. Bütün dünya xalqları bu rəqəmlərdən istifadə edirlər. Tədbirin bu məqamında gəminin fiti, dənizin və qağayının səsi eşidilir. Gəminin maketi və ətrafa durbində boylanan kapitan görünür. Kapitan uşaqları salamlayır, rəqəmlər isə Vətənlərinin Hindistan olduğunu söyləyirlər. Məclis qurmaq istəyən rəqəmlərin mübahisəsi başlayır, hər kəs başçı olmaq istəyir.

Rəqəmlərin hər biri şeirlə özünü önə çəkir və məclisə rəhbər olmağa layiq olduğunu bildirir. Nəhayət, aparıcılardan biri onların mübahisəsini dayandırır:

Çox incitdiniz bizi,
Kəsin mübahisəni!
Hamınız lazımsınız
Bizə işdə, həyatda.
Sizinlə bir yaranıb
Böyük riyaziyyat da!

Yeni versiyada təqdim olunan “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı – tamaşa maraqla qarşılandı. Ən maraqlısı bu idi ki, 2-ci sinif şagirdi Şəms Abbasovanın təqdim etdiyi səhnəcikdə keçinin balaları şərt kəsərək canavara hesablama sualları verirlər. Canavar da sualların cavabını tapa bilmədiyi üçün balaları yeməyib fikirləşməyə gedir.

Bəzi riyazi işarələrin, həndəsi fiqurların, peşələrin çıxışları, dahilərin riyaziyyatla bağlı fikirlərinin söylənilməsi, bilik-bacarıq oyunu, mahnılar, rəqslər və sairə şagirdlərin hazırlığını əyani şəkildə sübuta yetirirdi. Dahilərin riyaziyyatla bağlı fikirlərini söyləyən aparıcılar XIII əsrdə yaşamış Azərbaycan alimi Nəsrəddin Tusi haqqında dəyərli məlumatlar verdilər: “Tədqiqatçılardan bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid”, “Başlanğıcın təsviri” əsərləri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə”də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elm tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsrəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom disturu daha çox tanınır”.

Mahnı ilə başa çatdırılan “Sehirli dünyamız” tədbirinin əsas təşkilatçısı, II sinif müəllimi Günel Süleymanlı sözü rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədova, Metodist Elnarə Həsənovaya, valideynlər adından II sinif şagirdi Şəmsin nənəsi, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU dosenti Kəmalə Abbasovaya və məktəbin direktoru Roza Məmmədovaya verdi. Abşeron Rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov çıxışına bu gözəl tədbiri hazırladığına görə Günel müəllimə təşəkkürünü bildirməklə başladı. Tədbirdən çox razı qaldığını söylədi. Vurğuladı ki, Abşeron rayonunda keçirilən tədbirlər içərisində ən gözəl tədbirdir və həm də bu tədbir ibtidai siniflər üzrə birinci tədbirdir.

Sonra söz Abşeron Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Elnarə xanım Həsənovaya verildi. Elnarə xanım dedi: “Mən 5 nömrəli məktəbdə dəfələrlə Günel xanımın hazırladığı açıq dərslərdə və tədbirlərdə iştirak etmişəm.

Onun tədbirləri öz rəngarəngliyi və əlvanlığı ilə digər tədbirlərdən fərqlənir.

Günel müəllim daim axtarışda olan yenilikçi, fədakar və gənc bir müəllimdir.

Tədbirdə şagirdlərin öz bilik və bacarıqların fəal şəkildə nümayiş etdirməsi, məktəbin bütün ibtidai siniflərində, Günel müəllimin dərs apardığı 2-ci sinifdə də riyaziyyat dərslərinin günün tələbləri səviyyəsində qurulmasını göstərdi.

ədbirdə əməyi olan validyenlərə və şagirdlərə təşəkkürümü bildirirəm”.

Validyenlər adından söz balaca Şəmsin nənəsi Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti Kəmalə xanıma verildi. Kəmalə xanım bu tədbirdən çox razı qaldığını bildirdi: “Mən çox fəxr edirəm ki, mənim nəvəm Şəms Günel müəllimin sinfində təhsil alır. Mən Şəmsin timsalında bütün şagirdləri və onların valideynlərini ürəkdən təbrik edirəm. Balacalar bu gün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər”.

Məktəbin direktoru Roza Məmmədova isə tədbirin yüksək səviyyədə keçdiyini, şagirdlərin fəallığını, bilik və bacarıqlarını məharətlə nümayiş etdiklərini, ibtidai sinif müəllimlərinin zəhmətini, o cümlədən ssenari müəllifi, tədbirin belə möhtəşəm reallaşmasında daha çox əməyi olan Günel Süleymanlının fəaliyyətini layiqincə dəyərləndirilb, məktəbin müəllim və şagirdlərinə yeni uğurlar arzuladı.

Əşrəf Hümmətov,
“Təhsil problemləri”

Filed in: TƏDBİRLƏR

Hələ şərh yoxdur

Şərh yazın