4:52 pm - Cümə axşamı Noyabr 27, 2014

Təhsildə yeni innovasiyalar

Ramiz  Ağayev, AMİ-nin Cəlilabad filialının müəllimi

Ramiz
Ağayev,
AMİ-nin Cəlilabad filialının müəllimi

Təhsil anlayışı haqqında pedaqoji ədəbiyyatlarda verilən aydınlıq əsasən uşaqların və ya şagirdlərin öyrənmələri ilə məhdudlaşdırıldı. Müstəqillik dövründə bütün sahələrdə olduğu kimi, təhsilində inkişafı ilə bağlı geniş islahatlar gedir. Respublikada tanınmış pedaqoq, professor Nurəddin Kazımov təhsilin bütün zəruri xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı məzmunda tərif şəklinə salmışdı: təhsil xalq təsərrüfatının tərkib hissəsi kimi, müvafiq tədris müəssisəsində müəyyən müddətdə məqsədyönlü, planlı, mütəşəkkil öyrənilən, tərbiyə və inkişaf imkanlarına malik olan, təlimin həm zəruri şərti, həm də nəticəsi olan sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur. Doğrudan da, biz təhsilə xalq təsərrüfatının ayrılmaz tərkib hissəsi kimi baxmalıyıq. Ulu öndər Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir”.

XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla innovasiyalar yeni pedaqoji texnologiyaların tətbiqini zəruri etdi. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil, fəal (interaktiv), təlim, portfolio, boloniya prosesi, müəllimlərin dərslərinin kliniki müşahidəsi və s. anlayışların mahiyyətini bilmək vacibdir.

Təsadüfi deyildir ki, 2012-ci ilin noyabr ayında Azərbaycan Müəllimlər İnstitutunda “Müəllim hazırlığının müasir problemləri, təhsildə elmi və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Ölkəmizdə müəllim hazırlığı və pedaqoji təhsilin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar barədə konfrans iştirakçılarına geniş məlumat verən Təhsil naziri Misir Mərdanov bu sahədə infrastrukturun əsaslı şəkildə yeniləşdirildiyini, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əhəmiyyətli nailiyyətlərin qazanıldığını diqqətə çatdırmışdır.

Dünya təcrübəsinin öyrənilməsi təhsildə innovasiyaların uğurlu tətbiqində başlıca amil kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında demişdir: “Biz inkişaf etmiş ölkələrin təcrübəsini bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”. Konseptual səciyyə daşıyan tələblərin reallaşdırılması təhsilimizin dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə inteqrasiyasına təminat verəcəyinə əminlik ifadə edirəm. İnnovasiya anlayışının mahiyyətini dərk etmədən onun təhlili, tərkibi və dəyərləndirilməsində müəyyən çətinliklər yaranacıqdır.

“İnnovasiya” termini latın dilində “innovato” sözündən olub, “yeniləşmə” və “yaxınlaşma” deməkdir.

İnnovasiya yüksək səmərəliliyə malik yeniliyin tətbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi kimi şərh olunur. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər hallar hesab edilir. Təhsildə innovasiyanın reallaşdırılması, məhz qeyd olunan xüsusiyyətlər bu sahəyə tətbiq olunması ilə bağlıdır.

1976-cı ildə və i. Lenin adına Pedaqoji İnstitutun (indiki ADPU) Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Orta ümumtəhsil, orta ixtisas məktəblərində müəllim, direktor müavini vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında ixtisas fənni üzrə müəllim işləyirəm. Qazandığım zəngin təcrübəyə, bilik və bacarıqlara baxmayaraq, informal təhsilə çox ciddi ehtiyac duyulduğunu hiss edirəm. Dünyada baş verən sürətli inkişaf və qloballaşma tələb edir ki, həyati bacarıqlara əsaslanan təhsilə önəm verilsin. Bu yanaşma təhsilin bütün pillələrində və növlərində tətbiq olunmalıdır. Həyati bacarıqlara əsaslanan təhsil öyrənənə (şagird, tələbə) yönəlmiş, onun maraq, istək və gündəlik ehtiyaclarının ödənilməsinə xidmət edir. Pedaqoji prosesin tamlığını həyata keçirən müəllim qeyd olunan vacib amilə lazımınca diqqət göstərmir. Aparılan sorğular zamanı şagirdlərin böyük əksəriyyəti təhsilin gündəlik həyatda vacibliyini ifadə etmək əvəzinə, onun gələcəkdə lazım olduğunu bildirir. Pedaqoji kadrların keyfiyyətcə hazırlığının yüksəldilməsi qarşıda duran başlıca vəzifələrdəndir. 30 il əvvəl pedaqoji institutu bitirən müəllimin peşəkarlığı ilə əlaqədar yeniliklərdən məlumatsızlığı onun səmərəli fəaliyyətinin səviyyəsinin aşağı salınmasına səbəb olur. Qarşıya çıxan problemin həllində “Təhsilin əşyaları” fənninin əhəmiyyəti çox böyükdür. Bu fənn pedaqoji ali məktəblərdə tədris olunur. Tələbələr müəllimlik peşəsinə müasir yanaşmalarda yiyələnirlər. İxtisasartırma təhsilində “Təhsilin əsasları” fənni üzrə nəzəri biliklərin və praktik bacarıqların aşılanmasına geniş yer ayrılmasını məqsədəuyğun sayırıq.

“Təhsilin əsasları” fənninin vəzifələri ilə yaxından tanış olduqdan sonra onun tədrisinə nə dərəcədə ehtiyac olduğunu dərk etmək olar:

” Pedaqoji təfəkkür müasir tələblərə uyğun formalaşdırılır;
” təhsil siyasətini həyata keçirən, nəzəri biliklərini peşəkarlıqla tətbiq edə bilən aşağıdakı bacarıqlara malik müəllim kimi hazırlanır:

- təlm prosesində öyrənənin şəxsiyyətini ön plana çəkir;
– uğurlu öyrədən-öyrənən, məktəb-ailə münasibətləri yaradır;
– öyrənənlərin nailiyyətlərini qiymətləndirməyin üsul və vasitələrindən uğurla istifadə etmək;
– qiymətləndirmə nəticələrinin təhlilinə əsasən müvafiq qərarlar qəbul etmək.

Təhsildə tətbiq olunan kredit sistemi innovasiya olaraq müəllimlər tərəfindən mahiyyətinin öyrənilməsi məqsədəuyğundur. Bundan ötrü yenidən pedaqoji ixtisas məktəblərində təhsil almağa ehtiyac yoxdur. Boloniya prosesi kimi səciyyələnən kredit sistemi ali təhsilli məktəblərə aiddir. Bu prosesin tarixinə ekskursiya etsək, maraqlı olar. Avropa ittifaqında vahid ali təhsil sisteminin yaradılması ilə bağlı olan bu məsələ 18 sentyabr 1988-ci ildə İtaliyanın Boloniya şəhərində “Universitetlərin ümumi xartiyası” imzalanmışdır. Bu istiqamətdə gedən yol 25 may 1998-ci ildə Fransanın Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda Böyük Britaniya, Fransa, İtaliya, Almaniyanın Təhsil nazirləri “Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında” Sorbona Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır.

Nəhayət, 19 iyun 1999-cu ildə Boloniya şəhərində Avropanın 29 ölkəsinin ali təhsilə cavabdeh olan nazirlərinin görüşü keçirilir. Onların imzaları ilə “Boloniya deklarasiyasının (bəyanatın) qəbul edilməsindən sonra rəsmi olaraq “Boloniya prosesi” öz adını almışdır.

Müəyyən əməkdaşlıqdan sonra 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Boloniya prosesinin həqiqi üzvü seçilmişdir. Burada əsas məqsəd Avropa təhsil məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçməsini, müasir attestasiya və akkreditasiya sisteminin qurulmasının həyata keçirilməsidir.

Boloniya prosesində təhsil sisteminin əsasını kredit təşkil edir. Bu sahədə əməli işlər aparıldığından, uğurla tətbiq edildiyindən təcrübəmiz artır. Kredit fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahididir. Yəni vaxt və enerji balansını müəyyən edən ölçü vahididir. İlk əvvəllər kreditin tətbiqində müəyyən çətinliklərin olmasına baxmayaraq, indi tələbələr böyük maraqla kreditin funksiyalarını həyata keçirirlər.

Kreditin hər iki funksiyasından səmərəli istifadə etmək üçün maariflənmə işlərinin aparılması məqsədəuyğundur.

Birinci funksiyaya görə tələbələrin mobilliyinin təmin olunması, digər ali təhsil müəssisələrində ayrı-ayrı fənlərin mənimisənilməsinə lazımi şəraitin yaradılması və onun nəticəsinin təhsil aldıqları ali məktəbdə tanınması, kreditin ikinci mühüm funksiyası tələbənin öz təhsil alma xəttinin müstəqil müəyyənləşdirilməsini təmin etməsidir.

Yeni fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılması təhsildə aparılan dəyərli innovasiyalardandır.
Qiymətləndirmənin həyata keçirilməsində yeni yanaşma mexanizminə müəllim, valideyn, ailə, məktəb, ictimaiyyət, bu sahəyə maraqlı olan bütün tərəflər yaxından bələd olmalıdırlar.

Burada məktəbdaxili qiymətləndirmə, şagird nailiyyətlərinin monitorinqi, diaqnostik, formativ, summativ, kiçik və böyük summativ qiymətləndirmə, yarımillik və illik qiymətlərin hesablanması və bir çox kəmiyyət, keyfiyyət dəyişikliklərin sistemli müşahidəsinə nail olmaq, nəticələri müəyyənləşdirmək, təhlillər aparmaq kimi innovasiyalar təhsildə uğurlu isdahatların həyata keçirilməsi ilə bağlıdır. Müasir müəllim daim təhsildə tətbiq edilən innovasiyalarla yaxından tanış olmalı, bilməli, anlamalı və tətbiq etməlidir.

Filed in: MƏKTUBLAR

Şərhlər qapalıdır.