3:11 pm - Şənbə Noyabr 24, 2288

Standartlarla dərsə hazırlığın Texnologiyası

Elgün Tağıyeva, Bakı şəhəri 93 nömrəli tam orta məktəbin  ibtidai sinif müəllimi

Elgün Tağıyeva,
Bakı şəhəri 93 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi

Dərsə hazırlığa başlayarkən mövzu üzrə altstandartları reallaşdırmağa başlayıram.

Məsələn, standartlar (1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.4.; 1.3.5.; 1.3.6) üzrə işimi planlaşdırıram.

1.2.2. Kağız zolaqlardan hazırlanacaq bəzəyə görə iş yerini təşkil edir.

Kağız zolaqlardan qabarıq aplikasiya hazırlayacağımızı nəzərə alaraq iş masasının üstünü rahat işləyə biləcəyi vəziyyətə gətirir.

1.2.3. Bəzəyi hazırlamaq üçün uyğun emal vasitələri seçir.

Bəzəyi hazırlamaq üçün hansı ləvazimatların lazım olduğunu və həmin ləvazimatlardan rahat istifadə edə biləcəyi şəkildə masanın üzərində yerləşdirirəm. Bu zaman qrupla iş nəzərə alınır və tapşırığa əsasən kağızların rəngi seçilir.

1.3.1. Bəzəyin detallarını hazırlayır.

Bəzəyi hazırlamaq üçün lazım olan kağız zolaqları təhlükəsizlik qaydalarına əməl etməklə kəsib hazırlayıram. Bu mərhələdə «Həyat bilgisi» dərsində reallaşdırdığımız 4.2.1. altstandartlarını yada salırıq və inteqrasiya edirik. Bu altstandartda şagird «Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını izah edir».

1.3.2. Detalları birləşdirməklə bəzəyi hazırlayır.

Bu zaman şagird qaydalara əməl etməklə kəsdiyi zolaqları birləşdirib qatlamaqla nəzərdə tutulan bəzəyi hazırlayır.

1.3.4. Bəzəyin qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığını nümayiş etdirir.

Bu altstandartı reallaşdırarkən «Həyat bilgisi» – 2.1.1. altstandartıyla inteqrasiya edirəm. Bu altstandarta əsasən şagird «Fərd-ailə və fərd-kollektiv münasibətlərini şərh edir».

Qrup işi zamanı əməkdaşlıq, dinləmə, ortaq məxrəcə gəlmə, işin vaxtında yerinə yetirilməsi və təqdimata hazırlanmasında əsas rol oynayır.

1.3.5. Bəzəyin hazırlanmasında təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.

Alt standartı ilə «Həyat bilgisi» – 4.2.1. altstandartına inteqrasiya edirəm. təhlükəsizlik qaydalarını təkrar edirik.

Şagirdlər qayçı, stepler və digər vasitələrlə ehtiyatlı davranır, tapşırığın təmiz və səliqəli şəkildə yerinə yetirilməsinə diqqət yetirirlər.

1.3.6. Kağız zolaqlardan hazırlanmış aplikasiyanı təqdim edir. Alt standartı

«Azərbaycan dili» 1.2.3. standartına inteqrasiya edirəm. Bu altstandarta əsasən təqdimat zamanı şagird «Fikirlərini obrazlı etmək məqsədilə bədii ifadələrdən istifadə edir».

Qabaqcadan aparılan hazırlıqdan sonra mövzu tədris olunur.

Mövzu: Naxışkəsmə. Qayçının tarixindən kağız zolaqlarından qabarıq aplikasiya.

Məqsəd: 1. Müxtəlif texnologiyalara aid iş proseslərini (kəsmə, quraşdırma birləşdirmə) mərhələlər üzrə izah edir. 2. Kağız zolaqlardan hazırlanacaq bəzəyə görə iş yerini təşkil edir.

İnteqrasiya: Azərbaycan dili 1.2.3.

Fikirlərini aydın və obrazlı etmək məqsədilə bədii ifadələrdən istifadə edir.

Bu altstandarta həmçinin dərslikdəki informasiyanı şərh edərkən də inteqrasiya edirəm.

Həyat bilgisi 2.1.1., 4.2.1.

2.1.1. Fərd-ailə və fərd kollektiv münasibətlərini şərh edir.

4.2.1. məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını izah edir.

İnformatika: 3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.

2.1.3. Sadə hərəkət fəaliyyətini icra edir.

İş forması: Böyük qruplarla iş.

İş üsulu: Müzakirə, beyin həmləsi.

Resurslar: Ağ kağız, rəngli kağız dəsti, karton, stepler, qayçı, PVA yapışqanı, xətkeş, qələm, dərslik.

Dərsin gedişi.

Motivasiya.

Suallarla sinfə müraciət edirəm:

1. Qayçı haqqında nə bilrsiniz? – Fikirlər dinlənilir və ümumiləşdirilir.

İlk qayçının yaradılmasından min ildən artıq vaxt keçib. Bu, qoyunları qırxmaq üçün nəzərdə tutulmuş qayçı idi. Qayçını dəmirdən, poladdan, gümüşdən hazırlayırdılar, qiymətli metalla bəzəyirdilər.

2. Qayçıdan hansı peşə sahibləri istifadə edirlər?

Dərzi, bərbər, çilingər, həkim və s. peşə sahibləri qayçıdan istifadə etdikləri barədə şagirdlər çətinlik çəkmədən sualı cavablandırırlar.

Şagirdlərin fikirlərini dinlədikdən sonra tədris vəsaitindəki informasiyanı şagirdlərin iştirakı ilə şərh edirəm.

Tədqiqat sualı.

Kağız zolaqlardan yolka üçün qar dənəciyini necə hazırlamaq olar?

Tədqiqat sualını səsləndirdikdən sonra İnformatika dərsində keçdiyimiz «Alqoritm» mövzusunu yada salıram və şagirdlərdən ev tapşırığının hazırlanması alqoritmini söyləməyi xahiş edirəm. Daha sonra şagirdlərə «Kağız zolaqlardan qar dənəciyinin hazırlanması» alqoritmini söyləyirəm.

Kağız zolaqlardan qar dənəciyinin hazırlanması alqoritmi aşağıdakı kimidir:

1. 10 ədəd eyni uzunluqda nazik kağız zolaq kəsin.

2. Zolaqları üst-üstə düzərək ortasından steplerlə birləşdirin.

3. Hər bir zolağı mərkəzə doğru qatlayın və yapışqanla bərkidin. Bəzək hazırdır.

4. Bəzəyi kartona yapışdırın və aplikasiyanı hazırlayın.

Tədqiqatın aparılması.

Şagirdləri 3 qrupa bölürəm və tapşırıqlar verirəm.

I qrup. Ağ rəngli kağız zolaqlardan yolka üçün qar dənəciyi hazırlayın.

II qrup. Ağ, qırmızı, yaşıl rəngli kağız zolaqlardan yolka üçün qar dənəciyi hazırlayın.

III qrup. Ağ, göy, sarı rəngli kağız zolaqlardan yolka üçün qar dənəciyi hazırlayın.

Qruplar tapşırıqları yerinə yetirirlər. Qrupların işində əməkdaşlığa, dinləmə bacarığına, işin vaxtında yerinə yetirilməsinə nəzarət edirəm.

İnformasiya mübadiləsi.

Hər qrupun nümayəndəsi öz işlərini təqdim edir. Digər qruplar isə bu işlərə münasibət bildirirlər.

İnformasiya müzakirəsi.

Suallarla şagirdlərin dərsi necə mənimsədiklərini yoxlayıram.

1. Hansı qayçıları tanıyırsınız?

2. Kağız zolaqlardan bəzəyi necə hazırladınız?

3. Kağız zolaqlardan hansı elementləri hazırlamaq olar?

4. Bu üsuldan istifadə etməklə daha hansı bəzəkləri hazırlaya bilərsiniz?

Ümumiləşdirmə və nəticə

Şagirdlərin cavablarını ümumiləşdirərək belə bir nəticəyə gəlirik ki, rəngli kağızlardan müxtəlif bəzək əşyaları hazırlaya bilərik. Bunun üçün bizə ağ kağız, rəngli kağızlar, karton, stepler, qayçı, PVA yapışqanı, xətkeş, qələm lazımdır.

Bunları hazırlayarkən biz təhlükəsizlik və gigiyena qaydalarına əməl etməliyik.

Yaradıcı tətbiqetmə.

Soğan elementindən istifadə etməklə bəzəklər hazırlayın.

Qiymətləndirmə.

Qiymətləndirmə

Qiymətləndirmə

Filed in: DƏRS NÜMUNƏLƏRİ TEXNOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın