4:44 am - Şənbə İyul 22, 2017

İbtidai siniflərdə musiqi dərsinin tədrisi

Musiqi ruhun qidasıdır. Musiqi insanlıqla qoşa yaranmışdır. Müasir məktəblərimizin musiqi sahəsində müvafiq bilik, bacarıq və vərdişlərə malik olması, eyni zamanda onların intellektual səviyyələrinin, şəxsiyyət zənginliyinin əsas göstəricilərindən biri kimi qiymətləndirilir. İncəsənətin ən geniş yayılan növü olan musiqiyə daima xüsusi maraq göstərirlər. Hələ məktəbəqədər dövrdə ana laylası ilə oyanıb hərəkətə gələn bu maraq sonradan ibtidai siniflərdə daha da geniş inkişaf edir. Təəssüf hissi ilə qeyd etməliyik ki, məktəblərdə bu maraq lazımınca nəzərə alınmır, dinamik şəkildə inkişaf etdirilmir. Çox zaman musiqi dərsləri ana dili, riyaziyyatla əvəz olunur. Bunun səbəblərini müəllimlər müxtəlif yollarla izah edirlər. İbtidai siniflərdə riyaziyyat və ana dili fənləri çətin olduğu üçün, onun tədrisinə 45 dəqiqə vaxt çatmır, bu səbəbdən musiqi dərslərində əlavə vaxtdan istifadə olunur. Musiqisiz, rəqssiz, zövqsüz insan isə bir az yarımçıq olur. Əgər əvvəlki illərdə dərsliklərin, tədris vəsaitlərinin çatışmaması ucbatından həmin vəziyyətə dözmək olurdusa, indiki dövrdə belə vəziyyətlə heç cür razılaşmaq olmur. Respublikamızda uğurla həyata keçirilən təhsil islahatının indiki mərhələsində digər fənlərlə yanaşı, musiqi üzrə də müasir dərsliklər, şagirdlər üçün iş dəftərləri və müəllim üçün metodik vəsaitlər nəşr olunmuşdur. 

Kurikulumda musiqi üzrə qarşıya qoyulan vəzifələrin həcmi elədir ki, onları uğurla yerinə yetirmək üçün həm sinif-dərs məşğələlərindən, həm də sinifdənxaric işlərin müxtəlif formalarından kompleks şəkildə istifadə olunmalıdır. Kurikulum islahatına görə şagirdlər mahnı oxumaq qaydalarını, mahnıların mətnlərini məzmununa görə səhnələşdirməyi, musiqi alətlərini xarakterinə və tembrinə görə bir-birindən fərqləndirməyi, müxtəlif janrlı musiqi əsərlərinə münasibət bildirməyi, Azərbaycan və Avropa bəstəkarlarını tanıyaraq, onların əsərlərini müqayisə edə bilməyi, musiqi notlarının adlarını demək və oxumağı, onları sadə musiqi alətində çalmağı bacarmalıdırlar. Yəni, musiqi müəllimi tədrisə yaradıcı yanaşmaqla istiqamətverici, əlaqələndirici, məsləhətçi rolunda çıxış etməli, şagirdlər isə tədqiqat aparıb, biliklərini tətbiq və təqdim etmək bacarıqlarını göstərməlidirlər.

Buradan belə bir sual yaranır. Musiqi üzrə göstərilən bacarıq və qabiliyyətləri həftədə bir saat hesabı ilə keçirilən musiqi dərslərində ibtidai sinif şagirdlərinə aşılamaq mümkündürmü?

Bu işin nəzəri-praktik məsələləri ilə məşğul olan müəllimlər və özüm ibtidai sinifdə musiqi fənnini tədris edən müəllim kimi qeyd etməliyəm ki, olduqca çətindir. Çünki, ilk baxışda sadə görünən, həmin bacarıqların və qabiliyyətlərin aşılanması üçün uşaqlarla günlərlə, həftələrlə, aylarla məşğul olmaq lazım gəlir. Buna görə də musiqi dərsləri bu sahədə müəyyən səriştəsi olan müəllimlər tərəfindən keçilməli, həm də sinifdənxaric işlərin müxtəlif formalarından istifadə olunmalıdır.

