7:47 pm - Bazar Noyabr 19, 2017

Ömrün 60-cı baharı

Ayaz Aslanov

Ayaz Aslanov

Dərs ili yenicə başlanmışdı. 1977-ci ildə ali məktəbi bitirən və təyinatla Qəbələ şəhər 1 ¹-li orta məktəbində müəllim kimi işə başlayan gənclər həyəcanla “Dərs cədvəli”nin önündə vurnuxurdular. Kimi sinif otağını soruşur, kimi dərs cədvəlində adını tapmayıb həyəcan keçirir, kimi də dərs hissə müdirini axtarırdı.

Dərs hissə müdiri (o vaxtlar direktor müavini yox, dərs hissə müdiri ifadəsi işlənirdi) Paşa müəllim (Allah ona rəhmət eləsin) gənc müəllimlərin adları və soyadlarını dəqiq bilmədiyi üçün özünəməxsus şərti işarələrlə fənnin qarşısında müəllimin kimliyini yazır, amma onun özündən savayı bu işarələri heç kim oxuya bilmirdi.

Təəccüblü cəhət o idi ki, bu siniflərdə dərs deyəcək müəllimlərin adları da yalnız şərti işarələrdən ibarət idi.

“Z” işarəli siniflərdə riyaziyyatı “A.A” adlı bir şəxs tədris etməli idi. Sonralar öyrəndim ki, “A.A.” işarəsi Ayaz Aslanov deməkdir.

Beləliklə, 36 il bundan əvvəl “Dərs cədvəli” qarşısında “heroqliflərin açılışı” ilə başlanan tanışlığımız sonralar səmimi bir dostluğa çevrildi.

Ayaz 1954-cü ilin may ayının 20-də Azərbaycan Respublikası, Ağstafa rayonunun Qırılı kəndində anadan olmuş, əvvəl Saloğlu (Kuxet) orta məktəbində, sonra isə Kirovkənd (indiki adı Həsənsu) orta məktəbində təhsilini davam etdirmiş, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini 1977-ci ildə bitirmişdi.

Onun güvənc yeri biliyi idi. Çox qısa zaman ərzində biliyi hesabına rayonun ən nüfuzlu riyaziyyat müəllimlərini belə heyrətdə qoyan Ayaz iki-üç ay ərzində elə hörmət qazandı ki, çoxları bunu 20-30 ilə əldə edə bilməmişdi. Hətta Soltanəziz müəllim kimi nüfuzlu, rayonda şan-şöhrət sahibi olan bir şəxs bəzi misal və məsələlərin həllində Ayaz müəllimdən məsləhət alırdı.

O vaxtlar da repititorluq mövcud idi, amma pulsuz… Ayaz müəllim məktəbin istedadlı uşaqlarına pulsuz repititorluq edərdi.

Yalnız əməyinə güvənən Ayaz təyinat müddəti başa çatdıqdan sonra Bakıya qayıtdı. Bakı Dövlət Universitetinin hesablama mərkəzində proqramçı və sonralar müəllim, Sumqayıt Dövlət Texniki Kollecində əvvəl müəllim, sonralar isə direktor müavini işlədi. Və nəhayət yenidən ümumi orta təhsilə qayıtdı. Hazırda direktor müavini vəzifəsində çalışır.

Bütün gücünü səfərbərliyə alan Ayaz müəllimin qısa zaman ərzində aşağıdakı adları çəkilən onlarla kitab və kitabçası işıq üzü gördü.

