4:46 am - Şənbə İyul 22, 2017

III sinif. Həyat bilgisi. Fəsillər necə dəyişir

Mövzu: Fəsillər necə dəyişir.

Standart: 1.1.1 Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir.

1.1.3 “Zaman”, “məkan” anlayışlarını sadə formada izah edir.

Məqsəd: Fəsillərin dəyişməsinin səbəblərini, canlı aləmə təsirini izah edir.

İnteqrasiya: Azərbaycan dili: 2.2.4 Mətindəki əsas fikri həyatla əlaqələndirir;

Riyaziyyat:2.3.2 Kəmiyyətlər arasındakı sadə asılılıqları başa düşdüyünü izah edir.

İnformatika: 1.1.2 Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.

Dərsin tipi: Yeni bilik və bacarıqlar formalaşdıran.

İş forması: Müzakirə, müşahidə, Venn dioqramı.

Resurslar: Dərslik, İş dəfdəri, iş vərəqləri, qlobus, fənər.

Xırdalan şəhər 5 nömrəli  tam orta   məktəb

Xırdalan şəhər 5 nömrəli tam orta
məktəb

Dərsin gedişi:

Bir kişinin 4 oğlu var
Biri yaşıl, o biri al
Biri sarı, o biri ağ.

Tapmaca söylənildikdən sonra şagirdlər “FƏSİLLƏR” cavabını səsləndirir. Ekranda fəsilləri əks etdirən slaydlar göstərilir. Bundan sonra şagirdlərin ötən dərslərdə fəsillər haqqında öyrəndikləri sual-cavabla yada salınır. Bu zaman – Fəsil nədir?; Bir ildə neçə fəsil var?; Hər fəsilə neçə ay düşür?; Yay fəslinin ayları hansıdır?; Təbiət nə vaxt oyanır?; Qış fəslinin ayları hansılardır?; İndi hansı fəsildir?; Bu fəsli digər fəsillərdən fərqləndirən ən önəmli xüsusiyyət nədir?; Gül bayramını hansı fəsildə qeyd edirik? və s. kimi suallarla şagirdlərə müraciət etmək olar.

Xırdalan şəhər 5 nömrəli  tam orta   məktəb

Xırdalan şəhər 5 nömrəli tam orta
məktəb

Tətqiqat sualı: Fəsillər necə yaranır?

Fəsillərin dəyişməsinin canlılara təsiri varmı?

Tətqiqat sualı səsləndikdən sonra Planetlərin Günəş sistemində hərəkətini əks etdirən slayd göstərilir. Bu vaxt müəllim izahında bildirir ki, “Yer daim hərəkətdədir. Yer həm öz oxu, həm də Günəş ətrafında eyni vaxtda hərəkət edir. Yerin öz oxu ətrafında fırlandığı zaman gecə-gündüz yaranır, bu dövr 24 saata başa çatır. Yerin Günəş ətrafında fırlanması 1 ilə başa çatır. Bu fırlanma zamanı Günəş Yerin ayrı-ayrı hissələrini müxtəlif cür isidir. Günəşə tərəf olan hissə daha çox, əks tərəf isə daha az işıqlanır. Yerin Günəş ətrafında yolu dəyirmi formada olduğu üçün Yer Günəşə bəzən yaxın, bəzən də uzaq olur. Bu vaxt Yerdə istiliyin miqdarı artıb-azalır. İşığın və istiliyin Yer kürəsində artıb-azalması nəticəsində fəsillər yaranır. Daha sonra tədqiqatın aparılması üçün Qruplara iş vərəqləri paylanır.

Yazı təmsil edən “Bənövşə” qrupuna:

-Yalnız yaz fəslinə aid olan xüsusiyyətləri yazın.

-Yazda qeyd olunan bayramlar hansılardır?

Yayı təmsil edən “Günəş” qrupuna:

-Yalnız yay fəslinə aid olan xüsusiyyətləri yazın.

-Fəsillərə görə ayları qruplaşdırın.

Payız fəslini təmsil edən “Şimşək” qrupuna:

-Yalnız payız fəslinə aid olan xüsusiyyətləri yazın.

-Bir ildə 4 fəsil varsa və hər fəsilə 3 ay düşürsə, bir ildə neçə ay var? Məsələni həll et.

Qış fəslini təmsil edən “Qartopu” qrupuna:

-Yalnız qış fəslinə aid olan xüsusiyyətləri yazın.

-Geyimləri fəsillərə uyğun qruplaşdırın.

Qrup nümayəndələri işlərini təqdim edir. Hər qrupdan bir şagird təmsil etdiyi fəslin gözəlliyini tərənnüm edən şeirlər deyirlər.

YAZ

Baharı çox sevirəm, hər tərəf yaşıllaşır
Dağlardan gələn sular sel olub aşır-daşır
Qaranquşlar eyvanda qurur öz yuvasın
Mən sevirəm baharın sərin, saf havasın.

