2:52 pm - Çərşənbə axşamı May 23, 2017

“Mənim ana dilim, mənim kimliyim…”

Mənim ana dilim mənim kimliyim,
Pasportum, özümə öz hakimliyim.

(Bəxtiyar Vahabzadə)

Dil insanın həyatında müstəsna əhəmiyyətə malik olan ünsiyyət vasitəsidir. Dil bizi keçmişimizlə, gələcəyimizlə bağlayan tarix bağımızdır.

Həzrət Əli buyurmuşdur: “İnsan öz dilinin altında gizlənibdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir”.

Sədi Şirazi isə yazırdı: “Dil ağızda nədir: hünər sahibi xəzinəsinin qapısına açardır. Nə qədər ki, bu qapı bağlıdır, heç kəs bilmir ki, bu xəzinə sahibi cəvahir satır, yoxsa zir-zibil…”

Bəli, insanın dəyəri ağzından çıxan sözlə ölçülür. Atalarımız nahaq deməyiblər: “Söz insanın özüdür”.

Hər bir millətin öz doğma dili var. Bu dil ana dili adlanır. Ana dili millətin mənəviyyatının güzgüsü, varlığının göstəricisidir, mənəvi diriliyidir. Ana dili elə dəyərli sərvətdir ki, onun məhv olması millətin bir millət kimi tarix səhnəsindən silinməsi deməkdir.

İllər ötdü, yaşa doldum,
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim.

(Xəlil Rza Ulutürk)

Bizim ana dilimiz Azərbaycan dilidir. Gözümüzü dünyaya açan gündən bu dil ana südü, ana laylası ilə birgə beynimizə süzülür, yaddaşımıza həkk olunur, canımıza, qanımıza hopur, ruhumuzu qidalandırır. Nənələrimizin şirin-şəkər nağıllarını, babalarımızın öyüdünü, ata-analarımızın, ibrətamiz nəsihətlərini bu dildə dinləmişik. Üzeyirin bəstələri, Bülbülün, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın nəğmələri bu dildə oxşayıb könlümüzü.

Dünyanın ən nadir söz incisi, türk xalqlarının ən dəyərli sənət abidəsi, folklorumuzun ən kamil nümunəsi “Kitabi-Dədə Qorqud” bu dildə yaranıb ərsəyə gəlib, yazıya alınıb.

Xalqımızın başdan-başa qanla yazılmış şanlı səhifələrlə dolu qəhrəmanlıq tarixini bu dildə oxuyub mənimsəmişik. Babək dönməzliyi, Koroğlu mərdliyi, Nəbi qeyrəti, Həcər dözümü, Beyrək sədaqəti, Banuçiçək isməti bu dildə aşılanıb bizə. Bu dildə öyrənmişik Şah İsmayıl Xətai uzaqgörənliyini, Heydər Əliyev zəkasını və müdrikliyini.

Azərbaycan Səfəvilər dövlətinin yaradıcısı, eyni zamanda görkəmli söz ustası Şah İsmayıl Xətai hələ XV əsrdə ilk dəfə olaraq dilimizi dövlət dili səviyyəsinə yüksəltmişdir. O, nəsihətlərindən birində deyirdir: “Ey türk oğulları, bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahirata dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın”.

XX əsrdə isə ulu öndərimiz Heydər Əliyevin sayəsində müstəqilliyimiz dünyaya bu dildə bəyan edildi, dövlətçilik ideyalarımız bu dildə təbliğ olundu. Ədəbiyyatımızın görkəmli söz ustaları Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qazı Bürhanəddin, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif dilimizin bütün ifadə imkanlarından istifadə edərək onun gözəlliyini, zənginliyini nümayiş etdirmiş, öz ölməz əsərlərilə Azərabycan dilini ən yüksək zirvəyə qaldırmışlar.

Bu dildədir yüz abidə, min abidə
Xilafəti parçalayan Babəkimin qəzəbi də.
Məhv olarsa bir gün bu dil,
Göy-göl onda Göy-göl deyil,
Qoşqar onda Qoşqar deyil.
Öz dilini sən qala bil!

(Xəlil Rza Ulutürk)

Azərbaycan dili ahəngi, rəvanlığı, səlisliyi, axıcılığı və musiqililiyi ilə dünya dilləri içərisində özünəməxsus yer tutur. Dilimizdəki ahəng qanunu dünya alimlərini heyran etmişdir.

Xalqımızın böyük müğənnisi Bülbül İtaliyada musiqi təhsili aldığı üçün italyan dilinin imkanlarına yaxşı bələd idi. O, doğma dilimizi dünyanın ən musiqili dili sayılan italyan dili ilə müqayisə etmişdir. Bildiyimiz kimi, dildə ahəngdarlığı, musiqililiyi yaradan sait səslərdir. İtalyancada 6, azərbaycancada 9 saitin olmasını nəzərə alan böyük xanəndəmiz Azərbaycan dilinin daha musiqili olduğu qənaətinə gəlmişdir. Mədəniyyət tariximizdə musiqinin rolu önəmli olduğu kimi, Azərbaycan mədəniyyətinin inkişafında Azərbaycan dilinin rolu da danılmazdır.

