2:45 pm - Çərşənbə axşamı May 23, 2017

Kimyəvi eksperiment və kimyanın tədrisi

Kimya eksperimental elmdir. Müəyyən praktiki bacarıq və vərdişlərə yiyələnməkdən ötrü hər bir şagirdin qarşısında lazım olan avadanlıq, cihazlar, reaktivlər olmalıdır. Eksperimental məsələlər, nümayiş təcrübələri, praktiki işlər, laborator təcrübələrlə bu fənni şagirdlərə sevdirmək, gələcək təhsil və peşə fəaliyyətinin davam etdirilməsinə zəmin yaradan kimyəvi biliklərin mənimsənilməsi və geniş dünyagörüşünün formalaşdırılmasını təmin etmək, zəruri bacarıq və vərdişlər aşılamaq mümkündür. Kimya laboratoriyalarında olan avadanlıq və reaktivlər, əsasən, nümayiş təcrübələrini aparmağa imkan verir. Laborator təcrübələrini və praktiki işləri aparmaq üçün isə kiçik ölçülü avadanlıq lazımdır. Məktəblərimizdə belə avadanlığın olmaması, laborator təcrübələri və praktiki işləri lazımi səviyyədə aparmağa imkan vermir. Müəllim və laborantların öz işlərinə ciddi yanaşmamaları vəziyyəti daha da ağırlaşdırır. Nəticədə şagirdlər bu fənni dərk etməkdə çətinlik çəkirlər. Məktəbdə müəyyən işlər görməklə bu problemi aradan qaldırmaq olar. Hər bir şagirdin müstəqil fəaliyyət göstərməsini təmin etməklə zəruri həyati bacarıqların (idraki, emosional-affektiv, psixomotor) formalaşmasına nail olmağa çalışmaq lazımdır. Bəs necə etməli ki, məktəblərdə həm kimyanın tədrisi səviyyəsi yüksəlsin, həm də şagirdlərin əldə edəcəkləri bilik, bacarıq və vərdişlər müasir stsandartlara uyğun gəlsin?

Məqsədə çatmaq üçün yerinə yetirə biləcəyimiz vəzifələr:

1.Laborator təcrübələrin və praktiki işlərin yerinə yetirilməsinin səmərəliliyinin artırılması üçün damcı metodunun tətbiqi:

a) Az miqdar reaktivlərdən istifadə;

b) Məhlulların əlverişli qatılığından istifadə;

c) Kiçik ölçülü kimya avadanlığından istifadə.

Damcı metodu müəllimin təcrübəyə hazırlaşmasını asanlaşdırır, şagirdlərin müşahidə aparmaq qabiliyyətini inkişaf etdirir, dərs materialının mənimsənilməsinin keyfiyyətini yüksəldir. Şagirdləri qənaətcilliyə, dəqiqliyə, səliqəliliyə öyrədir, onların müstəqil inkişafına müsbət təsir göstərir. Reaktivlərin az miqdarları ilə iş əyaniliyi artırır, yerinə yetirilən təcrübələrin təhlükəsizliyini təmin edir.

Damcı metodunun tətbiqi təcrübə üçün götürülən maddələrin miqdarının azaldılmasını, təcrübədə istifadə olunan məhlullar üçün əlverişli qatılığın müəyyən olunmasını nəzərdə tutur. Mikroeksperimentdə kiçik ölçülü avadanlıqlar tətbiq olunmalıdır. Kiçik ölçülü kimyəvi avadanlıqlarda reaktivlərin az miqdarından istifadə etmək lazım gəlir. Bu miqdarlar təcrübənin məhsullarını müşahidə edə bilmək üçün kifayət etməlidir (artığına ehtiyac yoxdur, artığı əlavə problemlər yarada bilər). Müqayisə edək:” Xlorid turşusunun alınması və onunla təcrübələr”. I. Makroeksperimentlə: Sınaq şüşəsinə 2-3 q xörək duzu və bütün duz islanana kimi qatı sulfat turşusu (2:1) tökün. Sınaq şüşəsinin ağzını içərisindən qazaparan boru keçirilmiş tıxacla bağlayın. Borunun ucunu başqa sınaq şüşəsinə elə salın ki,suyun səthindən təxminən 0,5-1 sm aşağıda dursun. Sonra sınaq şüşəsindəki qarışığı 5-6 dəq ehtiyatla qızdırın.

