10:03 pm - Cümə Yanvar 20, 2017

Fiziki tərbiyənin səciyyəvi xüsusiyyətləri

Minayə Xəlilova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin  bədən tərbiyəsi kafedrasının baş müəllimi

Minayə Xəlilova,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
bədən tərbiyəsi kafedrasının baş müəllimi

Fiziki sağlamlığı xalqımız həmişə yüksək qiymətləndirmişdir. Vətənimizin müdafiəsində, əməkdə, ağlın formalaşmasında fiziki tərbiyənin böyük əhəmiyyəti vardır. Müşahidələr göstərir ki, fiziki tərbiyə ilə əhatə olunanlar, həmişə bədəncə möhkəm olur. Onların zehni qabiliyyəti artır, əmək məhsuladarlığı yüksəlir. Biz bu keyfiyyət cəhətlərini fəaliyyət göstərdiyimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin təlimdə qazanmış olduqları uğurlu nəticələrdən aydın görürük. Birinci kurs tələbələrinin atletika, gimnastika, akrobatika, idman oyunları və bir çox təlim materiallarının tədrisi onların fiziki bacarıqlarının formalaşdırılması və keyfiyyətlərinin təmin olunmasını həyata keçirir.

Fiziki tərbiyə zamanı tələbələrə aşılanan düzgün yerimək, qaçmaq, uzununa və hündürlüyə tullanmaq, suda üzmək, kəndirə dırmaşmaq, futbol, voleybol, basketbol oynamaq bacarıqları onlarda yeni keyfiyyətlər əmələ gətirir. Həmin fiziki keyfiyyətlər (dözümlülük, cəldlik, çeviklik, güclülük, elastiklik və s.) bacarıqlarla birləşərək fiziki kamillik formalaşır. Fiziki Tərbiyə qarşısındakı vəzifələr bir çox yollarla həyata keçirilir. Bura daxildir: Səhər gimnastikası, bədən tərbiyəsi məşğələləri, idman, milli oyunlar və s.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Tələbələrin sağlamlığının möhkəmləndirilməsinə, fiziki bacarıq və keyfiyyətlərin aşılanmasında gün rejimi, turizm və digər təbii amillər rolu nəzərə alınmalıdır.

Fiziki tərbiyə ilk növbədə ailədə həyata keçirilir. Uşaq ilk hərəkətini ana bətnində olarkən həyata keçirir. Dünyaya göz açan uşaq böyüdükcə oyunlar onun hərəkətinin mürəkkəbləşməsinə səbəb olur. Demək fiziki tərbiyənin sadə ünsürlərinə uşaqlar ailədə yiyələnirlər. Pedaqoji prosesdə fiziki tərbiyə digər komponentlərlə (əqli, əmək, ekoloji, iqtisadi və s.) əlaqədə həyata keçirilməlidir.

İnsanın təbii, yəni həyati tələbətanın təminatını bədən tərbiyəsi reallaşdırır.

Bədən tərbiyəsi cəmiyyətin maddi və mənəvi mədəniyyətinin tərkib hissəsidir.

Fiziki tərbiyənin məqsədində aşağıdakı məsələlər əsas yer tutur:

* İnsanların hərəki qabiliyyətlərinin inkişafı, sağlamlığının möhkəmləndirilməsi, yüksək ümumi iş qabiliyyətinə malik olması;

* Azərbaycan vətəndaşlarının həyatda zəruri olan hərəkət, bacarıq, vərdiş və xüsusi biliklərinin sistemli şəkildə formalaşdırılması və təkmilləşdirilməsi;

* Vətəndaşların mənəvi, iradi və estetik keyfiyyətlərinin tərbiyə olunması, əqli inkişafın təkmilləşdirilməsi.

Gənc nəslin sağlam böyüməsi, vətənin müdafiəsinə, əməkdə fəal iştiraka hazır olması cəmiyyətin sosial tələblərindən irəli gəlir.

Fiziki tərbiyə üç istiqamətdə həyata keçirilir:

* Ümumi fiziki hazırlıq;

* Peşə fiziki hazırlığı;

* İdman hazırlığı.