Necə ki, riyaziyyat üzrə məsələ, misal həll edə bilməyən bir kəsə ibtidai sinifdə dərs deməyə icazə vermirlər, musiqini də musiqi duyumu, zövqü olmayan bir insana həvalə etmək düzgün olmazdı. Düzdür, bəzən dərsliklərin, proqramların ağırlığından, çətinliyindən şikayət etmiş olsaq da, bu bizə haqq qazandırmamalıdır, əksinə, şagird sualı qarşısında cavabsız qalmamaq üçün özümüz öz üzərimizdə çalışmalıyıq. O müəllim ki dərs zamanı sinifdə uşaqlarla birgə mahnı ifa etmirsə, əsərin məzmununa uyğun olaraq rol oynamırsa, şagirdlərə mahnı oxumaq qaydalarını öyrədən zaman dirijorluq etmirsə, rəqslərin qurulmasında iştirak etmirsə burada dərsliklərin günahı yoxdur. Belə bir xalq deyimi var: “Oynaya bilməyən deyir ki, yerim dardır”.

Bu fənnin yüksək səviyyədə keçilməsi uşağa kömək edir ki, o, digər fənləri də asan mənimsəsin. Fənnin tədrisi prosesində öyrənilən mahnılar şagirdlərin vətəndaş kimi böyüməsinə, mənəvi vətənpərvərlik tərbiyəsinə çox böyük təsir göstərir. Musiqiyə ikinci fənn kimi baxmaq olmaz. Bu barədə fikirləşmək, neqativ münasibətləri dəyişmək lazımdır. Əks təqdirdə biz gələcəkdə zövqsüz, musiqiyə biganə bir nəslin yetişməsinin şahidi ola bilərik. Bu, ən azından musiqi beşiyimiz olan Şuşamıza, musiqinin atası olan Üzeyirimizin ruhuna, musiqi laylası olan muğamımıza hörmətsizlik olar.

İstər riyaziyyat, istər ana dili, istərsə də musiqi, bunların hamısı elmdir. Dahi rus bəstəkarı, pedaqoq D.B.Kabalevski demişdir: “Musiqi fənninin səviyyəsini müəllimin səviyyəsinə endirmək deyil, müəllimin səviyyəsini bu fənnin ucalığına qaldırmaq lazımdır.”

IV sinif Musiqi dərsindən nümunə:

Mövzu: Bəstəkar və operetta

Standart: 1.1.1. ; 1.2.3.

Məqsəd: Şagirdlər:

1. operetta janrı haqqında tam məlumat əldə edirlər.

2. Azərbaycanda operetta janrının yaranma tarixi haqqında məlumatlanırlar.

3. Musiqi janrı, musiqi alətləri və kollektivi arasında əlaqəni izah edirlər.

İnteqrasiya: Azərbaycan dili, Təsviri incəsənət, Texnologiya

İş forması: Fərdlərlə və qruplarla iş.

İş üsulu: Şaxələndirmə(klaster), BİBÖ, müzakirə

Resurslar: Dərslik, iş vərəqləri, kompyuter, proyektor

Dərsin gedişi: Dərsə salamlaşma ilə başlayıram

Gəlin-gəlin uşaqlar

Bizim görüşümüz var

Gəlin əl-ələ tutaq, dostluq dövrəsi quraq

Əvvəlcə salamlaşaq,

Sonra dərsə başlayaq

I.Motivasiya

Şagirdlər proyektorla himnin məzmununa uyğun videoçarxı izləyərək ifa edirlər. Uşaqlardan himnimizin müəlliflərini soruşuram, şair kimə deyilir, bəstəkar kimə deyilir? Uşaqlar cavablandırırlar.

Hansı Azərbaycan və Avropa bəstəkarlarını tanıyırıq?

Şagirdlər slaydlara baxa-baxa bəstəkarların adlarını sadalayırlar və dahi bəstəkarımız Üzeyir Hacıbəyovun portreti göstərilir. Uşaqlara müraciət edirəm.

Üzeyir Hacıbəyov kimdir? Şaxələndirmə üsulu ilə uşaqlar Üzeyir Hacıbəyov haqqında məlumatlanırlar. Müzakirələrlə onun həyatı, yaradıcılığı, publisistikası və nəhayət Azərbaycanda opera və operettanın yaradıcısı olduğu vurğulanır.

Tədqiqat sualı:

Operetta janrında yazılmış musiqili səhnə əsərində hansı musiqi janrlarından istifadə olunur və hansı musiqi kollektivləri iştirak edir?

II. Tədqiqatın aparılması

Şagirdlərə üzərində cədvəl çəkilmiş iş vərəqləri paylayıram və doğru cavabın qarşısında (+) qoymaqlarını tapşırıram. Şagirdlər qeyd etdikdən sonra proyektorda doğru cədvəl əks olunur. Uşaqlar öz yazdıqları ilə doğru cavabı müqayisə edirlər.

Tədqiqatı daha geniş aparmaq üçün şagirdlər 5 qrupa bölünürlər. Qruplar Üzeyir Hacıbəyovun əsərlərinin adları ilə adlandırılırlar və hər qrup özünə lider seçir. İş vərəqlərini qruplara paylayıram.