Azərbaycan dilinin ifadə imkanları olduqca zəngindir. Bu dildə hər kəlmənin neçə məna çaları vardır. Bunun sayəsində biz istədiyimiz fikri çox asanlıqla ifadə edə bilirik.

Daşlardan süzüldün sən zaman-zaman
Suyu saflaşdırır daşdan keçməsi.
Yarandı dumduru damcılarından
Bayatı çeşməsi, dastan çeşməsi.

(Bəxtiyar Vahabzadə)

Azərbaycan dili ən azı dəyişikliyə uğrayan dillərdəndir. Az dəyişilən dillər uzunömürlü olur. Yaranmasından 1300 il keçməsinə baxmayaraq, biz “Kitabi-Dədə-Qorqud” dastanının əlyazmasını orijinaldan oxuyub başa düşə bilirik. Ancaq ingilis dili 400 il ərzində o qədər dəyişikliyə uğrayıb ki, bugünkü ingilis Şekspirin əsərlərinin XVI əsrə aid əlyazmasını tərcüməsiz oxuya bilmir.

Dil milli mədəniyyətin təzahürüdür. Hər bir vətəndaş öz doğma dilini dərindən bilməli, onun incəliklərinə yiyələnməli, özündə nitq mədəniyyəti tərbiyə etməlidir. Öz ana dilini bilməyən adam mədəni adam sayıla bilməz. Çalışmalıyıq ki, şifahi və yazılı nitqimiz gözəl olsun. Bunun üçün də dilimizin qayda-qanunlarını, normalarını mükəmməl bilməliyik. Harada oluruqsa olaq, unutmamalıyıq ki, biz Azərbaycanı təmsil edirik.

Dil elə bir sərvətdir ki, onu itirmək faciədir, dəhşətdir. Millətin dilini əlindən almaq onu ölümə məhkum etmək deməkdir. Görkəmli rus ədibi və pedaqoqu Uşinski demişdir: “Bir millətin mal-dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz”.

Azərbaycan dili zamanın sınaqlarından keçib, zaman-zaman müxtəlif problemlərlə qarşılaşıb: bəzən yabancı sözlərin axınına məruz qalıb, bəzən siyasi təzyiqlərlə üzləşib, bəzən də öz övladlarının ögeyliyinə, biganəliyinə tuş gəlib. Amma məhv olmayıb, yaşayır.

Sağdır dilim,
Demək sağdır milyard yaşlı məmləkətim!

(Xəlil Rza Ulutürk)

Ana dilim… Varlığım… Səni yüksəklərə qaldıran, səni dünyaya tanıdan yüzlərlə vətən övladı var. Amma, təəssüf ki, sənin qədrini bilməyən, ana dilində danışmağı ar bilən, başqa dilləri üstün tutan nankorlar da var. Xarici dil öyrənmək mədəniyyətdir. Ancan onu dilinə xor baxmaq, başqa dilləri ondan uca tutmaq nankorluqdur, millətə, vətənə xəyanətdir. Çox dil bilmək böyük üstünlükdür, lakin ilk öncə ana dilimizi mükəmməl bilməliyik.

Qalxıb Şah dağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən “nankor”-deyirəm, “nacins”-deyirəm
Öz ana dilini bilməyənlərə.

(Tofiq Bayram)

Firudin bəy Köçərli “Ana dili haqqında” adlı məqaləsində yazırdı: “Hər bir millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindəndir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir.

Bu Allah-taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”.

Təranə Mirzəyeva,
Təhsil Problemləri İnstitutunun
Təhsil Texnologiyaları Mərkəzinin koordinatoru

Filed in: YAZILAR

12s şərh var: to ““Mənim ana dilim, mənim kimliyim…””

  1. 28 Mart 2016 at 16:51 #

    ela yazmisiz saqoluz tamda mənə lazım idi saqoluzz

  2. AD
    20 Aprel 2016 at 19:58 #

    çox gözəldi

  3. rena
    20 Dekabr 2016 at 19:18 #

    coxxx superdi

  4. 21 Dekabr 2016 at 16:31 #

    seirler coooooooooooooooox qesengdir

  5. 21 Dekabr 2016 at 17:06 #

    Çox gözel melumatdır ellerinize salıq

  6. 21 Dekabr 2016 at 17:37 #

    Suupppeeeerrrrrr

  7. 21 Dekabr 2016 at 17:38 #

    Teşekkürler ellerinize sağlık 😘😘😍😍👍👍🌹

  8. 21 Dekabr 2016 at 20:56 #

    Çox gozeldi

  9. Mooncrown
    16 Yanvar 2017 at 21:18 #

    Cox qeseng weirdi

  10. 25 Aprel 2017 at 19:18 #

    gozel seırler ve melumatlar

  11. 25 Aprel 2017 at 19:19 #

    ellerınıze saqlıq

Şərh yazın