4:14 am - Bazar ertəsi May 29, 2017

“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

Hər il olduğu kimi, bu il də ulu öndərin zəngin irsinin öyrənilməsi, çoxşaxəli yaradıcılığının təbliği istiqamətində ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir. İştirakçısı olduğumuz tədbirlərdən biri də 19 nömrəli tam orta məktəbdə hazırlanmışdı.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gəlmiş qonaqlar, eləcə də KİV nümayəndələri iştirak edirdilər. Qonaqlar əvvəlcə ulu öndərin xatirəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiylə tanış oldular. Onlar şagirdlərin hazırladıqları divar qəzetlərinə nəzər salıb, yazdıqları avtorefaratlarla maraqlandılar. Sonra ulu öndərin həyat və yaradıcılığını əks etdirən albomlara diqqət yetirdilər.

Məktəbin akt zalında isə Azərbaycanın Dövlət Himni səsləndirildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı yaradıcılıq müsabiqəsinə aid elmi-praktik konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə məktəbin direktoru Məmməd Qənbərov açdı. O çıxışında ulu öndərin dövlətimizin gələcəyi naminə həyata keçirdiyi məqsədyönlü siyasəti və Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində əvəzsiz xidmətlərindən danışdı. Heydər Əliyevin dünyanın nadir şəxsiyyəti, nadir dövlət xadimi, siyasətçisi olduğunu vurğulayan direktor, onun irsinin öyrənilməsi istiqamətində müstəsna əhəmiyyətə malik müsabiqələrin təşkilini yüksək qiymətləndirdi. Belə müsabiqələrdə gənclərin potensial imkanlarının üzə çıxdığını söyləyən Məmməd müəllim, bildirdi ki, şagirdlər ulu öndərin simasında Vətənini sevən, millətini sevən bir vətəndaş, əsil azərbaycanlının necə olmasını açıq-aydın görür və gələcəkdə ona bənzəmək istəyir, dahi rəhbərin yolu ilə getməyi arzulayırlar. “Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam” – deyən ulu öndər Heydər Əliyev ən çətin anlarda və mürəkkəb vəziyyətlərdə xalqına arxalanırdı. Bu nəhəng, məkan və zaman çərçivəsinə sığmayan, dünyanı heyrətə gətirən işləri görmək üçün, ilk növbədə mənsub olduğu xalqa, millətə, Vətənə hədsiz məhəbbət və sevgi ilə bağlanmaq, bu torpaqla nəfəs almaq lazımdır. Ulu öndər sözün əsil mənasında Azərbaycan üçün yaşayan və onun havası ilə nəfəs alan ziyalı, əvəzsiz dövlət xadimi idi.

Direktorun kiçik çıxışından sonra məktəbin tarix müəllimi Vəfa Heydərova “Ümummilli lider Heydər Əliyevin fəaliyyəti və dövlət quruculuğu” mövzusunda məruzə ilə çıxış etdi. Müəllimlərdən Piri Arzu isə “Heydər Əliyevin daxili və xarici siyasəti”ndən danışdı. Çıxışlardan sonra məktəbin müəllimləri Fərqanə Abdulova, Ülviyyə Məmmədova və Gülarə Əkbərovanın təşkilatçılığı ilə hazırlanmış şagirdlərin ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirildi.

Çıxış edən şagirdlər – Aysu, Aytən, Şəfa, Nigar, Fidan, Nəsibə, Tamara, Günay, Turanə, Aytac, Həsən, Səməd, Müzəffər, Şövkət və başqaları Heydər Əliyev zirvəsinin ən uca, əlçatmaz zirvə olduğunu bir daha vurğuladılar. Xalqına, millətinə, Vətəninə sadiq olanları tarix heç vaxt unutmur deyən şagirdlər ulu öndəri əzbərlədikləri şeirlərlə vəsf etdilər. Onlar fenomenal yaddaşa, qeyri-adi istedada və biliyə malik olan ümummilli lider Heydər Əliyevin dəfələrlə ən çətin problemlərin həlli zamanı özünün xalqımızın mənəvi qələbəsini təmin etdiyini bildirdilər. Şagirdlər onu da vurğuladılar ki, bu dahi dövlət rəhbərinin keçdiyi ömür yolu hamar, rahat olmamışdır. Lakin dözüb, inamla gələcəyə baxıb neçə-neçə neqativ hallara qarşı amansız, barışmaz, sərt münasibət göstərmişdir. Ən ağır günlərdə, ən çətin məqamlarda ona rəğbət bəsləyən xalqına güvənib, el-obasına arxalanmışdır.

Müharibəni səngərdən diplomatiya müstəvisinə keçirməsi, atəşkəsin uzun müddətə təmin edilməsi məhz onun böyük xidmətlərindəndir. Ulu öndər Heydər Əliyev diplomatik çəkişmələrdə ən uğurlu variantlardan məharətlə istifadə edərək siyasəti özünün istədiyi məcraya yönəltməyə qadir olan siyasətçi idi.

Bütün tədbir boyu ulu öndərin çoxşaxəli yaradıcılığının ayrı-ayrı məqamları şagirdlər tərəfindən işıqlandırıldı. Onlar bununla ümummilli liderə olan məhəbbətlərini ifadə edərək, geniş tədqiqatın nəticəsini bir daha göstərdilər.
Sonda direktor tədbiri yekunlaşdırdı və onun ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etdi.

Səhifəni hazırladı:
Elmir Bəyəliyev,
“Təhsil problemləri”

Filed in: TƏDBİRLƏR

Şərhlər qapalıdır.