II. Mikroeksperimentlə: Sınaq şüşəsinə 150 mq NaCl və üzərinə 5 damcı H2SO4 məhlulu əlavə etməklə lazım olan təcrübələri aparmaq olar. Reaktivlərin sərfi azaldıqca reaksiya daha tez başa çatır. Eksperimentin yerinə yetirilməsi təhlükəsiz olur. Reaktivlərin təcrübə üçün götürülən miqdarları çox olduqda sinif otağının havasının çirklənməsi baş verir,zərərli maddələrin qatılığı çoxalır, hətta sağlamlıq üçün təhlükəli həddə çatır. Kiçik ölçülü laboratoriya avadanlığına müxtəlif ölçülü saat və əşya şüşələrini də misal göstərmək olar. Saat şüşələrindən istifadə etməklə: rəngin dəyişməsi,çöküntünün alınması, qazın ayrılması ilə olan mübadilə reaksiyalarını müşahidə etmək olur. Ayrılan qazın otaq havasına qarışmamasından ötrü saat şüşələrini ağız-ağıza qapamaq və müşahidələri aparmaq olar. 2 saat şüşəsinin içərisinə 4-5 damcı FeCl2 və FeCl3 məhlulları tökün. Hər iki duz məhlullarının üzərinə 3-4 damcı qələvi məhlulu əlavə edin. Alınan çöküntülərin üzərinə 2-3 damcı xlorid və ya sulfat turşuları məhlularını tökün. (2 valentli dəmirin duz məhlullarının rənginin dəyişməsinin qarşısını almaq üçün 2-ci saat şüşəsi ilə örtmək olar.)

2. Müəllim və laborantların səriştəliliyinin artırılmasının vacibliyi:

a) Onların “Təcrübə mərkəzi”nə cəlb olunması.

b) Təcrübələrin aparılmasına dair metodiki göstərişlərin verilməsi;

Təhsilalanların kimya laboratoriyasında müstəqil və təhlükəsiz işləmələrini təmin etmək üçün müəllim və laborantlardan xüsusi bacarıqlar tələb olunur.

Bu səbəbdən:

* Dərslik komplektinə “Laborator təcrübələrin və praktiki işlərin aparılmasına dair təlimat”dəftərini əlavə etmək olar. Bunu belə də etmək olar: bütün laborator təcrübələrin və praktik işlərin aparılmasına dair təlimatlar şagirdin dərs vəsaitində, laborator təcrübələrin və praktiki işlərin aparılmasına dair tövsiyələr müəllim üçün metodiki vəsaitdə verilsin.Müəllimlər arasında apardığım sorğunun əsasında onu qeyd edim ki, müəllimlərin belə tövsiyələrə böyük ehtiyacı var.

* Şəhərdə “Təcrübə mərkəzi”yaradılsın. Bu mərkəzlə məktəblər arasında qarşılıqlı münasibətlər qurulsun. Müəllimlərin bu mərkəzlərə könüllü olaraq cəlb olunmasına nail olunsun.

Bütün bunların nəticəsində:

Müəllim və laborantın öz işlərinə olan məsuliyyəti artır, sinfə nəzarət asanlaşır. Müəllimlər arasında fikir, təcrübə mübadiləsi baş verir, onların peşəkarlığı yüksəlir. Ən əsası da bütün bunlar müəllimlər üçün ayrılan metodiki günlərin hesabına baş verir. Müəllim və laborantların eksperimentlərin təşkili və aparılması metodikası ilə əlaqədar kurslara cəlb edilmələrinə ehtiyac qalmır.

Şagird:

* Laborator təcrübələri qarşısındakı təlimatdan istifadə edərək müstəqil aparır.

*Hər bir şagirdin eksperimentdə iştirakı təmin olunur.

*Mühüm praktiki bacarıq və vərdişlərin formalaşması baş verir.

Kiçik ölçülü kimyəvi qablardan istifadə, tonnlarla şüşəyə, dolayısı ilə xammala qənaət deməkdir.(Şüşə istehsalında istifadə olunacaq maddələr sənayenin digər sahələrində istifadə oluna bilir, mln kilovattlarla elektrik enerjisinə qənaət olunur.)

Damcı metodunun tətbiqi təcrübədə istifadə olunan maddələrə qənaət deməkdir.

Kimyanın tədrisinə nəzarət ”Təcrübə mərkəzi”tərəfindən keçirildiyindən əlavə nəzarət və yoxlamalara güclü ehtiyac duyulmur. Nəticədə kimyanın tədrisi səviyyəsi yüksəlir.

Qısa bir müddət ərzində təhsilalanların fənnə olan marağı güclənir, yaradıcı təfəkkürləri inkişaf edir.

Kimya eksperimental elmdir, onu yalnız praktikada dərk etmək mümkündür. Təhsil ocaqlarımızda əyaniliyin yüksək səviyyədə təşkili fənn üzrə təlim nəticələrinin reallaşmasına, sonda isə şagirdin gələcək həyatında səmərəli fəaliyyət göstərməsinə imkan verən bilik, bacarıq, vərdişlərin formalaşmasına gətirib çıxaracaq.

İradə Həsənova,
Sumqayıt şəhəri, 23 nömrəli
tam orta məktəbin kimya müəllimi

Hələ şərh yoxdur

Şərh yazın