İdman hazırlığı fiziki tərbiyədə xüsusi istiqamət təşkil edir. Onun vəzifələrinə insanın seçdiyi idman növündə, yüksək nailiyyət əldə etməsi daxildir.

Dinamik inkişaf edən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı ildən-ilə artır. “Azərbaycan -2020 gələcəyə baxış” inkişaf konsepsiyasının “Gənclərin potensialının və idmanın inkişafı” bəndində qeyd edilir: “Bu sahə ilə bağlı mövcud olan normativ hüquqi baza mütəmadi olaraq təkmilləşdiriləcək, gənclərin həmçinin bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədi ilə rayon (şəhər) icra hakimiyyətləri yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq, gənclər siyasəti, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaqdır”.

Dövlətin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi yüksək diqqətə müvafiq olaraq biz idman müəllimlərinin ali məktəbdə fənnin tədrisi keyfiyyətini yüksəltmək üçün peşəkarlıq imkanlarımızı artırmağa çalışırıq. Bu baxımdan fiziki tərbiyənin aşılanmasında yeni pedaqoji texnologiyaların tətbiqi mühüm amil kimi dəyərləndirilməlidir. Müşahidələr göstərir ki, ixtisasını mükəmməl bilən müəllim psixoloji-pedaqoji qanunauyğunluqlardan təlim prosesində bacarıqla istifadə edə bilməyəndə tədris materialından səmərəli qazana bilmir. Bu məqsədlə müəllim fiziki tərbiyənin sağlamlıq, təhsil və tərbiyəvi effekti ilə təmin olunan metodun elmi əsaslarına istinad etməlidir.

Məqsədlərin öyrətmə uyğunluğu, tələbələrin fərdi və ya qrupla hazırlığı, müəllimin fərdi imkanları və xüsusiyyətləri ilə uyğunluğu, dərs şəraitinə uyğunluq, metodların müxtəlifliyi pedaqoji prosesdə nəzərə alınmalıdır.

Öyrənənlərin hərəkət fəaliyyətinə əsaslanan sözdən istifadə, əyani mənimsəmə və praktik metodların hər birinin özünəməxsus funksiyası vardı. Məsələn, müəllimin sözü iki funksiyadan istifadə etməyə imkan verir:

* Məna cəhətdən, tədris materialını izah etmək.

* Emosional hisslərin öyrənənlərə təsiri.

Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini (əqli, elmi dünyagörüşü, ideya-siyasi, əxlaq, estetik, əmək, fiziki, hüquq, iqtisadi, ekoloji və s. sahələr üzrə) özündə birləşdirir.

Fiziki tərbiyə şəxsiyyətin vacib keyfiyyətlərini – sağlamlığı, gümrahlığı möhkəmlədir, gənc nəsli əməyə, vətən müdafiəsinə hazırlayır. İdman müəllimi kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışdığım uzun illər ərzində tələbələrin fiziki tərbiyəsinin inkişafına nail olmaq üçün həmişə bilik və bacarıqlarımı sərf etmişəm.

Ulu Öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirlərini pedaqoji fəaliyyətimdə elmi əsas kimi istifadə edirəm:

* İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər baxımlı olduğunu sübut edir.

Bu müdrik kəlamdan bir daha idmanın insanın və eləcə də cəmiyyətin həyatında nə kimi mühüm əhəmiyyət kəsb etdiyi aydınlaşır.

Gənclər idmana çox böyük maraq göstərirlər. Qızlar qrupunda apardığım məşğələlərdə tələbələrin atletika, gimnastika, akrobatika, idman oyunları, bədən tərbiyəsi və idman hazırlığının əsaslarının, mövzuları üzrə tapşırıqları yüksək səviyyədə həyata keçirərək yarışlarda qələbələr qazanırlar. Bütün bu nailiyyətlərin əldə olunması fiziki tərbiyənin tələbləri baxımından pedaqoji prosesin planlaşdırılmasını təmin etməyimlə bağlıdır.

Filed in: ARAŞDIRMA, DƏRS NÜMUNƏLƏRİ FİZİKİ TƏRBİYƏ

Hələ şərh yoxdur

Şərh yazın