YAY

Mən yayı çox sevirəm göy üzü təmiz olur
Yayda çox sevdiklərim çay olur, dəniz olur
Günəş qızdırır yeri, ağaclar gətirir bar
Yaylaqlarda dincəlir yay gələndə adamlar.

PAYIZ

Payızı çox sevirəm, havalar gözəl olur
Qızıl rəngli yarpaqlar tökülür xəzəl olur
Ağaclardan dərilir alma, armud, heyva, nar
Hərdən dolub boşalır göydə uçan buludlar.

QIŞ

Mən qışı çox sevirəm çünki qarı bol olur
Şaxtaları bol olur
Buz salxıma bənzəyir, küçələri bəzəyir
Atılıram, düşürəm, buz üstə sürüşürəm
Qorxutmayır qar məni
Anama söyləyirəm gəzməyə apar məni.

Dərslik üzərində iş aparılır. Mətni şagirdlər sürətli, düzgün, şüurlu, ifadəli oxuyurlar.

Yeni məlumatlar müzakirə olunur. Təhlil olunan dərs daha yaxşı yadda qalsın deyə sual-cavab olunur, slaydlar göstərilir. Payız və Yaz fəsli Venn dioqramında müzakirə edilir.

Dərsdə “İnsanlar fəsillər kimi” adlı növbəti mərhələ başlayır. Bu vaxt şagirdlərdən biri Bəxtiyar Vahabzadənin “Ömrün payızı” adlı şeirini intonasiya ilə söyləyir:

Dövran tez dolanır, illər tez gəlir.
Biz də dəyişirik hey ildən-ilə.
Ömrün pillələri necə düz gəlir

Ana təbiətin fəsillərilə!

İlk bahar çağıdır uşaqlıq ömrün,
Şıltaqdır, oynaqdır kəpənək kimi.
Ömrün yay çağıdır gənclik büsbütün,
Coşğundur, dəlidir o, külək kimi.
Barlı-bəhərlidir payızı ömrün,
İnsan da bar verib əyir başını.
Dünyanı dərindən dərk etmək üçün
Düşünüb, gizlicə çatır qaşını.
Ağarır saç, saqqal ömrün qışında,
Həyat zəifləyir, axıra çatır.
Əl-ələ verərək, qoca yaşında
İnsan mürgüləyir, təbiət yatır.

Şeirin sonunda müəllim şairin fikirlərinə haqq verib insan ömrünün də fəsillər kimi rəngarəng olduğunu bildirir. Hər keçən anın, hər keçən fəslin qiymətini bilib zamanımızı hədər keçirməməliyik. Çünki ötən hər an ömrümüzdən gedir.

İzahlı suallar mərhələsində şagirdlər verilən suallara müşahidələrinə əsaslanaraq cavab verməyə çalışırlar.

Bildirirlər ki, Yer canlılar yaşayan yeganə planetdir. Hər canlının yaşamağa alışdığı bir mühit var. İnsan quruda, balıq suda, qartal havada, kaktus səhrada, yosun dənizdə…. Demək fəsillərin dəyişməsi canlı aləm üçün çox əhəmiyyətlidir.

Tətqiqatın ikinci sualı: “Fəsillərin dəyişməsinin canlılara təsiri nədir?” ətrafında iş aparılır. Şagirdlər fəsillər dəyişən zaman insanların yaşayışında, geyimində, qidasında hansı dəyişikliklərin olmasından, ağacların payızda niyə yarpaqlarının saralıb tökülməsindən, heyvanların nə üçün qış yuxusuna getməsindən, bəzi quşların havalar soyuduqda niyə köç etməsindən danışırlar.

Sonda belə nəticə çıxarmaq olar ki, fəsillərin dəyişməsi Yerin Günəş ətrafında dövrü zamanı baş verir. Bu zaman Yerdə istilik artıb-azalır və fəsillər yaranır. Fəsillərin dəyişməsi həm insanlara, həm bitkilərə, həm də heyvanlara öz təsirini göstərir.

Buna baxmayaraq həm şüurlu insan, həm də şüursuz saydığımız heyvan və bitkilər bu dəyişikliklər zamanı yaranan problemləri aradan qaldıra bilirlər. Demək, fəsillərin dəyişməsi təbiətin qanunudur.

Qiymətləndirmə meyarlara əsasən aparılır. Qrupların işi və fəal şagirdlər qiymətləndirilir.

Ev tapşırığı: “Canlılara qışın təsiri” mövzusunda inşa yazmaq.

Süleymanlı Günel Elşən qızı,
Xırdalan şəhər 5 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi

Filed in: DƏRS NÜMUNESİ HƏYAT BİLGİSİ

Hələ şərh yoxdur

Şərh yazın