7:40 pm - Bazar Noyabr 19, 2017

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

“Biz 9-cu mikrarayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi üçün nəzərdə tutulmuş, lakin məlum hadisələrlə bağlı yarımçıq qalmış binada məskunlaşmışdıq. Geridə qoyduğumuz zamanda, çətin şəraitdə səbr və təmkinlə yaşadıq. Qəlbimizdə sabaha inam güclü idi. İnanırdıq, dövlətimizin qayğısını hiss etdikcə, gələcəyə ümid bəsləyirdik. Bu gün gözəl şəraitli, təmirli mənzillərdə yaşamağımız bizdə qələbəyə inam hissini gücləndirir. Sevinirik ki, vətənimiz Azərbaycan gündən-günə güclənir, inkişaf edir”. Bu sözlər Cəbrayıl rayonundan olan məcburi köçkünlərin – Anar Məmmədov və Elnarə Pirməmmədovanın fikirləridir. Söhbətimizə qoşulan Xocavənd rayonunun Nərimanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Kənan İsrafilzadə də onlar üçün yaradılmış şəraitdən razılıq etdi: – “Mən də ailəmizlə birlikdə “Təcili yardım”ın binasında məskunlaşmışdıq. Heç ağlımıza da gəlməzdi ki, dövlətimiz bizə gözəl mənzil verəcəkdir. Şəhərcikdə insanların təhsil alması, yaşaması, rifah halının yaxşılaşdırılması məqsədilə hər cür şərait yaradılmışdır”.

Həmsöhbətlərim Qaradağ rayonu Müşviqabad qəsəbəsindəki məcburi köçkünlər üçün salınmış şəhərciyin yeni sakinləridir. Onlar 2013-cü ilin yanvar-sentyabr ayları ərzində Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 9-cu mikrarayon, H.Babaşov küçəsi, Təcili Tibbi Yardım Stansiyasının tikintisinin yarımçıq qalmış binasında məskunlaşmış 508 məcburi köçkün ailəsi ilə birlikdə şəhərciyə köçürülənlərdir. Bu gün Binəqədi rayonunda işğal olunmuş bölgələrdən 57293 nəfər məcburi köçkün yaşayır. Onların hər birinin sosial problemləri isə daima diqqət mərkəzindədir. Rayonda yaşayan bütün məcburi köçkün ailələri qayğı ilə əhatə olunmuşdur. Bu yaxınlarda ADPU-nun 1 saylı yataqxanasının həyətində, S.Bəhlulzadə 29a məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün ailəsinin yaşadığı evin dam örtüyünün yenisi ilə əvəz olunması da bunun bariz nümunəsidir.

Rayon ərazisində görülən işlər barəsində bir qədər sonra. Hələlik isə, yaşayış məskəninin tarixinə qısa nəzər salaq:

– Binəqədi rayonu özünəməxsus tarixi, milli-mənəvi dəyərləri ilə hər zaman seçilmişdir. Rayon 1992-ci ilə kimi əhali arasında Kirov rayonu kimi tanınsa da, sonralar Binəqədi rayonu adlandırılmışdır. Burada yaşayan daimi əhalinin sayı 253 700, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxındır. Rayonun inzibati ərazisinə 6 qəsəbə – Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulu-təpə, 28 May qəsəbələri (qəsəbə inzibati ərazi dairələri), 4 mikrarayon (6,7,8 və 9 mikrarayonlar) daxildir.

Binəqədi rayonu tarixi abidələrlə zəngindir. Binəqədi kəndindən 1 km cənub-şərqdə bitum yataqlarında yerləşən IV dövr Fauna və Flora Təbiət Abidəsi bunun əyani sübutudur. 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkarlanan bu abidə Abşeron yarımadasının Pleystosen faunası hətta florası haqqında aydın təsəvvür yaradır. Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranso-Lya-Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir.

Binəqədi rayonu sənaye rayonudur. Təsadüfi deyildir ki, burada 95 sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonun “Binəqədi Oyl Company”, “Bot”MMC, “Bakı poladtökmə”, “FAB boya”, “Bilfa boya” və onlarla adlarını qeyd etmədiyimiz sənaye müəssisələrində yüzlərlə insan çalışır ki, bu da işsizlik probleminin həlli, əhalinin sosial rifahının yaxşılaşdırılması deməkdir.

Binəqədi rayonunda vüsət alan abadlıq və quruculuq işləri ötən ildən başlayaraq sürətlənmişdir. O zaman rayon rəhbərliyinə yenicə təyin edilən Xaləddin İsgəndərov ayrı-ayrı sahələrin inkişafı ilə yaxından maraqlanır, müxtəlif istiqamətli tədbirlər keçirirdi. Bu gün düşünülmüş siyasət nəticəsində həyata keçirilən işlər artıq bəhrəsini verməkdədir. Qısa müddətdə bir çox həlli çətin, vacib problemlər aradan qaldırıldı. Sevindirici haldır ki, bu gün Binəqədi rayonu da Bakının digər rayonları kimi abadlıq və quruculuq meydanını xatırladır. Hər yerdə yaşıllaşdırma, yenidənqurma, abadlıq işləri həyata keçirilir.

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə 2013-cü ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq işləri aparılmışdır. Burada ümumilikdə 6181 kv.m hörgü, 14058 kv.m suvaq, 262 67 kv.m dekorativ suvaq, 57734 kv.m boyaq işləri həyata keçirilmişdir. Küçələrdə və binaların həyətlərində 4741 kv.m tamet daşı, 4154 p/m səki daşları döşənmiş, 7-ci mikrarayon ərazisində 8400 p/m novalça və su axıdılan boru əsaslı təmir edilmişdir. Hazırda məhəllələrin abadlaşdırılması işləri davam etdirilir.

Binəqədi rayonunda əhalinin arzu və istəkləri diqqət mərkəzindədir. Onların çoxsaylı müraciətləri əsasında mövcud xeyir-şər evləri əsaslı təmir edilmiş, tikintisi yarımçıq qalmış bu tip binalarda yenidənqurma işləri aparılmışdır. Bu il rayonda 5 yeni xeyir-şər evi tikilmiş, 1 xeyir-şər evi təmir edilmiş, 6 xeyir-şər evi isə müvafiq avadanlıqlarla təmin olunmuşdur.

Ərazinin sanitar normalara uyğun qorunması və təmizliyinə daim nəzarət etmək məqsədilə ümumilikdə rayon üzrə 2207 ədəd konteyner yerləşdirilmiş və məişət tullantılarının daşınması üçün 36 ədəd texnika cəlb edilmişdir. Son 3 rübdə isə 3 ədəd yeni texnika alınmışdır.

Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində73828 kv.m (qazon) salınmış, 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 6656 ədəd müxtəlif növdə ağaclar əkilmişdir.

Yeni yaradılan küçə və meydanlarla, asfatlanmış yollarla hərəkət etdikcə insan ruhuna bir yenilik, xoş abu-hava çökür. Çoxumuz bu yollarla hər gün iş yerlərimizə tələsirik. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər isə gərgin zəhmət bahasına başa gəlir. Bu gün Binəqədi şosesində, Binəqədi-Novxanı, Binəqədi-Mehdiabad, Xocasən qəsəbəsindəki Dəyirman yolundan istifadə edənlər daha yoldakı nasazlıqlar, maneələr ucbatından əziyyət çəkmirlər. Biləcəri qəsəbəsində Asəf Zeynallı, Yəhya Hüseynov küçələri də yenidən qurulur. Yaxın vaxtlarda Ziya Bünyadov prospekti ilə hərəkət edənlər də sevinəcəklər. Çünki hazırda “Bakı şəhərinin Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması” layihəsi çərçivəsində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Xutor dairəsində, Əbdülvahab Salamzadə, Alı Mustafayev və Heydər Əliyev küçələrinin birləşməsində müxtəlif səviyyəli yol qovuşaqlarının tikintisi işləri uğurla davam etdirilir, yaxın gələcəkdə yeni salınan körpülər və yollar mövcud problemləri aradan qaldıracaqdır.

Rayonda əhalinin elektrik enerjisi, qaz və istilik təchizatı ilə bağlı problemləri də vaxtında həll olunur.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda və həmin proqrama əlavələrdə Binəqədi rayonu üzrə 103 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin böyük bir hissəsi artıq yerinə yetirilmişdir. Sulutəpə qəsəbəsində həkim məntəqəsinin, rayonda 297, 135 və 248 saylı məktəblərin 158, 153, 159, 274 və 298 saylı körpələr evi, uşaq bağçalarının, Biləcəri qəsəbəsində F.Əmirov adına 6¹li Uşaq Musiqi Məktəbinin binasının və 7-ci mikrarayon ərazisində mini futbol meydançasının təmir-tikinti işləri, 100, 244 və 246 saylı orta məktəblərdə əlavə sinif otaqlarının 86, 211, 294 saylı körpələr evi-uşaq bağçalarının tikintisi söylədiklərimizin bariz nümunəsidir. Rayonda yerləşən 151, 177 və 193 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmir işləri və 143¹li orta məktəb üçün 20 əlavə sinif otağının tikintisi yekunlaşmaq üzrədir. Biləcəri qəsəbəsində isə yerləşən mədəniyyət və istirahət parkında əsaslı təmir işləri tam başa çatmış, ölkə prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Görülən işlərlə yerində tanış olmaq məqsədilə əvvəlcə 297 nömrəli tam orta məktəbin direktoru ilə görüşdüm. Fazil Məmmədov bildirdi ki, məktəb Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunmasına baxmayaraq, tikinti işləri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən nəzarətdə saxlanılmışdır. “Məktəbin əsas binası 1964-cü ildə tikilmiş və istismar müddəti bitdiyi üçün yararsız vəziyyətdə idi. Məhz elə buna görə də bu ilin may ayından əsaslı təmir işlərinə başlanıldı. Qısa müddət ərzində təhsil ocağı sentyabr ayında şagirdlərin istifadəsinə verildi. Tədris ili boyunca məktəbdə yaranan hər hansı bir problem vaxtında öz həllini tapır. Misal üçün bu gün kanalizasiya xəttində problemimiz vardı. Bununla bağlı icranın müvafiq şöbəsinə məlumat verdik. Problem qısa müddətdə aradan qaldırıldı. Sevindirici haldır ki, rayon ərazisində olan bütün qurumlar məktəbə qayğı ilə yanaşırlar. 1750-ə yaxın şagirdin təhsil aldığı məktəbimizdə akt və idman zalları, müasir tipli kitabxana, kompyuter otaqları, internet şəbəkəsi, fizika, kimya, biologiya laboratoriya otaqları vardır. Təhsil ocağı istilik sistemi ilə qızdırılır. Bundan başqa İcra Hakimiyyəti ilə məktəb sıx əməkdaşlıq edir. Rayonda müxtəlif istiqamətli tədbirlər şagirdlərin potensial imkanlarının üzə çıxmasına xidmət edir.

Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin direktoru Sadəgül Həsənova da İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun təhsilə diqqət və qayğısından söz açdı. O bildirdi ki, icra hakimiyyətinin nümayəndələri mütəmadi olaraq məktəbin problemləri ilə maraqlanırlar. “70-ci illərdə istifadəyə verilmiş məktəb binası bərbad vəziyyətdə idi. Bu gün isə 500 nəfərdən çox şagirdi olan təhsil ocağında şagirdlərimiz müasir sinif otaqlarında təhsil alırlar. Biz Xalləddin müəllimin qayğısını hər zaman hiss edirik. Məktəbimizə qaz xətti çəkilirdi. Problemin həlli ilə Xaləddin müəllim özü maraqlanır, ortaya çıxan çətinliklər vaxtında aradan qaldırılırdı. Bundan başqa rayonda istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə turnirlər, stpartakidalar keçirilir.

Şagirdlərimiz həmin yarışlarda, tədbirlərdə yaxından iştirak edirlər. Oktyabr ayında “Müəllim günü” münasibətilə Rayon İcra Hakimiyyətində böyük tədbir keçirildi. Həmin tədbirdə prezidentin sərəncamı ilə ad alan müəllimlər, ilin müəllimləri, ən yaxşı ümumtəhsil məktəblərinin direktorları qiymətli hədiyələrlə rəğbətləndirildilər. O tədbirdə mən də Cənab prezident İlham Əliyevin sərəncamı ilə ad alan ziyalılar arasında idim. “Tərəqqi” medalına layiq görülmüşdüm.

Xaləddin İsgəndərov bütün müəllimləri şəxsən təbrik etdi, uğurlar arzuladı. Əlbəttə ki, hər bir insanın əməyi layiqincə qiymətləndirildikdə o sevinir, bir azda həvəslə işləyir. Rayonumuzda təhsil işçiləri daimi qayğı ilə əhatə olunmuşdur”.

177 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Pəri Rəhimova da uşaqlar üçün yaradılmış şəraitə görə Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalova və Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi. “Bağçamızda körpələrin sağlam böyüməsi üçün hər cür şərait yaradılmışdır. Su xəttimiz, istilik sistemimiz, təchizatımız, metodiki vəsaitlərimiz … Bizə daha nə lazımdır? Sevinirik ki, belə gözəl şəraitimiz var. Uşaqlarımız müasir avadanlıqlarla təchiz olunmuş bağçada tərbiyə alacaqlar. Bizim üçün bundan gözəl nə ola bilər? İcra Hakimiyyətindən həmişə diqqət və qayğı görürük. Onlar problemlərimizin həllində həmişə bizimlədirlər. Bağçada 12 qrup fəaliyyət göstərir, yaxında isə bir qrup da yaradılacaqdır”.

Binəqədi rayonunda görülən işlər bununla yekunlaşmır. Rayonun bütün sahələrində inkişaf göz qarşısındadır. Son olaraq biz də Azərbaycanımızın inikşafına tövhələr verən bu rayonda çalışanlara uğurlar, nailiyyətlər arzulayırıq.

Qeyd: Yazı “Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanmışdır.

Dilşad Xaqaniqızı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın