9:56 pm - Cümə Yanvar 20, 2017

Fotosintez mövzusunda şagirdlərə ekoloji mədəniyyətin aşılanması

Biologiya canlılar aləmini öyrənməklə canlı təbiətlə insan arasında körpü rolunu oynayır. Baxmayaraq insan özü də biologiyanın tədqiqat obyektlərindən biridir, təfəkkürü və nitq qabiliyyəti ona təbiəti dəyişdirmək, ondan istədiyi kimi istafadə etmək üstünlüyünü verir. Lakin təbiətdən istifadə məqsədyönlü və nəticələri qabaqcadan müəyyənləşdirilmiş olmalıdır. Əks halda arzuolunmaz nəticələr ortaya çıxa bilər. Biologiya fənni şəxsiyyətyönümlü kurikulumun prinsiplərini özündə əks etdirməlidir. Yəni təbiətdən düzgün istifadə qaydalarını mənimsəmiş şəxsiyyət yetişdirməlidir. Elə bir şəxsiyyət ki, ilk tibbi yardım etmək, dərman bitkilərini tanıyıb, istifadə qaydalarını bilmək, ev heyvanları cinslərini və mədəni bitki sortlarını yetişdirmək və onlara qulluq etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq, təbii meşə və çəmənlikləri, həmçinin nəsli kəsilməkdə olan heyvan və bitkiləri qorumaq kimi bacarıqları özündə formalaşdırıb, vərdişə çevirsin. Bunun üçün müasir biologiya dərslərində bu istiqamətdə şagirdlərdə motivasiya yaratmağın böyük əhəmiyyəti var.

VI sinifdə biologiyadan keçirilən fotosintez mövzusu şagirdlərdə ekoloji mədəniyyətin formalaşmasında böyük rol oynayır. Dərsin tədrisində şagirdlərin idrak fəallığını yüksəldən təklif və suallardan istifadə etmək olar.

Gün ərzində qəbul etdiyimiz qida məhsullarının əksəriyyətini hansı canlıların hazırladığını araşdıraq.

Müxtəlif fərziyyələr dinlənilir. Ümumi nəticəyə gəlinir ki, bütün üzvi qida maddələri yaşıl bitkilərdə hazırlanır. Heyvani qida məhsulları belə, otyeyən heyvanlar vasitəsilə bitkilərdən alınır. 2-ci sual belə qoyula bilər;

Görəsən, yaşıl bitkilər bu üzvi maddələri necə hazırlayır?

Tədqiqat zamanı yaşıl bitkilərdə baş verən möcüzəvi proses, yəni fotosintez haqqında məlumatlar toplanır və paylaşılır. Nəticədə K.A.Timiryazevin “Bütün üzvi maddələr nə qədər müxtəlif olsalar da, harada təsadüf olunsalar da, istər bitkidə, istərsə də heyvanda, yaxud da insanda, yarpağın hazırladığı maddələrdən əmələ gəlmişdir’’ cümləsi ilə yaşıl bitkilərin insan həyatında əhəmiyyəti göstərilir. Həmçinin fotosintezin ikinci məhsulu olan oksigenin canlıların tənəffüsündəki rolu müzakirə olunur. Təbiətdə bol olan az enerjili maddələrdən (karbon qazı və sudan), yüksək enerjili maddə (qlükoza) və oksigen sintezi.

Fotosintez

Fotosintez

Şagirdlərə veriləcək tapşırıqları seçərkən müəllim təfəkkürün inkişafına yönəlmiş tapşırıqlara üstünlük verməlidir. Mövzu geniş olduğu üçün təfəkkürün bütün növlərinə aid tapşırıqlar vermək məsləhətdir.

Məntiqi təfəkkürə aid:

1 saatda 40 çinar yarpağında 1q üzvi maddə əmələ gəlir. 3 saatda 15q üzvi maddə hazırlamaq üçün neçə çinar yarpağı lazımdır?

Tapşırıq VI sinif səviyyəsində şagirdlərdə riyazi-məntiqi təfəkkürü formalaşdırır. Riyaziyyat fənninə inteqrasiya edir, həmçinin şagirdə hər bir yaşıl yarpağın əhəmiyyətini açıb göstərir.

Tənqidi təfəkkürə aid:

İnsanların yaşıl bitkilərlə davranışının müsbət və mənfi cəhətləri hansılardır?

Tapşırıq şagirddə təkcə insanların yaşıl bitkilərlə davranışını deyil, özünün də bu barədə fəaliyyətini araşdırmaq bacarığı və bununla qiymətləndirmənin ən vacib ünsürlərindən olan özünüqiymətləndirmə vərdişini yaradır.

Yaradıcı təfəkkürə aid:

Əgər ozon qatındakı dəliklər böyüsə hansı hadisələr baş verər? Bunun qarşısını almaq üçün nə təklif edirsiniz?

Tapşırıq şagirdin xəyal gücünü inkişaf etdirməklə, problemin qlobal xarakterini, bəşəriyyətin təhlükə barədə maarifləndirilməsinin vacibliyini göstərir. “Yaşıl bitkilər planetimizin ağciyərləridir” ifadəsinin dərk olunmasında böyük rol oynayır. Sonda bu nəticəyə gəlirik ki, yaşıl bitkiləri, yəni vətənimiz Azərbaycanın təbii meşə və təbii çəmənliklərini qorumaq hər bir vətəndaşın borcudur. Çünki bunlar tükənə bilən sərvətlərdir. Beləliklə, biologiya dərsləri mövzunu real həyatla inteqrasiya etmək üçün çox gözəl imkanlar verir. Düşünürəm ki, bütün biologiya müəllimləri fənnin praktik əhəmiyyətinə, insan həyatına təsirinə fikir verməli, bu bacarıqları, yəni ekoloji mədəniyyəti öz şagirdlərinə aşılayıb, onların şəxsiyyət kimi formalaşmasına kömək etməlidirlər.

Əliyev Vüsal Böyükağa oğlu,
Yardımlı r-n, Gölyeri kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi, magistr elmi-ixtisas dərəcəli

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

1 şərh var: to “Fotosintez mövzusunda şagirdlərə ekoloji mədəniyyətin aşılanması”

  1. Fariz
    11 Aprel 2015 at 10:46 #

    Halal olsun. Azerbaycanda bele savadlı müellimlerin olması bizi çox sevindirir. Vüsal müellim, çox sağ olun

Şərh yazın