3:11 pm - Şənbə Noyabr 24, 2762

Texnologiya dərslərində təlimin təşkili formaları

Ülviyyə İbrahimova, Samux rayonu,  Ziyadlı kənd tam orta məktəbin texnologiya müəllimi

Ülviyyə İbrahimova,
Samux rayonu,
Ziyadlı kənd tam orta məktəbin texnologiya müəllimi

Təlimin təşkili formaları onun məqsəd və vəzifəsindən asılı olaraq dəyişir. Ən mühümü olan dərsdir. Dərsin səmərəli təşkili- təlim məqsədlərinin reallaşmasına öz müsbət təsirini göstərir. Bu məqsədlə texnologiya fənnin xüsusiyyətlərinə müvafiq olaraq kombinəedilmiş nəzəri, praktik laboratoriya işi, yoxlayıcı dərs formalarından geniş istifadə olunmuşdur.

Hər bir dərsi səciyyələndirən cəhətlərlə bağlı olaraq müəllim ondan faydalanmalıdır. Bunun üçün müəllimin ümumi elmi-pedaqoji, peşəhazırlığı vacibdir.

Kombinəedilmiş dərs özündə nəzəri və praktik təlim materiallarını birləşdirməyi zəruri edir. Məsələn, V sinifdə “Buterbrodların və isti içkilərin hazırlanması texnologiyası” mövzusu tədris olunarkən standartların kurikulumun tələbinə uyğun olaraq həllini tapması məhz dərsin hansı formada keçirilməsindən asılıdır. Burada fərdi cüt, qrup və kollektiv iş formalarından istifadə 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 2.1.1.; 2.2.1. kimi alt standartların fəndaxili inteqrasiyasının aparılmasına xidmət edir.

Fənlərarası inteqrasiyada H.b.1.1.1; A-d 1.2.1.; 1.2.2.; F-t. 1.1.1. fənlərin müvafiq məzmun xətlərinə aid olan alt standartlar üzrə bilik və bacarıqlar əlaqələndirilir. Bütün bunların keyfiyyətcə yüksəlməsinə kombinə edilmiş formada dərsin təşkili mühüm əhəmiyyət kəsb edir. İlk öncə şagirdlər buterbrodların və isti içkilər haqqında nəzəri bilik qazandıqdan sonra praktik işlər həyata keçirilir.

* Buterbrod sözü alman dilindən olub “yağla çörək” mənasını verir.

* Buterbrodlar sadə, mürəkkəb, bağlı və qəlyanlatı növlərə bölünür.

* Açıq buterbrodlar üçün qalınlığı, təxminən 1-1,5 sm olan çörək dilimi götürülür.

* Üzərinə qoyulan ərzağa görə buterbrodlar sadə və mürəkkəb olur.

* Açıq buterbrodlar soyuq və isti olur.

* Bağlı buterbrodlar üçün qalınlığı təxminən 0,5 sm olan iki çörək dilimi götürülür.

* Kanape qəlyanaltı olaraq bayat çörəkdən istifadə olunur.

* Tartinlər qızardılmış çörəkdən olan xırda buterbrodlardır.

* Çay – ən çox istifadə olunan isti içkilərdəndir. İlk dəfə Çində ondan içki kimi istifadə olunmuşdur.

İsti içkilərin hazırlanması və içilməsi üçün aşağıdakı qab-qacaqlardan faydalanırıq:

* Su qaynatmaq üçün çaydan;

* Çay dəmləmək üçün çaynik;

* Kakao hazırlamaq üçün parç;

* Nəlbəki və fincanlar;

* Çay qaşıqları;

* Çayı süzmək üçün xırda süzgəc;

* Qəhvə hazırlamaq üçün parç;

* Qəhvədan;

* Qəhvə. Tropik bitki olan qəhvə ağacının toxumlarından xoş ətrili və dadlı içki hazırlanır.

* Kakao tozunu kakao ağacının toxumlarından alırlar. Kakaonu Cənubi Amerikadan Avropaya ilk dəfə 1492ci ildə məşhur səyahətçi Kolumb gətirib. Kakao çox kalorili içki olduğu üçün stressi və yorğunluğu tez götürür.