İş vərəqi 1. “O olmasın, bu olsun” qrupunun sualları:

Tapşırıq 1. “Arşın mal alan” musiqili komediyası hansı dünya dillərinə tərcümə olunmuşdur?

Cavab: “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, gürcü, polyak, belarus və s. dünya dillərinə tərcümə olunmuşdur.

Tapşırıq 2. “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadla Rüstəm bəyin dialoqunu ifa edin.

Cavab: İki şagird ifa edir və monitorda həmin fraqment səslənir

İş vərəqi 2. “Koroğlu” qrupunun sualları:

Tapşırıq 1. Verilmiş rəngli kağızdan rəqs edən qızların geyimlərini kəsib yapışdırın

Cavab: Qırmızı kağızlarda rəqs edən qızlar təsvir olunur

Tapşırıq 2. “Arşın mal alan” operettasına ilk film nə vaxt çəkilib?

Cavab: 1945 -ci ildə “Arşın mal alan” operettası əsasında C.Cabbarlı adına Azərbaycan kinostudiyasında ilk bədii film çəkilmişdir.

İş vərəqi 3. “Leyli və Məcnun” qrupunun sualları

Tapşırıq 1. “Arşın mal alan” operettası nə vaxt yazılıb?

Cavab: Bəstəkar ” Arşın mal alan” operettasını 1913-ci ildə Peterburqda təhsil alarkən yazmışdır.

Tapşırıq 2. Opera nədir?

Cavab: Əvvəldən sona qədər musiqi ilə ifa olunan səhnə əsərinə opera deyilir.

İş vərəqi 4: “Arşın mal alan” qrupunun sualları

Tapşırıq 1. Üzeyir bəy Hacıbəyovun musiqili komediyalarından sevdiyin bir obrazın rəsmini təsvir et.
Cavab: Şağird sevdiyi bir obrazı təsvir edir: Məşədi İbad

Tapşırıq 2. “Arşın mal alan”operettasından musiqili parça ifa edin.

Cavab: Sinfin bütün qızları qrupa qoşularaq “Arşın mal alan” operettasından rəqsi ifa edirlər.

İş vərəqi 5. “Ər və arvad” qrupunun sualları.

Tapşırıq 1. Azərbaycanda musiqi günü nə vaxt qeyd olunur?

Cavab: Hər il 18 sentyabr Azərbaycanda musiqi günü kimi qeyd olunur

Tapşırıq 2. Krossvordu həll et.

Cavab: Krossvord həll olunur və düzgün cavab monitorda görünür.

III. Məlumatın mübadiləsi.

Verilmiş vaxt tamam olduqdan sonra qruplar öz işlərini təqdim edirlər, informasiya mübadiləsi başlayır

IV. Məlumatın müzakirəsi və təhlili.

Bu mərhələdə digər qruplar da cavablara münasibət bildirir, qrup liderlərinə suallar verirlər.

V. Nəticənin çıxarılması və ümumiləşdirilməsi

Qrupların təqdimatlarını dinlədikdən sonra ümumiləşdirməyə başlayıram. Əvvəlcə uşaqlardan soruşuram, öz təqdimatlarınızdan, cavablarınızdan razı qaldınızmı? Uşaqlar hamısı bir ağızla bəli deyirlər. Qrupları alqışlayırıq. Lakin bunlarla yanaşı təqdimat zamanı xırda nöqsanları da qeyd edirəm.

Bəli uşaqlar, biz bugünki dərsimizdə bəstəkar və operetta haqqında demək olar ki, yetərincə məlumat əldə etmiş olduq. Biz öyrəndik ki, operetta janrı bəstəkar və libretto müəllifi tərəfindən işlənilir, Musiqili Komediya Teatrının aktyor və musiqi kollektivləri tərəfindən tamaşaya hazırlanır və tamaşaçılar tərəfindən dinlənilir. BİBÖ cədvəli uşaqların iştirakı ilə doldurulur və əldə olunmuş nəticə buradan özünü göstərir.

VI. Qiymətləndirmə
Bilik və bacarıqları şagirdlərin iştirakı ilə müəyyən meyarlar üzrə qiymətləndirirəm.

VII. Ev tapşırığı

Üzeyir Hacıbəyovun musiqili komediyalarından ibarət albom hazırlamaq.

Güllübəyim Cərullayeva,
İsmayıllı rayon Təhsil şöbəsinin metodisti

Filed in: DƏRS NÜMUNƏLƏRİ MUSİQİ

Hələ şərh yoxdur

Şərh yazın