* “Riyaziyyatdan testlər”, 2-ci sinif, 1-ci yarım il, Bakı, 2009

* “Riyaziyyatdan testlər”, 2-ci sinif, 2-ci yarım il, Bakı, 2010

* “Riyaziyyatdan didaktik materiallar”, 1-ci sinif, 1-ci yarım il, Bakı, 2010

* “Riyaziyyatdan didaktik materiallar”, 1-ci sinif, 2-ci yarım il, Bakı, 2010

* “Riyaziyyatdan qiymətləndirmə testləri”, 3-cü sinif, 1-ci yarım il, Bakı, 2010

* “Riyaziyyatdan qiymətləndirmə testləri”, 3-cü sinif, 2-ci yarım il, Bakı, 2010

* “Riyaziyyatdan qiymətləndirmə testləri”, 4-cü sinif, 1-ci yarım il, Bakı, 2011

* “Riyaziyyatdan qiymətləndirmə testləri”, 4-cü sinif, 2-ci yarım il, Bakı, 2012

* “Riyaziyyatdan kiçik və böyük summativ qiymətləndirmə testləri”,

3 variantda (A, B, C), 1-ci sinif, Bakı, 2012

* “Riyaziyyatdan kiçik və böyük summativ qiymətləndirmə testləri”,

3 variantda (A, B, C), 2-ci sinif, Bakı, 2012

* “Riyaziyyatdan kiçik və böyük summativ qiymətləndirmə testləri”,

3 variantda (A, B, C), 3-cü sinif, Bakı, 2012

* “Riyaziyyatdan kiçik və böyük summativ qiymətləndirmə testləri”,

3 variantda (A, B, C), 4-cü sinif, Bakı, 2012

* “Riyaziyyat 2” didaktik vəsait, 2-ci sinif, 1-ci yarım il, Bakı, 2010

İnformatika fənni üzrə:

* “İnformatika-5” test tapşırıqları, 5-ci siniflər üçün, Bakı 2010

Artıq Ayaz müəllimin 60 yaşı var. “Yel qanadlı illər” elə sürətlə ötüb keçdi ki, 60-ın onu nə vaxt haqladığını heç özü də bilmədi. Hələ də ona elə gəlir ki, Qəbələ şəhər 1 ¹-li orta məktəbdə işləyir. Uşaqlar da boy-boya verib dəhlizdə onu gözləyir…

O “uşaqlar” çoxdan ailə başçısı olublar, artıq “nənə-baba”dırlar, amma Ayaz müəllimi görəndə yenə “uşaq” olurlar.

Elə Ayaz müəllimin özü də babadır. Selcan və Tunarla nəfəs alır o. qızı Sevinc müəllimdən çox onları istəyir. Oğlu Seymur Türkiyənin İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsində uzmanlıq təhsili alır.

40 ildən çox müəllimlik stajı olan atası İmamverdi müəllimin verdiyi çörək, çəkdiyi zəhmət hədər getməyib. Müəllim çörəyi ilə böyüyən Ayaz müəllimliyin nə demək olduğunu özü də gözəl bilir. Atası və digər müəllimləri haqqında düşünərkən deyir:

Mənim təsil almağımda xidməti olan bütün müəllimlərimə sonsuz məhəbbət və ehtiramımı bildirirəm. Dünyasını dəyişənlərin ruhu qarşısında baş əyirəm. Öz sağlamlıqları bahasına mənə təhsil verdikləri üçün onlardan müəllim halallığı istəyirəm. Bu hər birimizin mənəvi borcumuzdur. Mənə həmişə dəstək olan insanlara, qayğıkeş tələbə yoldaşlarıma öz minnətdarlığımı bildirirəm. Həyatda azdan-çoxdan nəyə nail olmuşamsa, bu uğrlarda hər birinin öz payı var.

Tanrı hər insana acılı-şirinli bir ömür payı bəxş edir. Bu ömrü yaşayan insan illərin arxasından ötüb keçənləri xatırlayanda sevinirsə, deməli ömrü hədər getməyib. Bir vaxtlar şəvə kimi olan saçları artıq ağarsa da, o elm öyrənmək istəyənlərə hələ də gərəkdir. Yenə onu axtarırlar… Düz 36 il əvvəl olduğu kimi…

Yenə də dəhlizdə, əlində kitab, şagirdləri onu gözləyir. Sual vermək üçün, elm öyrənmək üçün…

Məncə xoşbəxtlik elə budur. Sən gərəksən, sən lazımsan, sən kiminsə ümid yerisən! Yenə xəyalən 36 il əvvəl olduğu kimi ad günü ərəfəsində Qəbələ meşə-qoruğuna çiyələk yığmağa gedirsən. Axı Qəbələdəki meşə çiyələyinin tayı-bərabəri dünyanın heç yerində yoxdur. Sən yenə çiyələk yığır və həm də təəccüblə deyirsən:

– O qədər gözəldir ki, adamın yeməyə əli getmir.

Tanrı səni qorusun, Ayaz müəllim! Ömrün 100-cü baharında belə insanlar üçün gərəkli olasan!

Malik Rəcəb,
“Təhsil problemləri”

Filed in: TƏBRİKLƏR

2s şərh var: to “Ömrün 60-cı baharı”

  1. metleb
    21 Fevral 2015 at 11:15 #

    sizə öncədən təşəkkür edirəm

  2. 21 Fevral 2015 at 11:18 #

    testlərin açılmasın istəyirəm .3-cü sinif üzrə

Şərh yazın