Qazanılan nəzəri bilikdən sonra şagirdlərin buterbrod, çayın dəmlənməsi, qəhvə və kakaonun hazırlanması üzrə praktik işlərin aparılması onlarda maraq doğurur.

Buterbrodu hazırlamaq üçün çörək diliminin üstünə kərə yağı sürtülür, pendir, vetçina, balıq və s. də qoyulur. Əlavə olaraq buterbrodu göyərti, pomidor, xiyar və ya limon dilimi ilə bəzəmək olar. Buterbrodlar istifadədən yarım saat əvvəl hazırlanır. Süfrəyə isti içkilərin (çay, qəhvə, kakao və s.) yanında xırda boşqablarda üstü salfetlə örtürülmüş vəziyyətdə buterbrod verilir.

Çayın dəmlənməsi texnologiyası bir çox mərhələdən ibarət olub müəyyən qab-qacaqlar tələb olunur.

* Suyu qaynatmaq üçün çaydan;

* Dəmləmək üçün çaynik;

* Süzmək üçün süzgəc;

* Çay qaşıqlar, fincanlar, nəlbəkilər.

Çayın hazırlanma ardıcıllığı:

* Suyu qaynatmaq;

* Dəm çaynikini qaynar su ilə yaxalamaq;

* Ölçüsündən (həcmindən) asılı olaraq içinə quru çay tökmək;

* Çaynikin üçdə iki hissəsinə qədər qaynar su tökmək;

* Çaynikin qapağını bağlamaq, üstünü mətbəx dəsmalı ilə örtüb, 10-15 dəqiqə dəmə qoymaq.

* Sonra çayniki qaynar su ilə doldurmaq.

Sufrəyə çayla istifadə etmək üçün qənd, limon, mürəbbə, şirniyyat və s. qoymaq. Dəmlənmiş çaydan içmək ətrindən zövq almaq.

Bir mövzunun nümunəsində aparılan təhlildən aydın görünür ki, texnologiya fənnin imkanları daxilində şagirdlərin həyati bacarıqlar qazanmaları üçün kombinəedilmiş formada təlim işinin qurulması səmərəli nəticələr verir. Nəzəri bilik əsasında praktik bacarıqların formalaşması təmin olunur.

Kurikulumun (təhsil proqramı) tətbiqi ilə həyata keçirilən tədris işlərimiz fəal təlimə əsaslandığı üçün şagirdlərin fəallaşdırılmasına yönələn mexanizmlərdən dərsdə faydalanmaq zərurəti yaranır. Bu məqsədlə dərs formalarından istifadə edərkən şagirdlərin düşünmə yönəldilməsinə keçmişdə mövzu ilə əlaqədar qazanmış olduqları biliklərin yada salınmasına şərait yaradıram. Kağızın növ müxtəlifliyi ilə əlaqədar nəzəri və praktik elementlər ilə bağlı şagirdlərimin qazanmış olduqları bilik və bacarıqlar laboratoriya işi dərsində əhəmiyyət kəsb edir.

Bu zaman şagirdlər üçün praktik dərsdən fərqli olan yeni maraqlar yaranır. Məsələn, praktik dərsdə şagird kağız materiallarından konkret olaraq hər hansı məmulat hazırlayır. Laboratoriya dərsində isə şagirdlər materialların (kağız, karton, plastilin, parça, oduncaq və s.) mexaniki, fiziki, texnoloji, ölçü, forma və digər xassələrini araşdırır, tədqiq edir. Eyni zamanda bu prosesdə istifadə olunan alətlərin, cihazların, maşınların quruluşunu yaxından müstəqil olaraq öyrənir.

Texnologiya fənninin şagird şəxsiyyətinin ahəngdar inkişafında təsir imkanlarının praktiki cəhətdən geniş olduğunu nəzərə alaraq, onun tədrisi keyfiyyətinin yüksəlməsinə diqqəti artırmalıyıq.

Filed in: DƏRS NÜMUNƏLƏRİ TEXNOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın